12:32 / 13-10-2025
Rəhmon varisini təqdim edib
Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü olub
Tarix: 13-10-2025 17:47 | Bölmə: Gündəm
Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü olub

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü olub.

Reyting.az
xəbər verir ki, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq çıxışında parlament platformasının ölkələr və xalqlar arasındakı əlaqələrin daha da dərinləşməsi baxımından mühüm istiqamət olduğunu vurğulayıb.

O, Azərbaycan, Pakistan və Türkiyənin dost və qardaş ölkələr olduğunu qeyd edərək taleyüklü məsələlərdə üç qardaş dövlətin daim bir yerdə olduğunu bildirib. Sərdar Ayaz Sadiq Kəşmir məsələsinə münasibətdə Azərbaycan və Türkiyənin göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü ifadə edib və Pakistan xalqının bu dost münasibəti heç vaxt unutmayacağını vurğulayıb.

Xalqların və dövlətlərin beynəlxalq münasibətlər sistemində bəzən haqsızlıq və ədalətsizliklə üzləşdiyini deyən Sərdar Ayaz Sadiq qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin, eləcə də xalqların firavanlığının təmin olunması üçün bu hallara son qoyulmalıdır. O, hər üç ölkənin parlamentarilərinin bir çox sahələrdə, o cümlədən beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında parlamentlərin əməkdaşlığının ortaq tarixi, mədəni, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrin və xalqların qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslandığını söyləyib. O vurğulayıb ki, Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini dəstəkləyiblər.

Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyinin də birmənalı olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan bu münaqişənin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxışında beynəlxalq hüquqda mövcud olan problemlərin, xüsusilə ikili standartların müşahidə olunduğu bugünkü şəraitdə üç qardaş ölkə arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

O söyləyib ki, Türkiyə, Azərbaycan və Pakistan parlamentləri ilə üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə böyük önəm verir. Qlobal problemlərə qarşı ortaq həll yollarının müəyyənləşdirilməsində parlamentlərin rolu olduqca vacibdir.

N.Kurtulmuş həmçinin terror təhdidlərinə qarşı mübarizənin əhəmiyyətinə toxunaraq deyib ki, Türkiyə dövlətlərin suverenliyini və müstəqilliyini hədəf alan terrora qarşı mübarizəyə böyük önəm verir.

Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani isə çıxışında parlamentlərin üçüncü görüşünün əhəmiyyətini vurğulayaraq müasir geosiyasi şərait fonunda qardaş ölkələr arasında əməkdaşlığın vacibliyini, eləcə də parlamentlərarası əlaqələrin gücləndirilməsinin önəmini qeyd edib.




Bölməyə aid digər xəbərlər