16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Deputat Ərdoğan-Putin görüşündən Zəngəzur dəhlizi ilə bağlı müsbət nəticələr gözləyir
Tarix: 29-09-2021 16:27 | Bölmə: Siyasət
Deputat Ərdoğan-Putin görüşündən Zəngəzur dəhlizi ilə bağlı müsbət nəticələr gözləyir

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun müddət sonra, ilk dəfə az heyətlə Rusiyaya səfəri və prezident Vladimir Putinlə görüşü böyük maraq kəsb edir".

Bunu Reyting.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, bunun da əsas səbəbi Putinin təcrid olunmuş şəkildə öz fəaliyyətini davam etdirməsidir:

"Paralel olaraq görüşlər zamanı hansısa nümayəndə heyətinin görüşü planlaşdırılmır. Böyük ehtimalla bu görüşdən sonra mətbuat konfransı da olmaya bilər. Mətbuat konfransı Ərdoğan Türkiyəyə qayıtdıqdan sonra mümkündür”.

Deputat bildirib ki, bu görüşdə Suriya, terrorçular, daha sonra “S-400”-lər, həmçinin Qarabağ və Əfqanıstan məsələsi də ətraflı müzakirə olunacaq: “Bizim üçün çox maraqlı olan Qarabağ məsələsidir. Ərdoğan bir neçə gün əvvəl məhz İğdırdan Naxçıvan və Azərbaycana yolun işə düşməsi məsələsini səsləndirib. Bu da ancaq Zəngəzur dəhlizinin işə düşməsi halında mümkün ola bilər. Buna görə də səbirsizliklə gözləyirik ki, görüş sonrası Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər daha da sürətləndirilsin".

N. Həmzəyev qeyd edib ki, son günlərdə Ermənistan tərəfində də müəyyən yumşalmalar, sülh danışıqları ilə bağlı hazırlıqlara meyillənmə hiss olunur:

"İstənilən halda bu görüş həm Türkiyə, Rusiya üçün, həmçinin region üçün faydalı olacaq. Rusiya-Türkiyə iqtisadi münasibətlərinin də inkişafı, dövriyyənin artırılması ilə əlaqədar müəyyən razılıqlara gəlinməsi ehtimal olunur. Biz əminliklə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində qeyd-şərtsiz bütün məsələlərdə Türkiyə Azərbaycanın yanında olduğunu dəfələrlə söylədi. Bunu söyləməklə kifayətlənmədi, real fəaliyyətlə də sübut etdi. Bu görüşdə də Türkiyənin Azərbaycanın marağına zidd hansısa qərara razılıq vermə ehtimalı yoxdur. Əksinə, Ərdoğan Azərbaycanın haqlı mövqeyini tam olaraq dəstəkləyəcək. Nəticə etibarilə Azərbaycanın istəyinə uyğun, Qarabağ və Şərqi Zəngəzurda kommunikasiya xətlərinin açılması, xüsusilə Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı müsbət nəticələrin əldə olunacağını güman edirik".

Reyting.az




Bölməyə aid digər xəbərlər