Bin Əlini devirən məşhur repçi peşman olub - Foto
Tarix: 21-07-2023 13:11 | Bölmə: Xəbərlər / Dünya
Bin Əlini devirən məşhur repçi peşman olub

Tunisdə küçə ticarəti ilə məşğul olan Məhəmməd Buazizi, 2010-cu ilin son günlərində polis tərəfindən əmlakı ələ keçirilib təhqir edildikdən sonra özünü yandıraraq intihar etdi.

Bundan sonra Sidi Bouziddə başlayan etirazlar tezliklə bütün ölkəyə yayıldı. Nəticədə dövlət başçısı Zeynel Abidin Bin Əli hakimiyyətdən getməyə və Tunisi tərk etməyə məcbur oldu.

Amma Tunisdə baş verənlər Tunislə yekunlaşmadı, Yaxın Şərqə və Şimali Afrikaya da yayıldı .

Reyting.az xatırladır ki, Tunisdə baş verən “Yasəmən İnqilabı” domino effekti ilə Yaxın Şərq və Şimali Afrikaya yayıldı. Bu hadisələr Hüsnü Mübarəki Misirdə hakimiyyətdən getməyə məcbur etdi, Liviyada Qəddafinin ölümünə səbəb oldu və ölkə vəndaş müharibəsinə sürükləndi. Eləcə də Suriyada başlayan etirazlar qısa zamanda vətəndaş müharibəsinə çevrildi və bir çox həll olunmamış problemlərin başlanğıcına çevrildi.

“Ərəb baharı” öz təsirini təkcə siyasi sahədə deyil, demək olar ki, hər bir sahədə hiss etdirdi. Bu sahələrdən biri heç şübhəsiz, musiqi idi. Əvvəlcə Tunisdə, sonra isə etirazların keçirildiyi ölkələrdə məşhurlaşan “El General” ləqəbli Hamada Ben Amorun mahnıları bundan sonra dillər əzbəri oldu.

2007-ci ildə rep musiqisi ilə məşğul olmağa başlayan Amor Tunisdə davam edən təzyiq və senzura səbəbindən uzun müddət müğənni ola bilməyib. Bununla belə, “Ərəb baharı” başlayan kimi Amor Bin Əlini çox sərt tənqid edib və minlərlə insanın istəyini mahnıları ilə dilə gətirib.

Hər gün daha çox məşhurlaşan “El General”in əsl kimliyini yalnız bir neçə nəfər bilib. Lakin çox keçməyib ki, onun şəxsiyyəti məlum olub və polis tərəfindən həbs edilib.



Hamada Ben Amorun Aralıq dənizi sahilində yerləşən Sfaksdakı evinə 2011-ci ilin ilk günlərində 30 polis basqın edib. Saxlanılan gənc musiqiçinin ailəsinə Amorun hara aparıldığı belə bildirilməyib. Amor yaşadıqlarını bu sözlərlə izah edib:

“Sonumun yaxınlaşdığını düşünürdüm. Məni Daxili İşlər Nazirliyinə məxsus binaya aparırdılar və bu binadan sağ qalacağımı düşünmürdüm. Məni daim təhqir edirdilər. Hansı partiyadan olduğumu soruşur, arxamda kimin durması ilə maraqlanırdılar”.

Lakin Tunisdə dəyişiklik gedirdi. Etirazçılar tərəfindən tanınan və mahnıları “inqilab himni”nə çevrilən Amorun həbsi hadisələri daha da qızışdırıb. Amma Ben Amor həbs olunduqdan üç gün sonra sərbəst buraxılıb və heç bir siyasi mahnı oxumamaq üçün sənəd imzalamağa məcbur edilib.

Təqvimlər 2011-ci ilin yanvarını göstərəndə 4 həftə davam edən etirazlar Bin Əlinin ölkəni tərk etməsi ilə nəticələndi. Tunisdə başlayan etirazlar Misir və Liviyaya təsir etdi, Misirin paytaxtının məşhur Təhrir meydanında Ben Amorun mahnılarının müşayiəti altında kütləvi etiraz aksiyaları keçirilirdi. Amorun mahnılarının təsiri onu dünyaca məşhur “Time” jurnalının üz qabığına çevirəcək qədər böyük oldu.

Amor xüsusilə “inqilabın himni” kimi tanınan “Rais Lebled” mahnısı ilə etirazların simvollarından birinə çevrilib və beynəlxalq aləmdə tanınıb.

Amma müğənninin “Ərəb baharı” ilə bağlı fikirləri indi belədir:

“Deyəsən, qorxu və təzyiq günlərinə qayıdırıq. Həmişəkindən daha artıq nəzarət altındayıq. Sanki 2010-cu ildə yaşayırıq. Ölkəmizin təhlükədə olduğunu hiss edən çoxlarından biriyəm. İşlərin bu cür inkişaf edəcəyini düşünmədiyimiz üçün şokda olduğumuzu söyləmək olar”.

Ailə quran və yeni həyata başlayan Ben Amor Sfax şəhərində yaşayır və Tunis hökumətini tənqid edən mahnılar yazmaq məcburiyyətində qaldığını deyir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər