Tarix: 09-02-2016 18:06 | Bölmə: Gündəm
DİN-in Baş Cinayət Axtarış Idarəsinin sabiq baş əməliyyat müvəkkili, qanqster kimi tanınan Hacı Məmmədovun Ali Məhkəməyə müraciəti icraata götürülüb. H.Məmmədov "yeni açılmış hal” üzrə məhkəməyə müraciət edib. Onun müraciəti hakimin icraatına verilib və hazırda öyrənilir.
Ərizə hakim tərəfindən öyrənildikdən sonra müraciətin məhkəmənin plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy yazalıcaq. Məlumatlarda bu rəyin müsbət olacağı ehtimal edilir. Əgər müsbət rəy yazılarsa, ömürlük həbs cəzası almış Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, "Hacı Məmmədov işi”nə görə ömürlük həbsdə yatan general-mayor Zakir Nəsirov bəraət ala bilər.
Indi hamı səbrsizliklə Hacı Məmmədoun növbəti məhkəmə prosesini gözləyir və onun yenidən ölkəni yerindən oynadan açıqlamalarla çıxış edəcəyi proqnozlaşdırılır.
Etiraf edək ki, Hacı Məmmədov sirr dağarcığı hesab olunur və bu üzdən də "Qara kəmər” əməliyyatından keçən 11 il ərzində MTN-nin keçmiş rəhbərliyi onu mümkün qədər qapalı şəraitdə saxlamağa nail olub.
Digər tərəfdən, istənilən məmura qarşı istifadə edilməsi mümkün olan çoxdəfəlik istifadə vasitəsi hesab olunduğundan Hacı Məmmədov bu gün də aktuallığını qoruyub saxlayır. Əksinə, növbəti məhkəmə "şou”larında onun iki dodağının arasından çıxacaq sözlər kimlərisə azadlığa qovuşdura, kimlərisə zindana sala bildiyindən qanqster daha da matah persona statusundadır…
Reyting.az-ın məlumatına görə, moderator.az-a adının çəkilməsini istəməyən mötəbər mənbədən məlumat daxil olub ki, hələ rəsmən sonadək ifşa olunması ertələnən keçmiş MTN rəhbəri Eldar Mahmudovla Hacı Məmmədovu özəl tellər bağlayırmış. Bu münasibətlərin təməli "Qara kəmər” əməliyyatından başlayıb və əməliyyat zamanı qandallanan Hacı Məmmədov birbaşa MTN təcridxanasına deyil, əvvəlcə Eldar Mahmudovun kabinetinə gətirilib və orada onunla Eldar Mahmudov arasında yarım saat təkbətək söhbət olub. Təbii ki, həmin söhbətin nədən ibarət olduğunu bir Allah bilir, bir də bu gün istəsə hüquq-mühafizə orqanlarının istintaq qrupları üzə çıxara bilərlər. Ehtimallara görə məhz həmin yarım saat qarşılıqlı informasiya mübadiləsi o qədər güclü olub ki, bu günədək Hacı Məmmədov MTN təcridxanasında obrazlı desək 7 qıfıl arxasında saxlanılır.
Başqa bir araşdırma tələb edən məsələ isə 2012-ci ilin aprelin 6-da Gəncədə keçirilən antiterror əməliyyatı zamanı terrorçuluqda ittiham olunan şəxslərin qətlə yetirdiyi MTN-in polkovnik–leytenantı Elşad Quliyevin də müəmmalı şəkildə aradan götürülməsi, onun məhz "Qara kəmər” əməliyyatı da daxil 200-ədək xüsusi təyinatlı əməliyyata rəhbərlik etməsinə, çoxsaylı təltiflər və medallar qazanmasına baxmayaraq heç kimin gözləmədiyi halda həlak olmasıdır. Ola bilsin, o, Hacı Məmmədovla Eldar Mahmudov arasındakı hansısa sövdələşmə barədə məlumatlı olduğundan aradan götürülüb.
Məlumata görə, MTN-də hamı Elşad Quliyevi bir vətənpərvər və cəsur əməliyyatçı kimi tanıyıb və bir çox təhlükəli əməliyyatlara rəhbərliyi də məhz o peşəkarlıqla həyata keçirib. Onun ölkə prezidenti Ilham Əliyevlə yaxınlığının olmasını təsdiq edən fotolar da var və bu bir daha mərhum çekistin sıradan bir MTN görəvlisi olmadığını iddia etməyə əsas verir.
Yuxarıda da qeyd olunduğu kimi, Hacı Məmmədov yenidən cəmiyyətin və medianın gündəminə daşınmağa hazırlaşır və onun məhkəməsi ola bilsin ki, Eldar Mahmudovun fəaliyyətinin bəzi qaranlıq məqamlarına işıq saldı və hətta o da mümkündür ki, onunla Zakir Nəsirovun yeri dəyişilsin. Amma tezliklə belə bir yerdəyişmənin baş verəcəyini gözləməyə dəyməz. Çünki hələlik Eldar Mahmudovun və onun cinayətkar dəstəsinin quldurluq yolu ilə dövlətdən çırpışdırıb ölkə xaricinə çıxardığı milyardların çətin bir prosedurla geri qaytarılması mərhələsidir. Bu mərhələ başa çatdıqdan sonra növbəti qalmaqallı həbsləri gözləmək olar.(azadliq.info)
Bölməyə aid digər xəbərlər