Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - (Yenilənib) - Fotolar
Tarix: 07-12-2024 18:05 | Bölmə: Gündəm


Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı öz işinə başlayıb.

Reyting.az 
xəbər verir ki, tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edir.

Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.

Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa da keçiriləcək.

Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.

“Parlamentarizm: ənənələr və perspektivlər” beynəlxalq konfransı dekabrın 8-də yekunlaşacaq.

***

Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib.

Reyting.az xəbər verir ki, konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova dost və qardaş ölkələrin parlamentlərinin təmsilçilərini salamlayaraq bildirib ki, konfransın mövzusu olduqca aktualdır. O, qeyd edib ki, ölkələrimizin siyasi həyatında parlamentlərin oynadığı rol danılmazdır. Belə ki, onlar qanunvericilik hakimiyyəti funksiyasını yerinə yetirməklə, dövlətin idarə olunmasında fəal iştirak edirlər.

Spiker parlamentlərin rolunun daha da gücləndirilməsi, əməkdaşlığın və birgə fəaliyyətin daha da genişləndirilməsi məsələlərinə həsr olunmuş bu konfrans çərçivəsində aparılacaq müzakirələrin faydalı olacağına inamını ifadə edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, parlamentlərimizin bugünkü fəaliyyətinə ölkələrimizdə uzun illər ərzində formalaşmış parlamentarizm ənənələrinin və təcrübələrinin təsiri olduqca böyükdür. Azərbaycanda mövcud olan parlamentarizm ənənələrindən danışan Sahibə Qafarova 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətini xüsusi qeyd edib.

O, vurğulayıb ki, konfransın məhz bu gün keçirilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan parlamentinin ilk iclası 106 il öncə, məhz dekabrın 7-də keçirilib.

Spiker bildirib ki, bütün Müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan Parlamenti öz fəaliyyəti dövründə milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə hüquqi bazasının yaradılması istiqamətində mühüm addımlar atmışdı.

Həmin parlament cəmi on yeddi ay fəaliyyət göstərsə də, 11 müxtəlif partiyanın təmsil olunduğu, 99 üzvü olan parlament həmin dövr ərzində 145 iclas keçirib, 270-dən artıq qanun layihəsini müzakirəyə çıxarıb, 230-a yaxın qanun qəbul edib. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə parlament də öz fəaliyyətini dayandırmışdı.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycanda Sovet hakimiyyəti illərində parlament məhdud səlahiyyətlərə malik idi. Bununla belə, formal xarakter daşımasına baxmayaraq, parlamentin həmin dövrdəki fəaliyyəti parlamentarizm ənənələrinin qorunub saxlanması baxımından faydalı olub.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsinin parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldığını deyən spiker Sahibə Qafarova qeyd edib ki, həmin dövrün ilk illəri olduqca mürəkkəb şəraitdə keçirdi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq fəaliyyətinin genişlənməsi, siyasi, iqtisadi və sosial çöküş, hakimiyyətdaxili çəkişmələr səbəbindən ölkənin parçalanmaq həddinə çatması parlamentin işində də özünü açıq büruzə verirdi.

Məhz belə bir məqamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı nəinki dövlət müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün həlledici məqam oldu, həm də mahiyyət etibarilə yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət kəsb etdi.

Heydər Əliyevin böyük siyasətə qayıdışı məhz parlamentdə başladı. Ulu Öndər parlamentə rəhbərlik etdiyi dörd aya yaxın müddət ərzində Azərbaycan parlamentarizmi tarixinin keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu.

Onun həm bu müddətdə, həm də sonradan prezidentlik dövründə qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər müstəqil dövlətimizin hüquqi bazasının yaradılıb inkişaf etdirilməsində, parlamentin real hakimiyyət orqanına çevrilməsində əvəzsiz rol oynadı.

Milli Məclisin sədri bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu olduğu kimi, müasir parlamentimizin də banisidir. Və bu parlament öz fəaliyyətində ötən dövrlərdə formalaşmış ənənələrə əsaslanır, müstəqillik və dövlətçilik amallarını təcəssüm etdirir.

Bu gün Milli Məclis Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.

Spiker diqqətə çatdırıb ki, ölkələrimizin və xalqlarımızın mənafelərinin təmin olunması işi parlamentlərin rolunun, onların qanunvericilik və təmsilçilik funksiyalarının daha da gücləndirilməsini labüd edir. Bu çərçivədə parlamentlər arasında ortaq maraqlara əsaslanan əməkdaşlıq məsələləri keyfiyyətcə yeni xarakter alır. Bu mənada, son dövrlərin mühüm təzahürlərindən biri olan parlament diplomatiyası xüsusilə diqqəti cəlb edir.

Həqiqətən də, parlamentarizmin hazırkı inkişaf mərhələsinin əsas məqamlarından biri də budur ki, ölkədaxili siyasi sistemin əsas sütunlarından olan parlamentlərin fəaliyyəti artıq milli sərhədlərlə kifayətlənmir. Bu fəaliyyət həm də regional və qlobal müstəviyə çıxır.

Spiker bildirib ki, müəyyən etdiyimiz hədəflərə çatmaq üçün parlament diplomatiyası ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlıqlar, səmərəli dialoq, ən yaxşı təcrübələrin paylaşılması, üzləşdiyimiz çağırışlar qarşısında səylərin birləşdirilməsi kimi böyük imkanlara malikdir. Bütün bunlar parlament diplomatiyasının mühüm cəhətləridir.

Lakin təəssüf ki, bu gün bir sıra ölkələrdə parlamentlər hansısa siyasi maraqlardan asılı vəziyyətə düşərək, təzyiq, şantaj, böhtan və ikili standartlar alətinə çevrilirlər.

Milli Məclisin sədri qeyd edib ki, sabah konfrans iştirakçıları Azərbaycanın Qarabağ bölgəsini - Füzuli, Şuşa, Xankəndi və Xocalı şəhərlərini ziyarət edəcəklər. Səfər çərçivəsində qonaqlar Azərbaycan torpaqlarının 30 illik işğalının ağır nəticələrinin, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşiliklərin, yerlə yeksan edilmiş şəhər və kəndlərin, dağıdılmış tarixi, mədəni və dini abidələrin canlı şahidi olacaqlar.

Lakin qonaqlar eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi və böyük səyləri ilə həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.

Spiker qeyd edib ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında anti-terror tədbirləri 30 illik işğala və haqsızlığa son qoydu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Eyni zamanda, məhz ölkəmizin təşəbbüsü ilə Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin yaradılması imkanlarına da yol açıldı.

Bütün bu proseslər fonunda isə bir sıra Qərb ölkələri və onların parlamentləri, AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı yalan ittihamlar üzərində qurulmuş böhtan və dezinformasiya kampaniyaları aparır, ölkəmizin daxili işlərinə müdaxilə edirlər.

Bunun yeganə səbəbi isə Azərbaycanın kimlərinsə diktəsini rədd edərək, öz torpaqlarını işğaldan azad etməsi və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsidir.

Bu tip təxribatlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmiş 29-cu sessiyası dövründə özünü aşkar şəkildə büruzə verdi.

Azərbaycanın iqlim dəyişmələri kimi qlobal problemlə mübarizədə bütün dünyanın səylərini birləşdirməyə çalışdığı bir dövrdə, öz dar siyasi maraqlarını güdən dairələr bu qlobal tədbiri boykot çağırışı edir, ölkəmizə qarşı absurd iddialar səsləndirirdilər.

Lakin onların bu təxribatları nəticəsiz qaldı. COP29 ən yüksək səviyyədə keçirildi və əhəmiyyətli nəticələrin əldə olunması ilə başa çatdı. COP29 çərçivəsində Parlament Toplantısı təşkil etməklə bizlər də bu mühüm prosesə öz töhfəmizi verdik.

Milli Məclisin sədri çıxışının sonunda diqqətə çatdırıb ki, təəssüf ki, əsassız təzyiqlər, ikili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrimizin tez-tez qarşılaşdığı neqativ hallardır. Bu isə öz növbəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin vacibliyini bir daha ön plana çıxarır. Biz parlament diplomatiyasının bütün mövcud imkanlarından faydalanmaqla, konstruktiv dialoq və əməkdaşlığı rəhbər tutmaqla qarşıya qoyduğumuz hədəflərə nail ola bilərik.

Sonra konfransda Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay çıxış edərək, Azərbaycan Parlamentinin 106-cı ildönümü münasibətilə öz təbriklərini və xoş arzularını çatdırıb, bu tədbirdə iştirakından məmnun olduğunu söyləyib. O, Azərbaycan parlamentinin öz fəaliyyətini demokratik prinsiplər əsasında qurduğunu qeyd edib. Eyni dilə, dinə, mədəniyyətə mənsub Türkiyə ilə Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin olduğunu, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib. Türkiyənin hər zaman, o cümlədən 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəklədiyini, ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə dair imzalanmış Şuşa Bəyannaməsinin vacibliyini vurğulayıb. Fuat Oktay dövlətlərarası münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verən Türkiyə Böyük Millət Məclisi ilə Azərbaycan Milli Məclisi arasında əlaqələrin genişləndirildiyini, deputatlarımızın həm ikitərəfli qaydada, həm də beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlıq etdiyini bildirib. O, dövlətlərimiz, parlamentlərimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daim mövcud olacağına əminliyini söyləyib.

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım öz çıxışında Azərbaycan parlamentinin tarixi günü ilə bağlı xoş arzularını söyləyib, Müsəlman Şərqinin ilk demokratik respublikasının parlamentinin mühüm işlər gördüyünü deyib. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edərək, ölkəmizin Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini məmnunluqla vurğulayıb. Şamil Ayrım Azərbaycanın regionda və dünyada rolunun artdığını vurğulayaraq, ölkəmizin bir çox beynəlxalq tədbirlərə uğurla evsahibliyi etdiyini, o cümlədən bu yaxınlarda yüksək səviyyədə təşkil olunmuş COP29 Konfransının qlobal iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfələr verdiyini qeyd edib.

TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Qərbi Azərbaycana qayıdış məsələsinə toxunaraq bildirib ki, vaxtilə öz yurdlarından didərgin düşmüş azərbaycanlılar beynəlxalq hüquq normalarına uyğun olaraq öz evlərinə qayıtmalıdırlar.

Parlamentlərimiz arasında münasibətlərin gücləndiyini deyən Şamil Ayrım Azərbaycan parlamentarizminin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. O, parlament dostluq qrupları çərçivəsində əlaqələrin təqdirəlayiq olduğunu deyib, parlament komitələri arasında qanunvericilik sahəsində təcrübə mübadiləsi baxımından əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib.

Tədbirdə Milli Məclisin Türkiyə ilə parlamentlərarası işçi qrupunun rəhbəri, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İntizam komissiyasının sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, deputatlar Fəzail İbrahimli, Tənzilə Rüstəmxanlı, Əziz Ələkbərov çıxış ediblər.

Millət vəkilləri bildiriblər ki, Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin Azərbaycanda elan edilməsi ilə, həm də Azərbaycan tarixində parlamentarizmin əsası qoyuldu. Həmin vaxt formalaşmış parlamentdə qəbul edilmiş qanun və qararlar dövlət quruculuğu, siyasət, iqtisadi inkişaf, mədəniyyət və həyatın digər sahələrin əhatə edib. Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara səsvermə hüququ verilib. Bu baxımdan Azərbaycan parlamentinin öz yeri, rolu və ənənələri vardır.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin Milli Məclisə rəhbərliyi dövründə onun ölkəmizdə parlamentarizm ənənələrinin formalaşmasında və parlament mədəniyyətinin təkmilləşdirilməsində misilsiz xidmətləri olub. Azərbaycanın dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunub saxlanılması, onun dayanıqlı inkişafının təmin edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi sahəsində qanunların hazırlanıb və qəbul edilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası hüquqi, demokratik dünyəvi dövlət quruculuğunun əsaslarının müəyyən etdi, yeni siyasi sisteminin yaranmasına yol açdı, habelə hakimiyyət bölgüsü təmin olundu, dövlət hakimiyyəti sistemində parlamentin yeri və rolu müəyyən edildi. Parlamentin müasir standartlara uyğun fəaliyyət mexanizmi yaradıldı.

Deputatlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində təqdirəlayiq uğurların əldə edildiyini, sabitliyə, tərəqqiyə nail olunduğunu, ölkəmizin beynəlxalq miqyasda söz sahibi olduğunu vurğulayıblar. Ölkə rəhbərliyinin daim Milli Məclisə böyük qayğı və diqqətlə yanaşdığını söyləyiblər. Bildirilib ki, ölkə başçısının təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları Azərbaycanın siyasi sisteminin, iqtisadiyyatının daha da möhkəmlənməsini, vətəndaşlarının sosial müdafiəsinin və rifahının yüksəlməsini təmin edir.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan parlamenti ümummilli məqsədlərin həyata keçirilməsində dövlət başçısını dəstəkləmək üçün bütün imkanlarını səfərbər edib.

Deputatlar bu gün parlament diplomatiyasının müvəffəqiyyətlə inkişaf etdiyini, bir çox ölkələrin parlamentləri ilə qarşılıqlı əlaqələrin qurulduğu bildiriblər. Milli Məclisin sədri Sahibə Qafarovanın uğurlu fəaliyyəti sayəsində Azərbaycan parlamentinin beynəlxalq əlaqələrinin daha da genişləndiyini qeyd ediblər. Milli Məclisin digər ölkələrin parlamentləri ilə beynəlxalq təşkilatlar, o cümlədən TÜRKPA çərçivəsində möhkəm əməkdaşlıq əlaqələrindən söhbət açıblar.

Beynəlxalq Konfransda Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali, Özbəkistan Respublikası Ali Məclisi Senatının Gənclər, mədəniyyət və idman komitəsinin sədri Orzigül Kozixonova, Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin Sosial məsələlər, səhiyyə, elm, təhsil, mədəniyyət, gənclər və qadın siyasəti komitəsinin sədri Məhmədşoh Gülzoda, Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyası Qrupunun sədr müavini Murat Emir, İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi, Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının Qanunvericilik və dövlət quruculuğu məsələləri üzrə daimi komitəsinin sədr müavini Aleksey Vasilyev, Gürcüstan Parlamentinin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədr müavini Savalan Mirzəyev, Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyası Qrupunun sədr müavini Filiz Kılıç, Malayziya Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr və ticarət komitəsinin sədri Vonq Çen, Türkiyə Böyük Millət Məclisinin Ədliyyə komissiyasının sədri Cüneyt Yüksel, Qırğız Respublikası Joqorku Keneşinin Azərbaycan Respublikası ilə əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Səidbek Zulpuyev, Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sözçüsü Zeynep Yıldız, Türkiyə Böyük Millət Məclisinin üzvü Süreyya Öneş Derici, Pakistan İslam Respublikası Milli Assambleyasının üzvü Sərdar Əmmar Əhməd Xan Leqhari, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxış edərək öz fikirlərini bölüşüblər.

Qonaqlar Azərbaycan parlamentinin fəaliyyətini, parlamentlərarası əlaqələrin inkişafına verdiyi töhfəni yüksək dəyərləndiriblər. Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu olduğunu vurğulayıblar. Qeyd edilib ki, Milli Məclis Azərbaycanın inkişaf edərək regionda lider ölkəyə çevrilməsinə mühüm töhfələr verir.

Xarici ölkələrin parlamentariləri ölkəmizin qurduğu dostluq əlaqələrindən, Azərbaycanda hökm sürən tolerantlıqdan, demokratik inkişafdan məmnunluqlarını ifadə ediblər. Ölkəmizin beynəlxalq məsələlərlə bağlı uğurlu siyasət yürütdüyünü söyləyiblər. Onlar təmsil etdikləri ölkələrin Azərbaycanla hərtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyiblər.

Bildirilib ki, Azərbaycan beynəlxalq səviyyədə təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verir. Ölkəmiz tərəfindən mədəniyyətlərarası, dinlərarası dialoqun təbliği sahəsində mühüm addımlar atılıb. Qeyd edilib ki, bu gün Azərbaycanda multikulturalizm ənənələri formalaşıb. Bakıda keçirilən bir çox mühüm əhəmiyyətli beynəlxalq tədbirlər beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Tədbirə yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında iştirak etdiklərinə və məzmunlu çıxışlarına görə qonaqlara bir daha təşəkkürünü bildirib.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər