Özünü polis kimi təqdim edib 5 nəfəri soydu
Tarix: 30-10-2018 13:21 | Bölmə: Cəmiyyət
Özünü polis kimi təqdim edib 5 nəfəri soydu

Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək soyğunçuluqla məşğul olan şəxs saxlanılıb.

Reyting.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxt sakini Ülvi Abdullazadə Xətai rayon Polis İdarəsinə müraciət edərək “Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və soyğunçuluq yolu ilə 100 manat pulunu aldığını bildirib.

Məlumat daxil olan kimi keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Şaban Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək bu cinayəti törədib. Ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə Şaban Məmmədovun daha 4 nəfərə qarşı eyni üsulla soyğunçuluq etdiyi məlum olub.

Bu faktlarla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Gördüyünüz bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər