Mars üçün paraşüt hazırlayıblar - Foto
Tarix: 28-07-2025 17:34 | Bölmə: Cəmiyyət
Mars üçün paraşüt hazırlayıblar

Marsda gələcək kosmik uçuşlar zamanı planetə enmə məqsədilə astronavtların istifadə edə biləcəyi ən böyük paraşüt sınaqdan keçirilib.

Reyting.az
-ın məlumatına görə, "Thales Alenia Space" şirkətinin əməkdaşları Avropa Kosmik Agentliyinin mütəxəssisləri ilə birlikdə "ExoMars"-ın enmə aparatı maketinin Qütb dairəsinin kənarında yerləşən bir ərazidə sınaqdan keçiriblər.

Bildirilir ki, maket, təxminən 30 kilometr yüksəklikdə stratosferdə yerləşən helium şarı vasitəsi ilə qaldırılıb, həm də iki böyük paraşütün açılmasından sonra uğurla enib.

Bu yeni paraşüt sistemi Qırmızı planetin səthinə "Rozalind Franklin" Mars gəmisini endirmək üçün hazırlanır. Yeni sistem iki paraşütdən ibarətdir: 15 metr diametrə malik möhkəm əsas paraşüt və səsdən sürətli hərəkət zamanı əyləcləmə üçün, həmçinin 35 metr diametrə malik yüngül paraşüt, son, həlledici mərhələdə enişi yavaşlatmaq üçün.



ESA əməkdaşlarının bildirdiyinə görə, ikinci paraşüt Marsda və yaxud Günəş sistemində, Yer istisna olmaqla, indiyədək istifadə edilmiş ən böyük paraşütdür. Bu paraşütün hazırlanması üçün 800 kvadratmetrdən çox parça, eləcə də dörd kilometrdən artıq ip lazım olub. Onun konteynerə yığılması təxminən üç gün vaxt aparır.

Daha sonra yeni enmə aparatının maketi təxminən 20 saniyə ərzində tamamilə sərbəst şəkildə düşüb və demək olar ki, səs sürətinə çatıb, məhz bundan sonra paraşütlər ardıcıl şəkildə açılıb. Bu sınaq zamanı əldə olunan sürət və atmosferin aşağı sıxlığı Marsdakı şəraitə tamamilə uyğun olub.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
23-07-2025, 15:11 Hərbçimiz vəfat edib