İlham Əliyev Dövlət Komissiyasının yaradılması haqqında sərəncam verib
Tarix: 02-03-2018 15:02 | Bölmə: Gündəm
İlham Əliyev Dövlət Komissiyasının yaradılması haqqında sərəncam verib

Azərbaycan prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

2018-ci il martın 2-də Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzdə yanğın baş vermiş, nəticədə həlak olanlar və yaralananlar vardır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə qərara alıram:

1. Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri

Abid Şərifov ─ Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının Baş prokuroru

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi

Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı

2. Dövlət Komissiyası:

2.1. hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

2.2. hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin;

2.3. yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etsin;

2.4. Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

2.5. Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etsin;

2.6. görülmüş işlər haqqında mütəmadi məlumat versin.

3. Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsinlər.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər