Ermənistan Azərbaycanın milli, dini və tarixi abidələrini məhv edir
Tarix: 19-02-2018 13:13 | Bölmə: Gündəm
Ermənistan Azərbaycanın milli, dini və tarixi abidələrini məhv edir

“Ermənistan öz işğalçılıq siyasətini davam etdirir və işğal edilmiş torpaqlarımızda Azərbaycanın milli, dini və tarixi abidələrini məhv edir”

Reyting.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirən İ. Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında iştirakına da toxunub. İ. Əliyev onunla görüşü zamanı energetika və digər sahələrdə əlaqələrimizin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib.

Dövlət başçısı Avropa Komissiyasına son səfərindən keçən dövr ərzində əlaqələrimizin bütün sahələrdə çox yaxşı inkişaf dinamikası göstərdiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təkcə energetika sahəsində deyil, digər sahələrdə də, o cümlədən siyasi, ticarət, investisiya, nəqliyyat, təhlükəsizlik, mədəniyyət sahələrində də genişləndirilməsinin vacibliyini qeyd edərək bütün bunların hazırda üzərində iş aparılan Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişdə əksini tapdığını vurğulayıb.

Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bütün sahələrdə müsbət istiqamətdə inkişaf etdiyini deyən Toivo Klaar əməkdaşlığımızın yaxşı perspektivləri olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli ətrafında geniş fikir mübadiləsi aparılıb, bu istiqamətdə səylərin münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yönəldilməsinin vacibliyi qeyd olunub.

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın riyakar və qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir.

Dövlət başçısı vurğulayıb ki, münaqişənin tezliklə həll edilməsi üçün Ermənistan işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini geri çəkməyə başlamalı, beynəlxalq hüququn norma və prinsipləri bərqərar olmalıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər