ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
Tarix: 30-01-2026 13:06 | Bölmə: Xəbərlər

ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir

İran ətrafında artan gərginlik fonunda Amerika hava tankerləri və elektron müharibə təyyarələri Fars körfəzi bölgəsinə doğru irəliləyir.

Reyting.az-ın məlumatına görə, son 12 saat ərzində Atlantik üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin intensiv hərəkəti qeydə alınıb ki, bu da Yaxın Şərqdə genişmiqyaslı əməliyyata hazırlıqların aparıldığını göstərir.

“Bu, ABŞ-nın Şərq sahillərindən sinxron şəkildə transatlantik uçuş həyata keçirən bir qrup “KC-46A Pegasus” hava tankerinə aiddir”,- Hərbi analitik O. Alexander bu barədə “X”-də yazıb.

İctimai hava monitorinq məlumatlarına görə, təyyarələr döyüş təyyarələrini müşayiət etmək üçün tipik manevrlər edir. Müşahidəçilər tankerlərin altı “EA-18G Growler” elektron müharibə təyyarəsinin uçuşunu dəstəklədiyini təxmin edirlər.

Məlumata görə, qısa fasilədən sonra hava qrupu İspaniyaya yola düşüb. Növbəti dayanacaq, çox güman ki, Fars körfəzi bölgəsində hərbi əməliyyatlar üçün ABŞ-nın əsas mərkəzi hesab edilən Qətər olacaq.

Qeyd edək ki, “EA-18G Growler” təyyarələri düşmənin hava hücumundan müdafiə sistemlərini və elektron müharibəni yatırmaq üzrə ixtisaslaşıb. Bu da onları zərbə və hücum əməliyyatlarının vacib elementinə çevirir.

Marşrutların, iştirak edən təyyarələrin növü və yerləşdirilmə tempi İrana qarşı aktiv hərəkətə keçmək üçün siyasi qərarın olduğunu göstərə bilər, baxmayaraq ki, Vaşinqtondan hələlik rəsmi açıqlamalar verilməyib.

Xatırladaq ki, bu yaxınlarda ABŞ prezidenti Donald Tramp daha bir qrup Amerika hərbi gəmisinin İrana doğru getdiyini və diplomatik həll yoluna ümid etdiyini bildirmişdi.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 12:45 Arpaçay su anbarı donub