Tarix: 07-04-2016 13:04 | Bölmə: Gündəm
Aprelin 1-dən 2-nə keçən gecə cəbhədə Ermənistan təxribatı nəticəsində başlanan döyüşlərdən bir neçə həftə öncə PKK terror təşkilatı 400 nəfər döyüşçüsünü düşmən ölkəyə göndərib.
Reyting.az xəbər verir ki, publika.az bu barədə Ermənistan mediasına istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, PKK erməni dostlarına yaxından yardım etmək üçün 400 nəfər könüllüsünü bu ölkəyə göndərib: "Sözügedən PKK dəstəsi Suriyanın Qəndil və Qamışlı bölgələrində vuruşub. Azərbaycanla Ermənistan arasında başlayan hərbi əməliyyatlardan öncə PKK terrorçuları Ağrıdan Ermənistana keçərək, Göyçə gölü bölgəsində onlar üçün ayrılan Vardenes düşərgəsinə yollanıb. Daha sonra isə Azərbaycanın Füzuli-Tərtər rayonları istiqamətində döyüşlər başlayan zaman həmin PKK dəstələri Qarabağa gətirilib”.
Publika.az-ın əldə etdiyi digər məlumata görə isə, Kürdüstan Toplum Birliyi (KCK) İdarə Heyətinin rəhbəri əvəzi vəzifəsini icra edən Bese Hozat hazırda rəsmi İrəvan ilə sıx əlaqələr saxlayır. Türkiyənin Tunceli vilayətində doğulan kürd qadın terrorçu Bese Hozat hazırda PKK-nın Ermənistandakı dəstəsinə tapşırıqlar verir.
Bundan əlavə, Ermənistan hökuməti Azərbaycana qarşı vuruşmaq üçün erməni əsilli 150 İŞİD döyüşçüsü və PKK-nın Suriyadakı qanadı sayılan PYD terrorçularının onlarla üzvü gizli formada Qarabağa gətirilib. Suriyanın Hələb və Xasake bölgəsində vuruşmuş sözügedən İŞİD və PYD terrorçuları Azərbaycanın işğal edilən Laçin, Şuşa və Kəlbəcər rayonlarına dağıdılaraq, oradan da Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarındakı cəbhə xəttinə göndərilib. Qarabağa gətirilən PKK və İŞİD terrorçuları arasında peşəkar bomba hazırlayan mütəxəssislər də var.
Onu da qeyd edək ki, Modern.az saytı məsələ ilə bağlı Müdafiə Nazirliyinin rəsmi mövqeyini öyrənib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlama verərək hazırda bu informasiyanın mənbəyinin araşdırıldığını söyləyib:
"Hazırda tərəfimizdən bu informasiyaların mənbəyi ilə bağlı araşdırmalar aparılır. Məsələ tam araşdırılıb müəyyən edildikdən sonra nazirlik olaraq mövqeyimizi açıqlayacağıq”.
Bölməyə aid digər xəbərlər