Tarix: 07-04-2016 11:44 | Bölmə: Gündəm
"Son günlər qoşunların təmas xəttində insan tələfatı ilə müşahidə olunan gərgin vəziyyət yaranıb. Əlbəttə ki, bu da həm dünyada, həm regionda, həm də ictimaiyyət arasında narahatlıq doğurur”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərda olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşündə deyib.
Bakıda Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin görüşəcəyini qeyd edən İ.Əliyev bildirib ki, belə görüşün birinci bizim ölkəmizdə keçirilməsindən məmnundur:
"Hesab edirəm ki, bu, ölkələrimiz arasında çox ciddi regional əməkdaşlıq prosesinin başlanğıcıdır.
Azərbaycan dünyada yeganə ölkədir ki, eyni zamanda, həm Rusiya, həm də İranla həmsərhəddir. Bu, üç ölkə xalqlarının həm coğrafiyası, həm də qarşılıqlı əlaqələrinin tarixidir. Ölkələrimiz arasında bugünkü qarşılıqlı fəaliyyət də əlbəttə ki, əməkdaşlığın həm də çoxtərəfli formatda dərinləşməsini tələb edir”.
Beynəlxalq terrorizmlə və narkotrafiklə mübarizə, qarşılıqlı siyasi fəaliyyət, nəqliyyat problemləri, energetika və digər bir çox məsələlərin qarşılıqlı anlaşma və konstruktivlik ruhunda müzakirə ediləcəyini deyən Azərbaycanın dövlət başçısı S.Lavrovun ölkəmizə səfərinin ikitərəfli problemləri müzakirə etmək üçün yaxşı imkan olduğunu bildirib:
"Biz ölkələrimiz arasında münasibətlərin gedişatından, yüksək səviyyəsindən, demək olar ki, bütün sahələri əhatə edən strateji tərəfdaşlıqdan çox məmnunuq. Rusiya və Azərbaycan iki dost, iki qonşudur. Biz bu münasibətləri yüksək dəyərləndiririk, bu münasibətləri möhkəmləndirməyə və inkişaf etdirməyə səy göstəririk. Bu, həm qarşılıqlı siyasi fəaliyyətə, həm humanitar, iqtisadi və energetika sahələrində əməkdaşlığa, həm də, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə aiddir”.
İlham Əliyev qeyd edib ki, son günlər qoşunların təmas xəttində insan tələfatı ilə müşahidə olunan gərgin vəziyyət yaranıb: "Əlbəttə ki, bu da həm dünyada, həm regionda, həm də ictimaiyyət arasında narahatlıq doğurur. Rusiya bu halda yenidən təşəbbüs göstərdi və Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəs haqqında razılaşma əldə olundu. Biz hesab edirik ki, bu, regionda vəziyyətin gərginləşməsinə imkan verməməyin yeganə yoludur. Atəşkəs rejiminə riayət olunurdu. Təəssüf ki, bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu.
Biz danışıqlar prosesinin davam etdirilməsinə köklənmişik”.
İ.Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini - səfirləri də qəbul etdiyini xatırladıb: "Onlara da dedim və indi mətbuat qarşısında da demək istəyirəm ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir. Biz bu münaqişəni sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimləmək istəyirik. Düşünürəm ki, atəşkəsin elan olunmasından sonra ötən 20 ildən çox müddət bizim məhz siyasi nizamlanmaya kökləndiyimizi sübut edir”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə əvvəlcə Bakıda keçiriləcək üçtərəfli görüşdən söz açıb:
"Həqiqətən, səfər Sizin Rusiya və İran prezidentləri ilə razılaşmanızın nəticəsidir. Sizin təşəbbüsünüz bu cür üçtərəfli formatı qurmaqdan ibarət idi. Bu format Sizin haqlı olaraq dediyiniz kimi, bir çox nöqteyi-nəzərdən daha sıx üçtərəfli siyasi, təhlükəsizlik, terrorizmlə mübarizə sahələrində əməkdaşlıq baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, üç ölkənin, həmçinin bizim digər qonşularımızın ərazilərindən terrorçuların təchizatı marşrutları, yaraqlıların trafiki keçir. Bu təzahürlərin qarşısının kollektiv əsaslarla alınması üçün qarşılıqlı fəaliyyətin qurulması zəruridir.
Bundan başqa, nəqliyyat marşrutları, iqtisadi əlaqələrin inkişafı, energetika sahəsində qarşılıqlı fəaliyyət baxımından bizim geostrateji, geosiyasi vəziyyətimizdən istifadə etməkdə ümumi maraqlarımız var. Bu məsələlər müxtəlif formatlarda, lakin pərakəndə şəkildə müzakirə olunmuşdu. Ümidvaram ki, Sizin prezident Putin və prezident Ruhani ilə razılaşmanızı rəhbər tutaraq biz nazirliklərə bölmələr üzrə daha dəqiq müvafiq nəqliyyat və energetika layihələrinin gerçəkləşməsi üzərində işləməyə imkan verən siyasi çərçivə yarada biləcəyik. Sözsüz ki, bizim ikitərəfli münasibətlərimiz, strateji tərəfdaşlığımız da nəzərdən keçiriləcək”.
Öz həmkarı iləayrıca görüşünün nəzərdə tutulduğuna da diqqət çəkən S.Lavrov bildirib ki, ötən ilin iyun ayında Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı İlham Əliyevin onunla əldə etdiyiniz prinsipial razılaşmaları rəhbər tutacaqlar: "Yeri gəlmişkən, o, Sizə ən səmimi salamlarını göndərir və xatırladır ki, Siz Rusiyaya səfərə dəvət olunmusunuz. Sözsüz ki, bu, bizim xarici siyasətin ən dəyərli istiqamətidir. Həmçinin elə gətirdi ki, həm Ermənistan, həm Azərbaycan üçün yaxın, həm də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə kimi əvvəllər də, indi də məşğul olduğumuz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Sizin qeyd etdiyiniz şəraitə görə ciddi çağırışla qarşılaşdı. Uzun illər ərzində yəqin ki, bu, ən irimiqyaslı döyüş əməliyyatlarıdır”.
Lavrov vurğulayıb ki, hazırki vəziyyəti sabitləşdirmək vacibdir: "Ümid edirəm ki, son günlərin hadisələri bizi siyasi tənzimlənmə ilə daha fəal məşğul olmağa sövq edəcək. Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik. Bu barədə həm bu gün, həm də sabah söhbət edəcəyik.
Biz indi həmsədrlərin göstərdikləri təşəbbüsləri tamamilə dəstəkləyirik. Onlar Bakıya səfər etdilər, sabah təmas xəttində, birigün isə İrəvanda olacaqlar. ATƏT-in, əlbəttə ki, təkcə ATƏT-in yox, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə ən yaxın vaxtlarda hansısa etimad tədbirləri görmək və siyasi prosesin bərpası üçün zəruri şərait yaratmaq vacibdir. Bu qəbula görə çox sağ olun. Bir daha bu səfərin gedişində məhsuldar danışıqlara ümid bəsləyirəm”.
Reyting.az
Bölməyə aid digər xəbərlər