Azərbaycan ilə Avropa İttifaqının əlaqələri müzakirə olunub - Foto
Tarix: 14-05-2018 22:19 | Bölmə: Gündəm
Azərbaycan ilə Avropa İttifaqının əlaqələri müzakirə olunub

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bir daha vurğulayıb və enerji, nəqliyyat, ticarət, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.

Azərbaycan ilə Avropa İttifaqının əlaqələri müzakirə olunub

Tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların konstruktiv şəkildə davam etdiyini qeyd edərək bu sazişin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

E.Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə məlumat verərək 15 may tarixində Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini deyib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair Avropa İttifaqının mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Görüşdə regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər