20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Mikayıl Cabbarov: "Məktəb rəhbərlərinin təyin olunması hüququnu yerlərə vermək istəyirik"
Tarix: 18-04-2016 13:12 | Bölmə: Gündəm

 

 

 

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun bloger Vyaçeslav Sapunova verdiyi müsahibəni təqdim edirik:

- 2014-cü ilin yayında təhsildə Dövlət Strategiyasının həyata keçirilməsi üzrə Fəaliyyət Planının hazırlanması və hökumətə təqdim olunması barədə danışmışdıq. Bu isə "Necə etməli?", "Bunlar hansı işlərdir?" suallarına cavabdır.

- Bəli, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının Fəaliyyət Planı işlənıb hazırlanmışdır. Biz öz işimizi dövlət rəhbəri tərəfindən təsdiq olunmuş bu proqrama uyğun olaraq qururuq. Bu sənəddə yaxın gələcəkdə qarşımızda duran vəzifələr və onların icrası müddəti göstərilir. Biz bu plana uyğun hərəkət etməyə başlamışıq. Görülmüş işlərə nəzər saldıqda, yəqin ki, müəllimlərin diaqnostik qiymətləndirilməsini və onların əmək haqqının ölkə üzrə orta əmək haqqı səviyyəsinə qaldırılmasını əsl dönüş nöqtəsi kimi qiymətləndirmək olar. Bu prosesin iki vacib aspektini xüsusi vurğulayıram.

Birincisi, bu qərarın strateji əhəmiyyətini. Biz müəllim peşəsinin nüfuzlu, seçilən peşə olması üçün lazım olan şəraiti yaradırıq. Əsas odur ki, pedaqoji təhsili istedadlı və bilikli məzunlar almağa çalışsınlar. Lakin müəllim peşəsinin müasir əmək bazarında rəqabətə davamlı olması üçün cəmiyyət bu peşənin cəlbediciliyini, o cümlədən də maddi nöqteyi-nəzərdən üstünlüyünü təmin etməlidir. Bu gün həyata keçirilən tədbirlər müəllim peşəsinin nüfuzunu bərpa etmək məqsədi güdür.

İkincisi, təbii ehtiyatlarla zəngin olan Azərbaycanın və digər ölkələrin makroiqtisadi müstəvidə yaranan problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti siyasi iradə nümayiş etdirdi və təhsil sahəsində aparılan islahatlar dayandırılmadı, davam etdirilir.

- Deməli, müəllimlərin əməkhaqqı artıb?

- Əlbəttə. Artıq ölkə üzrə müəllimlərin 40%-i əmək haqqını yeni mexanizmə uyğun alır.

- Məncə, bu, dərs saatlarının yenidən bölüşdürülməsi ilə bağlıdır.

- Bəli, söhbət dərs yükünün artırılmasından, müəllim-şagird nisbətinin 1-in 12-yə olan nisbətə gətirilməsindən gedir ki, bu da əmək haqqının iki dəfə artırılmasını təmin edir.

- Əməkhaqları indeksasiya edilirmi?

- Hamıda olduğu kimi.

- Amma, bildiyimə görə, dərs saatlarının yenidən bölüşdürülməsi məsələsi "əməkhaqqı islahatı"nın birinci mərhələsidir.

- Bəli, ikinci mərhələdə biz əmək haqlarının differensasiyası prinsipini tətbiq edəcəyik. Yəni, sadə dillə desək, yaxşı müəllim zəif müəllimdən çox maaş almalıdır.

- Bu necə müəyyən olunacaq?

- İndi mütəxəssislərimiz bu cür qiymətləndirmə meyarları üzərində çalışırlar. Hazırlanacaq mexanizm peşəkar mühitdə geniş müzakirəyə çıxarılacaqdır. Bu, heç kəsi qorxutmamalıdır. Belə sistemlər müxtəlif ölkələrdə mövcuddur. Onlar bərabərlik yox, ən yaxşıların rəğbətləndirilməsi prinsipinə əsaslanır. Müəllimlərin dərs dediyi şagirdlərin müvəffəqiyyəti, onların çalışdığı məktəbin ümumi nailiyyətləri nəzərə alınacaq.

- Bu necə adlanacaq: dərəcələr, kateqoriyalar?..

- Məncə, ən asan məsələ onları necə adlandırmaqdır.

- Bəli, elə qiymətləri də hesaba almaq olar. Amma bu və ya digər müəllimin uşaqları sevdiyini necə müəyyən edəsən?..

- Tamamilə doğrudur.

- Əvvəllər Əməkdar müəllimlər vardı...

- Onlar indi də var. Əməkdar müəllim təhsil sistemində pedaqoqun layiq görülə biləcəyi ən yüksək addır. Bu ad Prezidentin xüsusi sərəncamı ilə verilir. Onlar dövlətdən əlavə olaraq 60 manat alırlar. Bundan əlavə, digər təltiflər də mövcuddur, məsələn, Qabaqcıl təhsil işçisi. Diplomlar var... "Əməkdar müəllim" fəxri adına məhdud sayda - ildə cəmi 80-100 nəfər layiq görülür.

- Az deyil.

- Elə görünür ki, az deyil, lakin bu gün bizdə müəllimlərin sayının 150 min ətrafında olduğunu nəzərə alsaq, bu, təqribən 0,06%-dir. Onlar yaxşıların yaxşısıdır.

- Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının Fəaliyyət Planına qayıdaq. Siz başqa daha nələri əhəmiyyətli uğur hesab edirsiniz?

- Biz təhsil sisteminin optimallaşdırılması işini davam etdirdik. 14 kolleci birləşdirdik, onların bazasında 7 kollec yaratdıq, 4 kollec isə müvafiq ali məktəblərin nəzdinə verildi. Məncə, bu, orta ixtisas təhsilində ən geniş və əhatəli islahatdır.
Başqa bir məqamı - bügün ölkə üzrə 58 məktəbdə təmayül siniflərinin yaradılmasını da vurğulamaq istərdim. Ümumilikdə, 9-10-cu sinif səviyyələrində 180-dək təmayül sinifləri təşkil olunub, həmin siniflərdə oxuyan şagirdlərimiz gələcək fəaliyyət sahələrini müəyyənləşdirib və təmayülləşməyə hazırdırlar.

Bu, bütün dünyada mövcud olan təcrübədir, ancaq onun bizdə tətbiqi müəyyən problemlər yaradır. Belə ki, hansısa fənlər üzrə müəllimə ehtiyac artır, hansısa fənlər üzrə isə azalır. Müəllimlərin iş yükü artır. Lakin bütün bunlar ümumi bir məqsədə - təhsilin keyfiyyətinin yüksəldilməsinə, ali təhsilə hazırlıq üçün ən yaxşı şəraitin yaradılmasına xidmət edir.

 - Bəs məktəbəqədər təhsildə hansı cəhəti xüsusi vurğulamaq istərdiniz?

- Burada, şübhəsiz ki, məktəbəqədər yaşa malik uşaqların məktəbdə hazırlığını ən böyük uğur hesab etmək lazımdır. Konteksti yada salaq: bizdə məktəbəqədər yaşa malik uşaqların təhsilə cəlb olunması aşağı səviyyədə idi və bu məqsədlə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çoxlu sayda yeni uşaq bağçalarının tikintisinə yönəlmiş təşəbbüslə çıxış etdi. Şükürlər olsun ki, Azərbaycanda müsbət demoqrafik situasiya müşahidə olunmaqdadır. Bizsə məktəbəqədər təlimi genişləndirmək məqsədilə öz növbəmizdə məktəblərin infrastrukturundan bəhrələnməyə qərar verdik. Əvvəlcə Bakının 80, sonra isə 140 məktəbində məktəbəqədər hazırlıq sinfi, gündə üç saat olmaqla 8 aylıq xüsusi kurslar təşkil etməyə başladıq.

- Bu, hazırlıq sinfidirmi?

- Bu əvvəllər mövcud olan məktəbə hazırlıq siniflərini xatırladır.

- Bura uşaqları hansı yaşdan qəbul edirlər?

- Beş yaşından, yəni məktəbə bir il qalmış... Və bu layihə çox uğurlu alındı. Nəticələr gözləntilərimizdən də yaxşı olduğundan biz Maliyyə Nazirliyi ilə birgə bu proqramın genişlənməsi məsələsini hökumətə təqdim etmişik ki, məktəbəqədər hazırlıq dövlət hesabına, hamı üçün əlçatan olsun. 2016-cı ilin sentyabrından bu layihəmizi kifayət qədər geniş miqyasda həyata keçirməyi planlaşdırdığımızı məmnunluqla qeyd edirəm. Məqsədimiz 2020-ci ilədək bütün ölkənin məktəbəqədər təhsillə əhatə olunmasının məqbul səviyyəyə çatdırılmasıdır.

- Məqbul səviyyə deyəndə nəyi nəzərdə tutursunuz?

- Bu, 70% və daha artıq deməkdir.

- Bəs bu gün nə qədərdir?

- Bu gün 23-25%-dir. Bir sözlə, ciddi şəkildə genişləndirəcəyik.

- Bu təhsil məcburimi olacaq?

- Yox, bu valideynin seçiminə uyğun olacaq. Eyni zamanda biz uşaqların gələcək həyatda uğur qazanması üçün məktəbəqədər təhsil səviyyəsinin ən mühüm dövr olduğunu valideynlərə aşılamaq məqsədilə maarifləndirmə işi aparırıq. Bu səviyyəni keçmiş uşaqların sonrakı akademik göstəricilərinin, karyerada əldə etdikləri uğurların belə təlimi keçməyənlərlə müqayisədə üstün olduğunu təsdiqləyən kifayət qədər elmi və empirik sübutlar var.

- Planlaşdırdığınız, lakin bu və ya digər səbəbdən hələlik yerinə yetirilməsi mümkün olmayan işlər varmı?

- Biz aparılan islahatların sürəti və keyfiyyəti arasındakı balansı qorumağa çalışırıq. Çünki cəlb olunan insanların sayına, əhatəliliyinə, ənənəviliyinə və hətta ağrılı olmasına görə təhsil xüsusi bir sahədir. Nəyisə sürətli icra eləməyi planlaşdırırıq, nələrsə gözlənildiyindən yavaş gedir... Lakin hər şeydən ümdə olanı dəyişikliklərin keyfiyyətidir.

Ali təhsil sahəsində qəbul planının formalaşdırılması üzrə yanaşmaya yenidən baxmışıq. Uzun illər ərzində ilk dəfə olaraq ötən il Təhsil Nazirliyinin təşəbbüsü ilə ali məktəblərə qəbul zamanı minimum bilik səviyyəsinə zəmanət verildi.

Təqaüdlərin verilməsi sisteminə yenidən baxıldı. Əvvəllər abituriyent ali məktəbə dövlət sifarişi əsasında daxil olurdusa, o, sonrakı akademik göstəricilərindən asılı olmayaraq təqaüd alırdı. Bu isə öncədən rəqabətsiz mühit yaradırdı. Öz hesabına təhsil alan tələbələr üçün yaxşı oxumağa kifayət qədər stimul yox idi. İndi isə stimul yaranıb, çünki semestr imtahanlarının gedişi zamanı yaxşı nəticələr göstərən bütün tələbələr təqaüd alırlar.
Kadr islahatları aparılıb. Bir neçə ali məktəbdə yeni rektorlar işə başlayıb. Yeni ali məktəblər açılıb: İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin filialı. Müştərək Azərbaycan-Fransa Universitetinin açılması üzərində işləyirik. Bu, sentyabrdan fəaliyyətə başlayacaq.

Hardasa həqiqətən də çox da sürətlə hərəkət etmirik. Məsələn, dərsliklər məsələsində.

- Fikrinizcə, səbəb nədir?

- Niyə orada dəyişikliklər sürətlə baş vermir? Birincisi, biz, həqiqətən də məzmunun yaradılması ilə bağlı böyük problemlərlə üzləşirik. Çünki dərslikləri məmurlar yox, hər sahənin öz mütəxəssisləri yazır. Dərslik seçiminin şəffaflığını təmin etmək məsələsi də işin digər bir tərəfidir. Biz dərsliklərin müzakirəsi üçün xüsusi elektron format yaratmışıq. Dərslik yaradıcılığı prosesində biz heç nəyi gizli saxlamırıq. Amma gəlin görək seçilmiş ən yaxşı dərsliklər gözləntilərimizə cavab verirmi? Heç də həmişə yox.

- "Ən yaxşıları" - bu, "yaxşı kitablar" demək deyilmi?

- Bəli, bəzən elə olur... İkincisi isə... Alternativ modellərin tətbiqini sürətləndirmək istəyirik. Ancaq bürokratiyanın öz qanunları və öz zaman çərçivələri mövcuddur. Ona görə də bəzən sənədlərin instansiyalarda razılaşdırılması və keçirilmə prosesləri istədiyimiz sürətlə getmir. Digər tərəfdən, dərsliklərin yaradılmasına ən yaxşı mütəxəssisləri cəlb etmək lazımdır, lakin xüsusilə hazırkı sosial-iqtisadi şəraitdə onları yalnız çağırışlarla həvəsləndirmək olmaz.

- Bəli, çox şey mümkün olduğundan tez və daha yaxşı alınmır. Bəs nə baş verir?

- Bir çox müsbət işlər görülür. Məsələn, biz əks-əlaqə prosesini qaydaya salmışıq. Baş verənlərin emosional tərəfini kənara qoysaq, bəzən bu həddən artıq güclü olur, biz prosesləri bir-birindən ayırmışıq. Bəzi dərsliklərin məzmununa dərhal yenidən baxılmalıdır. Həddən artıq emosional qiymətləndirmə, yeni proqramın mahiyyətini dərk etməmə halları var. Bəzi fənlər üzrə biz çox keyfiyyətli dərsliklər yarada bilmişik.

- Bunlar hansı dərsliklərdir?

- Konkret dərsliklərin adını çəkməyəcəyəm, çünki dərslik müəllifləri hər il tenderlərdə iştirak edirlər. Və nazirin rəyi...

- Özünəməxsus reklam kimi səslənə bilər...

- Reklamdır, ya yox, hər halda tenderin qərəzsizliyinə təsir edə bilər. Biz dərsliklərin qiymətləndirilməsinə cəlb edilən mütəxəssis bazasını genişləndirməyə davam edirik. Qeyd etdiyim kimi, dərsliklərin hazırlanması prosesini maksimum şəffaf eləməyə çalışırıq...Vurğulamaq istəyirəm ki, təhsildə yeni metodikaya uyğun olaraq, yeni dərsliklər lazım olan proqramın yalnız bir hissəsini özündə əks etdirir. Bunlar 80 və 90-cılar nəslinin təhsil aldığı dərsliklər deyil. Tədris materialının əhəmiyyətli hissəsi bu gün dərslikdən kənarda qalır. Bu tədris materialı, deyək ki, laborator məşğələlərdə, sorğularda və s. formalarda verilə bilər.

- Yeni dərsliklər əsasən istiqamətləndirir?

- Bəli, digər hissə isə, deyək ki, uşağın oxumalı olduğu bədii ədəbiyyatda, hansısa eksperiment apardığı ailədə yer alır... Bu gün artıq təhsilin məzmunu və dərsliyin məzmunu arasında bərabərlik işarəsi qoymaq olmaz.

- Haqqında əvvəl danışdığımız baza dərsliklər ortaya qoyulubmu?

- Yox. Təəssüf ki, baza dərsliklər ortaya çıxmayıb. Çünki hələ də öz həllini tapmamış bəzi məsələlər var. Lakin bu istiqamətdə iş davam edir.

- Xüsusilə vacib olan bir sual: təhsildə islahatların gedişinə mane olan kimdir və ya nədir?

- Həmişə və hər şeydə insan amilinin rolu böyükdür. İctimaiyyətin təhsil sahəsində gedən işlər barədə məlumatlı olmasına diqqəti artırmalıyıq. Hansı islahatlar aparmağımız və bunu nə üçün etdiyimiz barədə. Biz informasiya boşluğunu mütəmadi keçirilən press-brifinqlər, "Təhsil" TV onlayn telekanalı ilə aradan qaldırırıq. İctimaiyyətlə, ekspertlərlə işləyirik...

İkinci... Təhsilin sovet modelinin doğruluğunu müdafiə edən ayrı-ayrı insanların inadkarlığı mane olur. Onlar yalnız bu modellə tanışdırlar və ona görə məhz onu ən yaxşı hesab edirlər.

- Sizin keçdiyiniz həmin modeli.

- Bəli, yəqin ki, ilk növbədə ona görə. Həmin dövr üçün, sosium və dövlət quruluşu üçün təhsilin sovet modeli doğrudan da ən yaxşılardan biri idi. Müzakirələrdə çox tez-tez belə bir fikrə rast gəlmək olar ki, həmin təhsil sistemini bərpa etmək lazımdır. Lakin o sistem başqa dövlət üçün, başqa məqsəd və vəzifələrlə yaranmışdı və digər sosial-iqtisadi mühitdə mövcud idi və o mühit sadəcə olaraq bu gün yoxdur... Hansı dövrün daha yaxşı, hansı dövrün daha pis olduğunu deməli olsaq (gülümsəyir), bu, idarəçilik yox, fəlsəfi xarakterli müzakirə olar. Bax bu insanlar müasir təhsil modellərinin üstünlüyünün nədə olmasını anlamağa səy göstərmədən öz gənclik çağlarının ənənəvi modelləri ilə müqayisələr aparmağa başlayırlar. Bu, qeyri-konstruktiv yanaşmadır, ona görə də, şübhəsiz, mane olur.

Nəhayət, üçüncü element - maneə... Bizim etdiklərimiz heç də hamının xoşuna gəlmir. "Heç kimə mane olmayan" korrupsion münasibətlərin "ənənəvi"liyindən irəli gələn müəyyən müqavimət də mövcuddur. Sadə misal çəkim: hansısa bir tələbə bilik əldə etmək istəmir və elə müəllim də var, hesab edir ki, tələbəyə oxumaq lazım deyil. İkinci buna göz yummağa hazırdır ki, tələbə oxumur, elə birinci də hazırdır...

- "Müəllimin görməzliyi"ni stimullaşdırmaq.

- Bəli, gəlin bu termindən istifadə edək. "Obıvatel" nöqteyi-nəzərindən belə "əməkdaşlıq" nəticəsində guya ikisinə də yaxşıdır. Amma gəlin vəziyyətə daha geniş baxaq. Sabah bu tələbə tibb diplomu alacaq. Və ya mühəndislik diplomu. Və ya pedaqoq olacaq! Bu gün həyatın elə sahəsini tapmaq çox çətindir ki, orada qeyri-peşəkar xidmətin göstərilməsi, yanlış − diaqnoz, səhv konstruksiya - bilavasitə və ya təxirə salınmış gözlənilməzliklərə və ya faciəli nəticələrə səbəb olmasın. Bax buna görə də cəmiyyət və dövlətin maraqları hansısa bir fərdin öz marağını anlaması ilə heç də həmişə üst-üstə düşmür. Bu, ikinci, böyük kateqoriyadır. Elə bunun üçün biz həmişə ictimai nəzarətin gücləndirilməsini təklif edirik. Bizdə qayda pozuntuları haqqında danışmağı çox sevirlər, amma bununla belə iddiaları konkretləşdirmək, konkret hadisələri göstərmək kimi hallar cavabsız qalır. İslahatlar daha kimə mane olur? Hüquqi müstəvidə yaşamaq və işləmək istəməyən hər kəsə. Bütövlükdə, əlbəttə, heç bir cəmiyyət islahatları sevmir. Yalnız təhsildə yox, elə həyatın bütün sahələrində. İslahatlar bir qayda olaraq, kəskin zərurətdən aparılır. İnanırıq ki, təhsil sistemi bütövlükdə cəmiyyətin rəqabət qabiliyyətinin təməlini qoyur. Ona görə də biz təhsil sahəsindəki Dövlət Strategiyasında qoyulmuş plan və vəzifələri davam etdirmək fikrindəyik.

- İslahatlar haqqında danışarkən, korrupsiya məsələsinə toxunmamaq olmur. Hamıya bəlli, ən yaralı mövzu. Aktuallığını itirirmi?

- Təhsildə korrupsiya problemdir. Amma bu fenomen deyil. Bu suala cavabın asan variantı var və bu, son il yarım ərzində onlarla hadisənin sadalanmasından ibarətdir. Korrupsiya pozuntuları aşkar olundu, insanlar işdən azad edildilər, bəzi işlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərildi, ayrı-ayrı hadisələr üzrə məhkəmənin qüvvəyə minmiş qərarları var (2015-ci il ərzində 12 məktəb direktoru töhmət, 22 məktəb direktoru ciddi töhmət (son xəbərdarlıq) almış, 20 direktor isə AR Əmək Məcəlləsinin 70 və 186-cı maddələrinə uyğun olaraq tutduqları vəzifədən azad olunmuşlar - Qeyd V.S.-dir).
Və bu, şübhəsiz, davam edəcək. Çünki bu sahədə bütün hüquq pozuntularını tamamilə aradan qaldırmaq lazımdır. Qanunu pozan şəxslər məsuliyyət daşımalıdırlar.

İkinci aspekt profilaktikadır. Yəni ehtimal edilən korrupsiya hərəkətlərinin mümkünlüyünü aradan qaldırmağa yönəldilmiş sistemli tədbirlərdir. Burada, dediyim kimi, biz insan amilinin müdaxiləsini istisna edən müasir informasiya texnologiyalarının istifadəsinə, elektron hesabatın tətbiqinə, təhsil sistemində bütün xidmətlərin "elektronlaşdırılması"na üstünlük veririk. Bariz nümunə kimi şagirdlərin birinci sinfə qəbulunu göstərmək olar.

Biz elektron sistemi tətbiq edərkən qayda pozuntusu ilə bağlı, "nüfuzlu" və "nüfuzsuz" məktəblərə qəbulda hansısa qeyri-şəffaflıqla bağlı, bu və ya başqa məktəbdəki yerlərin mövcudluğunun aydın olub-olmaması ilə əlaqədar bütün məsələləri nəzarətə götürdük...və bu problemlərin əksəriyyəti aradan qaldırıldı. Amma biz nailiyyətlərimizlə kifayətlənmirik və hazırda bu sistemi daha da təkmilləşdiririk. Həmçinin bu cür sistemlərin digər sahələrdə də tətbiqini davam etdirəcəyik. Bu ilin sonunadək tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsinin elektron sistemi yaradılacaq. Məlumdur ki, illərlə, onillərlə bu sahədə çoxlu korrupsiya pozuntuları olmuşdur. İndi bu və ya digər tələbənin köçürülmə prosesi insan müdaxiləsi olmadan, tələbənin digər ali məktəb və fakültəyə keçmə hüququna malik olub-olmaması meyarları əsasında həyata keçiriləcək.

Eyni zamanda... Üçüncü mərhələyə keçirəm... Bu da həqiqətdir ki, təhsildən insan ünsiyyəti prosesini kənarlaşdırmaq mümkün deyil. Və bu, yalnız biliklərin qiymətləndirilməsi ilə məhdudlaşmır. Onu da qeyd edim ki, burada mən ümumi ab-havadan çıxış edərək danışıram. Təhsil cəmiyyətin digər sahələrindən təcrid deyil. Hər halda, "korrupsiya cinayətinə getməyə və ya getməməyə" insan qərar verir - şagird (tələbə), müəllim və ya vəzifəli şəxs. Əgər qanun pozuntusu olmadan hərəkət etməyin mümkünsüz olduğu bir sistem varsa, bu ayrı bir işdir. Lakin biz bunun tam əksini yaratmağa, korrupsiya hərəkətlərinə imkan yaradan və ya qaçılmaz edən nöqtələri ləğv etməyə çalışırıq.

 

Aydın olmaq üçün belə bir misal gətirə bilərəm. Həmkarlarımdan biri ilə müzakirə aparmışdıq. Mənə söylədilər ki, onların məlumatlarına görə, əvvəllər hansısa iş üçün korrupsiya tarifi, tutaq ki, birə bərabər idi. Amma indi o, beşə qədər artıb. Və bu, guya, korrupsiyanın artmasından xəbər verir. Ancaq mən etiraz etdim ki, mənim nöqteyi-nəzərimdən bu, korrupsiyanın azalmasını göstərir. "Məntiq nədədir?" Məntiq ondadır ki, korrupsioner artmış risklərinin dəyərini beş dəfə artım ilə kompensasiya edir.

Təzadlı görünsə də, amma bu faktdır: korrupsiya pozuntuları azalır, amma azalmaqda olan bu pozuntuların tərəfimizdən aşkarlanması halları artır. Bəzi hallarda bu cür pozuntuları yaradan səbəbləri ümumiyyətlə aradan qaldırdıq: məktəblərin təchizat sistemi təkmilləşdirildi, təsərrüfat ehtiyacları üçün vəsait direktor tərəfindən xərclərin şəffaflığını artıran plastik kartlara daxil edilir.. və sair.

2014-ci ilin mayında nazirlikdə yalnız bu istiqamətlə məşğul olan xüsusi şöbə - Daxili nəzarət şöbəsi, eyni zamanda "Qaynar xətt" xidməti yaradıldı. Bütün ərizələr sona qədər araşdırılır. Həmkarlarımız, hüquq-mühafizə orqanları çox dəstək göstərirlər. Çünki təhsil sahəsindəki korrupsiya cinayətləri istənilən digər sahədəki korrupsiya pozuntularından heç nə ilə fərqlənmir. Bütövlükdə bu neqativ hala dözümsüzlük sosial-iqtisadi həyatımızın bütün sahələrində inkişaf edir, burada isə təhsil ön sıralardadır. Təhsil müəssisələrimizdə korrupsiya olmamalıdır və onun kökü kəsilməlidir.

- 2014-cü ildə Təhsil Nazirliyində imtahanlar zamanı müəllimlər kifayət qədər bal toplamadığından orta məktəblərə müəllimlərin işə qəbulunda kəsir yaranmışdı. İndi tendensiya necədir?

- Belə bir cağırış olundu ki, biz müəllimlərlə bağlı irəli sürülən tələblərin səviyyəsini aşağı salmaq niyyətində deyilik. Buna görə də biz göstəricilərin yüksəlməsini müşahidə edirik, insanlar imtahanlara daha ciddi hazırlaşmağa başladılar.

2015-2016-cı illərdə mərkəzləşdirilmiş imtahanların nəticəsində 2878 müəllim işə qəbul edildi. Ötən tədris ili ilə müqayisədə bu o deməkdir ki, tutulan vakansiyaların sayı 30% artmışdır. Lakin bütövlükdə sistem üzrə vakant yerlərin sayı 1%-dən azdır. Biz müəllimlərə qarşı tələbləri artırırıq, klassik terminlərlə desək, həm də onlara, in - service training - ixtisasartırma kursları təklif edirik.

- Onları kim öyrədir?

- Ən yaxşı müəllimlər, ən yaxşı metodistlər. Onlar bizdə var və həmişə olub. Digər məsələ, onlar həmişə tələbkar olublarmı? Hazırda biz həm yaşlı, həm cavan, amma ən əsası istedadlı, ən yaxşı müəllimlərə öz bilik və metodikalarını çatdırmağa imkan verən mexanizmlər tətbiq etmişik. Bu məqsədlə əvvəllər İxtisasartırma İnstitutu adlandırılan Müəllimlərin Peşəkar İnkişafı İnstitutunun fəaliyyət və idarəetməsini islahatlar yolu ilə dəyişdirdik. Diaqnostik qiymətləndirmə sayəsində bu və ya digər müəllimlərin zəif cəhətlərini aşkara çıxartmağımızı mən artıq demişəm. Amma xüsusi təlimlər onlara boşluqları doldurmağa imkan verir.

- Müəllimlərin diaqnostik qiymətləndirilməsi davam edirmi?

- Mütəmadi keçirilir. Artıq müəllim heyətinin 40 %-ni cəlb etmişik - bu 60 min müəllimdən çoxdur. O zaman biz Bakıdan başlamışdıq, indi 12 regionu, iri şəhərləri: Gəncəni, Sumqayıtı əhatə edib.

- Biz bir də peşəkarlıq standartlarını qeyd etdik. Onlar işlənib hazırlanıbmı?

- Peşəkarlıq standartı müəllimin bacarmalı və ya bilməli olduqlarının məcmusudur. Standart ilk növbədə gələcək müəllimlərin hazırlanması mərhələsi üçün lazımdır, çünki artıq müəllim işləyəndə ona əlavə biliklərin verilməsi, onun proseslə ayaqlaşması çətin olur. Bu, işdən ayrılma, daha artıq vəsait və s. tələb edir. Buna görə də biz müəllimlərin hazırlıq prosesi üzərində xüsusilə dayanırıq. Düşünürəm ki, tətbiq etdiyimiz dəyişikliklər ən yaxın illərdə məktəblərimizdə hiss olunacaq.

- Cəbhədəki son hadisələrlə bağlı ortaya çıxan sual... Siz məktəblərdə müasir İbtidai hərbi hazırlıq (İHH) proqramının keyfiyyətini, tədrisin səviyyəsini necə qiymətləndirirsiniz? Onu kimlər tədris edir? Bütün məktəblərdəmi tədris olunur? Onun, deyək ki, sovet dövründəki ibtidai hərbi hazırlıqdan fərqi nədədir?

- Hazırda bu fənn "Gənclərin çağırışaqədərki hazırlığı" adlanır. Bu fənn məktəbliləri Azərbaycanın Silahlı Qüvvələri ilə, hərbi intizamla, ordu həyatı ilə tanış edir, həmçinin onlara ilk tibbi yardım və mülki müdafiə vərdişlərini öyrədir. Çağırışaqədərki hazırlığı müvafiq ixtisaslı müəllimlər, ehtiyatda olan zabitlər və başqa hərbi vəzifəli şəxslər tədris edirlər.

Ötən tədris ilində 49 ümumtəhsil müəssisəsinin və 1 peşə liseyinin hərbi kabinetləri Müdafiə Sənayesi Nazirliyi tərəfindən müasir avadanlıq və dərs vəsaitləri ilə təmin edilmişdir.

Bu fənn bütün məktəblərdə eyni səviyyədə tədris edilir desək, əlbəttə, bu, qeyri-obyektiv olardı. Bu sahədə çatışmazlıqlar var. Onlar əsasən infrastrukturun, maddi-tədris bazasının və kadrların səviyyəsi ilə əlaqədardır. Həmçinin mövcud olan təhsil proqramlarının təkmilləşdirilməsi zəruridir, müəllimlər üçün əlavə dərs vəsaitləri hazırlamaq lazımdır. Və müəllimlərin ixtisasının artırılması da vacibdir. Bununla əlaqədar müvafiq tədbirlər həyata keçiriləcəkdir.

- Təhsilin keyfiyyətinə toxunmaq istəyirəm. Təhsil Nazirliyi təhsilin keyfiyyətinin ölçü və qiymətləndirilməsini necə həyata keçirir? Və son bir-iki il ərzində hansı nəticələr əldə olunub?

- Təhsil Nazirliyi təhsilin eyni meyarlar üzrə qiymətləndirilməsinin tərəfdarıdır.

- Şübhəsiz.

- Bəli, bu, sadə və məntiqli görünür. Lakin diqqətlə baxsaq, ictimai rəydə buna həmişə riayət edilmir. Bir il qəbul imtahanlarının orta balı haqqında danışmağa başlayırlar. Başqa vaxt heç bir suala cavab verməyən abituriyentlərin sayını hesablayırlar. Gələn dəfə 700 bal toplayan, yaxud toplamayanların sayı müzakirə edilir. Yəni meyarlar hər zaman dəyişir. Onlar sabit olan zaman cəmiyyətin bu suallar ətrafında çaşqınlığı daha az olar. Təəssüf ki, belə mühüm mövzu populizmin qurbanı olur.

Biz öz fəaliyyətimizdə bu və ya başqa məktəbin, ümumiyyətlə, bütün təhsil sisteminin qiymətləndirilməsində eyni meyarlara əsaslanırıq.

Bu, kafi və qeyri-kafi qiymət alan şagirdlərin nisbətidir. Bu, buraxılış imtahanlarında daha yaxşı qiymətlər - "beş" və "dörd" alan uşaqların sayıdır. Bu, qəbul imtahanları verib və ali məktəblərə daxil olan cari ilin məzunlarının faizidir. Və əlbəttə, abituriyentin qəbul imtahanlarında göstərilən orta balıdır. Düşünürəm ki, gələcəkdə akademik meyarlara bəzi qeyri-akademik meyarların əlavə edilməsi maraqlı olardı.

- "Qeyri-akademik meyarlar" dedikdə nəyi nəzərdə tutursunuz?

- Bariz nümunə: bu və ya başqa məktəbdə respublika və ya beynəlxalq olimpiada qalibinin olub-olmamasını. Yaxud, məsələn, Çaykovski adına müsabiqənin qalibinin olmasını. Yəni biz öz məktəb və şagirdlərimizdə yalnız akademik nailiyyətləri deyil, özünü realizənin digər formalarını da stimullaşdırmalıyıq. Yaşadığımız dünya çox sürətlə dəyişir. Müasir həyatda müvəffəqiyyət üçün tələb olunan bir sıra bacarıqları bu gün məktəb proqramı əhatə etmir. Və ya lazımi şəkildə mənimsənilmir. Məsələn, sosiallaşma, komandada işləmək qabiliyyəti, kreativ düşüncə və s.

Bu gün bir sıra bacarıq və səriştəyə qoyulan tələblər dəyişir, fəaliyyət sahələri meydana gəlir. İdealda məktəblərimiz müasir tələblərə cavab verən insanlar hazırlamalıdır.

Bax buna görə də nazirlik beynəlxalq trenddən kənar qalmamaq məqsədilə rəqabətqabiliyyətli vətəndaşın yetişdirilməsi üçün istiqamətlənmiş bacarıq və aspektləri müəyyənləşdirən, qiymətləndirən və həvəsləndirən, ortamüddətli perspektivə dair proqram işləmək sifarişini Təhsil Problemləri İnstitutuna vermişdir.

Amma bütövlükdə, mövcud meyarlara uyğun olaraq bizim şagirdlərin akademik göstəriciləri ildən-ilə artır. Və bu, ilk növbədə cənab Prezidentin məktəblərin maddi-texniki bazasının möhkəmləmdirilməsinə dair gördüyü işin nəticəsi, təhsilin vacibliyinin cəmiyyət tərəfindən daha yaxşı başa düşülməsinin əksidir. Şübhəsiz ki, burada həm müəllimlərin, həm də təhsil sistemində çalışan digər həmkarların mühüm payı var.

- Artıq ikinci ildir ki, Bakı şəhərində direktorlar üçün təlim kursları və onların məktəblərə təyinatı həyata keçirilir. Bildiyimə görə, bu vəzifə üzrə çox böyük müsabiqə var. Amma, doğrusu, başa düşmürəm, niyə insanlar məktəb direktoru olmağa bu qədər can atırlar. Axı orada əmək haqqı yüksək deyil, hansısa korrupsiya gəlirlərinə ümid bəsləmək, qeyd etdik ki, olmayacaq, amma məsuliyyət olduqca böyükdür. Əlbəttə, çətin işdir...

- Slava, hər halda hesab edirəm ki, əmək haqqı vacibdir, lakin insanların karyerada irəliləməsi üçün ən əsas şərt deyil. Eyni zamanda, Nazirlər Kabinetinin bu günlərdəki qərarı məktəblərimizə vəsait qazanmaq imkanı verdi. Bu da ilk növbədə həmin məktəblərin probleminin həllinə və müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.

- Məktəblər nədən pul qazanacaq?

- Bu, məktəblərdə qəbul olunmuş təcrübədir: əlavə dərnəklərin, idman bölmələrinin təşkilindən, dərsdənkənar vaxtlarda öz binalarının, idman meydançalarının istifadə edilməsindən və s. Yəni bütün bu fəaliyyət növləri qanunvericiliyə müvafiq olaraq həyata keçirilə bilər.

- Məktəb direktorları necə hazırlanır?

- Biz sadə bir postulatdan çıxış edirik. Onun mahiyyəti bundan ibarətdir ki, uğurlu direktor lazımi səriştəyə malik olmalıdır. Bu səriştə pedaqoji kadrların hazırlanması prosesində verilməyibsə, deməli, biz bu boşluqları doldurmalıyıq. Bunun üçün xüsusi akademik proqram hazırladıq, üç aparıcı ali məktəbimizin bazasında məktəb direktoru olmaq istəyənlər üçün kurslar təşkil edirik. Kursu keçdikdən sonra yekun imtahanı uğurla verirlərsə, onlar məktəb direktoru təyin olmaq üçün namizəd bazasına düşürlər. Biz bütün məktəb direktorlarının yalnız namizəd bazasından təyin olmasına doğru gedirik. Bakı şəhərindən başlamışdıq. Bu il yanvarın 1-dən bu siyahıya Sumqayıt, Gəncə və bu şəhərlərə yaxın bir sıra ətraf rayonları daxil etdik.

Gördüyünüz kimi, coğrafiya ciddi şəkildə genişlənir. Artıq hazırlıq keçmiş və uğurla imtahan vermiş onlarla şəxs direktor təyin olunub. Bundan başqa, son üç ildə direktorların heç biri hazırlıq və imtahan vermədən təyin olunmayıb. Düşünürəm ki, rayonların cəlb olunmasından sonra bu cür direktorların sayı onlarla deyil, yüzlərlə olacaq. Yaxın bir neçə ildə direktorlarımızın əsas tərkibi lazımi vərdiş və səriştəyə malik olacaq.

- Siz yeni direktorlar haqqında danışırsınız. Bəs əvvəlkilər necə, onlar elə əvvəlki səriştələri səviyyəsində qalacaqlar?

- Xeyr, hər bir direktor öz bilik və vərdişlərini yaxşılaşdırmaq üçün bu kurslara gedə bilər.

- Gedirlərmi?

- Gedirlər. Müasir idarəçiliyin təkcə təhsil sahəsi ilə məhdudlaşmadığını, onun həm də xüsusi biliklər tələb etdiyini anlayanlar gedir: bura heyətlə iş, maliyyə menecmenti və s. sahələr aiddir. Məktəbin nailiyyətləri bilavasitə rəhbərin istedad və qabiliyyətindən çox asılıdır. Planlarımızda direktorların təyinatı prosesinin desentralizasiyası nəzərdə tutulub. Bu gün belə bir situasiya mövcuddur: direktorlar təhsil naziri tərəfindən, amma ölkə üzrə rayon (şəhər) təhsil şöbə (idarə) rəhbərləri icra hakimiyyəti başçıları tərəfindən təyin olunur.

- Bu işdə bir uyğunsuzluq var...

- Bəli. Biz məktəb rəhbərlərinin təyin olunması hüqüqunu yerlərə vermək istəyirik. Amma o şərtlə ki, məktəb direktoru vəzifəsinə lazımi hazırlıq keçmiş, imtahan vermiş və peşəkar kimi tam hazır olan şəxslər təyin olunsun. Bir nazir kimi mən konkret olaraq kimin - Slava, Mikayıl və ya Sevincin direktor olmasında yox, bu vəzifəyə təyin edilən insanın zəruri bilik və bacarıqlara malik olmasında maraqlıyam.

- Düzgün anladımsa, direktor yerlərinin vakant olmasını gözləyən gələcək məktəb direktorlarından ibarət hansısa növbə mövcuddur?

- Təəccüblənəcəksiniz, amma tam tərsinədir. Məktəblərimizdə direktor
vakansiyalarının sayı kursları müvəffəqiyyətlə bitirənlərin sayından çoxdur.

- Rəhbərlərdən şagirdlərə qayıdaq... Tələbə qəbulunda nə yeniliklər var? Müzakirələrdə ən diqqətdə olan mövzu qəbul üçün keçid balıdır.

- Bəli, biz tələb etdik ki, bəzi ixtisaslar üzrə keçid balı minimal baldan yuxarı olsun. Minimal balı biz müəyyən etmirik. O, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (Müsahibədən sonra bu qurum ləğv edilərək, səlahiyyətləri yeni yaradılmış Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə verilmişdir - Qeyd V.S.-dir ) tərəfindən elan olunur. Əlbəttə, biz istərdik ki, bu iş müştərək aparılsın, çünki, yumşaq desək, bu və ya digər ixtisası öyrənməyə başlamaq üçün hansı bilik səviyyəsinin tələb olunduğunu təhsil müəssisələri yaxşı bilir. Riyaziyyat, fizika və s. fənlər üzrə biliklər tələb olunan ixtisaslar üçün biz minimum baldan bir qədər yüksək - 250 bal müəyyən etdik.

- Bəs bu gün maksimal bal nə qədərdir?

- 700 bal.

- Belə çıxır ki, 250 bal "üç" deməkdir?

- Bu da maraqlı "gediş"lərdən biridir: bir sistemdəki qiymət digər sistemdəki qiymətə necə keçirilir...Yuxarıda qeyd etdiyim populistlərin sevimli mövzularındandır. Ən çox yayılmış fikrə görə, müasir ballar sadə bir bölümlə həyata keçirilir. Yəni 700 bal "əla"dır, 140-a qədər bal isə "bir"lə qiymətləndirilir. Yumşaq desək, bu heç də belə deyildir.

- Burada hansısa mürəkkəb bir düstur varmı?

- Bəli, orada həqiqətən də qeyri-adi bir düstur var. Və bilavasitə bir uyğunluq yoxdur. Sizlərə xatırladım ki, hətta alışdığımız qiymətlər sistemində də hər şey göründüyü kimi sadə deyil. Çünki beşballıq sistemdə "bir" yox idi - bu birinci. İkincisi də, yadınıza salın ki, test sistemində səhv düzü aparır... Üçüncüsü isə, 700 bal "əla" ola bilməz, ən azından ona görə ki, hər il minlərlə şagird buraxılış imtahanlarını "əla" qiymətlə bitirir. 700 balı isə tək-tək abituriyentlər toplayır. Buna görə də məktəbin beşballıq sistemini qəbul imtahanlarının 700 ballıq sistemi ilə müqayisə etmək alma ilə limonu müqayisə etmək kimidir. Müqayisə olunmayan şeylərdir.

- Yəni 250 bal pis deyil?

- Birmənalı şəkildə cavab verə bilmərəm. Hər şey imtahanın çətinliyindən və digər amillərdən asılıdır. 250 bal bir il üçün yaxsı, digər il üçün isə pis ola bilər... İki növ imtahan var. Birincilər balların universallığı prinsipi əsasında qurulur. Buna ən parlaq nümunə TOEFL imtahanıdır: siz imtahan verirsiniz, sizinlə birlikdə onu minlərlə insan verir və imtahan göstərir ki, siz başqaları ilə müqayisədə hansı faiz nisbətindəsiniz. Bu rəqəm iki il ərzində ciddi olaraq dəyişilmir. Digər imtahan növü də mövcuddur - bizim imtahan. Onun nəticələri burada və indi qüvvədədir, bu qrupa aid insanlar üçün. Bu, sanki marafon qaçışı kimi bir şeydir, burada rekord vuran olmur. Çunki iki eyni marafon olmur, biri digərindən trasın relyefi, hava şəraiti və bir çox başqa amillərə görə fərqlənir. Deyək ki, hamının eyni şəraitdə qaçdığı 100 metrlik marafondan fərqli olaraq... Bax buna görə də builki 250 balı keçən ildə toplanmış 250 balla müqayisə etmək kökündən yanlışdır. Və bir sistemi başqa sistemə keçirmək də həmçinin. Buna görə də qəbul imtahanında neçə "iki" almış abituriyentin müəyyən edilməsini müzakirəyə çevirmək düzgün deyil. Orada "iki" alan heç ola da bilməz.

- Yaxın gələcəkdə cəmiyyətimizə kimlərin lazım olduğu necə müəyyən edilir? Və nə qədər? Neçə həkim, müəllim, mühəndis, kosmonavt tələb olunacaq?

- Bu, təhsildə ən çətin məsələdir. Biz bunu İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlar əsasında müəyyən edirik.

- Ancaq bu yolla?

- Bəli, qəbul planının formalaşdırılması üçün. Ancaq yaxın illərdə ölkəmizə və cəmiyyətimizə kimlərin və hansı sayda lazım olacağını öncədən görmək olduqca çətindir. Buna görə bu sualın ən gözəl cavabı çeviklikdir. Oxucularımızın böyük bir qismində etiraz doğura biləcək bir formul mənim xoşuma gəlir: təhsilin əsas məqsədi öyrənməyi öyrətməkdir. İzah edim: əgər təhsilin əsas məqsədi buraxılış məqamında relevant olan səriştəni verməkdirsə, yəni mütəxəssis bu il peşə üzrə bəlli bir şeyi bilməlidirsə, onda bir neçə ildən sonra onun qazandığı biliklər kifayət etməyəcək və ya köhnələcək. Yəni "bilmək" şərti zəruridir, yalnız yetərli deyil. Bax buna görə biz şagirdlərimizi biliklərə yiyələnmə vərdişləri ilə təmin etməliyik. Və son on illərin trendi - lifetime learning -ömürboyu təhsildir.

- Yeri gəlmişkən, məndə olan məlumata görə, heç də bütün tədris müəssisələri Təhsil Nazirliyinə tabe deyil. Məsələn, bir çox ali məktəblər "sizin" deyil. Buna görə də bəzən "iradlar" öz ünvanına səslənmir...

- Sizə doğrusunu deyim ki, mən bu və ya digər ali məktəbin kimə tabe olması əsasında məsuliyyətin paylaşmasını heç də düzgün hesab etmirəm. Bu, çox asan olardı.

Bəli. Deyə bilərəm ki, ali məktəbdən ali məktəbə fərq var. Hər halda tabeçiliyimizdə elə ali məktəblər var ki, fikrimizcə, onlar çox düzgün istiqamətdə və kifayət qədər sürətlə irəli gedirlər. Ali məktəblər də var ki, onlarin işi bizi qane etmir. Bax buna görə bu cür bölgü prinsipi düzgün deyil: bu ali məktəb Təhsil Nazirliyinə tabedirsə, "yaxşıdır", biz ona görə məsuliyyət daşıyırıq, "bizim" deyilsə, o zaman "yox". Mən belə bir siyasət həyata keçirmək istəməzdim. Başqa cür deyərdim: ölkəmizdə müasir ali məktəbin nə olduğunu anlayan ali məktəblər var, lakin bu təyinata uyğun gəlməyən ali məktəblər də mövcuddur.

"Ölkəmizdə müasir ali məktəbin nə olduğunu anlayan ali məktəblər var, lakin bu təyinata uyğun gəlməyən ali məktəblər də mövcuddur"

- Siz müasir ali məktəb dedikdə nəyi nəzərdə tutursunuz?

- Müasir ali məktəb - bu, təhsil, elm, innovasiyalar və iqtisadi fəallıq mərkəzidir. Dünya təcrübəsində ali məktəblər tədqiqat və təcrübə yönümlü olmaqla iki yerə bölünür. Lakin onlar şərti olaraq bölünürlər, çünki hər halda tədqiqatla məşğul olan ali məktəblərin onsuz da iqtisadiyyatla, təcrübə ilə əlaqəsi var, təcrübə, iqtisadiyyatla məşğul olan ali məktəblər də elmlə məşğul olurlar.

Bir sözlə, ali məktəbləri Təhsil Nazirliyinə və ya başqa qurumlara tabe olma prinsipi üzrə bölməyək. Hər ali məktəb kifayət qədər müstəqil və sərbəstdir. Ali məktəbə "sol və ya sağ tərəfə getmək" əmri vermək məsələnin olduqca asanlaşdırılması kimi görünə bilər. Ali məktəbi buna vadar etmək, onu çərçivəyə salmaq olar, lakin yanlış istiqamətdə hərəkət etmək ona çətinlik törədəcək. Bunu ali məktəbin əvəzinə nazirin əmri ilə, hədələyici çağırışlarla, təbliğedici söhbətlərlə etmək sistemin ümumi iş prinsipinə ziddir.

Həm birinci, həm də ikinci kateqoriyaya aid ali məktəblər həm bizim, həm digər qurumların tabeliyində, həm də özəl sektorda var. Məsələn, Xarici İşlər Nazirliyinin tabeliyində olan "ADA" Universiteti çox mütərəqqi universitetdir. Amma elə tabe ali məktəblər var ki, onlar müasir tələblərə cavab vermir.

- Bəzi tələbələrimiz ümumiyyətlə ölkə hüdudlarından kənarda təhsil alırlar. Bildiyimə görə, gənclərin xaricdə təhsili üzrə birinci Dövlət Proqramı bu yaxınlarda - 2015-ci ilin dekabrında tamamlanıb. İkinci proqramın da fəaliyyətə başlaması planlaşdırılırmı? Əgər planlaşdırılırsa, nə vaxt olacaq və birinci proqramdan nə ilə fərqlənəcək?

- Həmkarlarımla hökümətdə müzakirələrin gedişatında gənclərin xaricdə təhsili üzrə birinci Dövlət Proqramının (2007-2015) həyata keçirilməsindən sonra toplanmış təcrübənin öyrənilməsi məqsədilə birillik fasilənin götürülməsinə dair qərar qəbul edildi. Məlumdur ki, 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə etdilər. Min beş yüzdən çox tələbə bu gün də təhsillərini davam etdirir. Əvvəlcədən bildirdiyimiz kimi, ikinci proqramın fokusu xaricə tələbə göndərilməsindən yerli ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialının möhkəmləndirilməsinə yönəldiləcək. Bunun üçün universitetlərimizdə dərs demək üçün qabaqcıl əcnəbi mütəxəssisləri dəvət etməyi planlaşdırırıq.

Xaricdə təhsil almağa göndəriləcək tələbələr üçün (ilk növbədə magistr və doktorantlar) say kvotasının tətbiqi təklif olunur. Ali məktəblər də öz növbəsində xarici mütəxəssislərin cəlb edilməsindən daha çox fayda götürəcəyimiz istiqamətlər üzrə təkliflər təqdim edəcəklər. Bu iş sosial-iqtisadi inkişafın prioritet və tələblərinə, yeni iqtisadi şəraitdə milli iqtisadiyyatın qabaqcıl sahələri üzrə mütəxəsislər hazırlayan təhsil sahələrinə bilavasitə istinad olunmaqla koordinasiya ediləcək. Təbii ki, bu onların bizə müraciətləri əsasında baş verəcək. Təxminən bu məsələlərin tam öyrənilməsi bir akademik ili əhatə edəcək. Ona görə də biz bu il qabaqcıl ali məktəblərimizə daha yüksək müsabiqə ilə qəbul gözləyirik. Həmçinin, ali təhsilini ingilis dilində almağa üstünlük verən abituriyentlər üçün qəbul imtahanlarını SAT formatında vermək imkanı olacaq. Bu imkan əvvəllər yalnız "ADA" Universitetinə qəbul olan tələbələr üçün mümkün idi. Nəticələr ürəkaçan olduğundan biz bu müsbət təcrübəni tədris proqramı ingilis dilində olan digər ali məktəblərə də şamil etməyi planlaşdırırıq. Bu, təbii ki, onların bizə müraciətləri əsasında baş verəcək.

- Ali məktəblərdə mövcud olan sosial həyatla bağlı suala toxunmaq istərdim. Mən özüm bir vaxtlar Şən və Hazırcavablar Klubunda (ŞHK) filologiya fakültəsini təmsil etmişəm, breyn-rinq oyunlarına qatılmışam və s. Bu gün, bilirəm ki, tələbələr çox fəaldırlar. Siz tələbə mühitində baş verənləri izləyirsinizmi? Yarışları seyr edirsinizimi, ŞHK-ya, ya da intellektual birinciliklərə baş çəkirsinizmi? Hansısa qaydada ən yaxşılarını rəğbətləndirirsinizmi?

- Şübhəsiz, bu, həyatın böyük bir hissədir, biz buna biganə qala bilmərik, bu, bizi maraqlandırmaya bilməz. Tələbələr ŞHK-da, breyn-rinqdə oynayırlar...Ali məktəblərin çoxunda əvvəllər bədii özfəaliyyət adlandırılan musiqi kollektivləri var. İdmanın müxtəlif növləri üzrə tələbələr arasında çempionat keçiririk, məsələn, tələbə futbol liqası. Bir çox idman federasiyaları ilə sıx əlaqədə işləyirik.

- Sizi yarışlara və ya yaradıcılıq gecələrinə dəvət edirlərmi?

- Əlbəttə, gedirik. Məsələn, "Univision" tələbə mahnı müsabiqəsinə. Ötən dəfə onun finalı Heydər Əliyev Sarayında keçirildi. Breyn-rinq üzrə Bilik yarışları kuboku var. Onu Təhsil Nazirliyi təsis edib. Başqa maraqlı layihələr, o cümlədən televiziya layihələri var... tələbə həyatından danışarkən, könüllülər hərəkatını xatırlamamaq olmur. Birinci Avropa Oyunları üçün biz "Bir" adlı Könüllülər hərəkatını təşkil etdik, indisə bu uşaqlar "Formula - 1" yarışlarında işləyəcəklər. Lakin onların fəaliyyəti ayrı-ayrı tədbirlərlə məhdudlaşmır, biz tələbə həyatını məzmunlu etməyə çalışırıq. Çünki tələbələrin qeyri-akademik həyatı istənilən ali məktəbin fəaliyyətinin vacib hissəsidir.

- Sinifdənxaric tərbiyə mövzusuna toxunacağam. Nə vaxtsa Pioner evləri və sarayları çox arzu olunan bir şəbəkə idi. Buna bənzər nəyisə geri qaytarmaq mümkündürmü?

- Sinifdənxaric tərbiyə, təbii ki, çox vacibdir... Biz buna da diqqət yetirməyə çalışırıq. 28 May küçəsində yerləşən Təsviri İncəsənət Qalereyasını təmir və yenidən təchiz etdik. Hazırda STEM (Science, Technology, Engineering and Mathematics) - mərkəz tikilir (uşaq və gənclər üçün Elm və Texnika evlərinə bənzər məktəbdənkənar təhsil obyekti - Qeyd V.S-dir). Bu, sentyabrda açılacaq. Və sonuncu xəbər: biz Tofiq İsmayılov adına Uşaq və Gənclər Evinin təmirinə başlayırıq (Qaqarin adına keçmiş Pionerlər Evi). Onun fəaliyyətini isə müvəqqəti olaraq İçərişəhərə, Ensiklopediya binasına keçiririk. Bu, İçərişəhər administrasiyası ilə bizim birgə layihəmizdir. Uşaqlar orada təkcə məktəbdənkənar yaradıcılıqla əhatə olunmayacaq, həm də qədim şəhərin aurasını, paytaxtımızın və ölkəmizin tarixi ruhunu duyacaqlar ki, gələcəkdə, boyüyüb başa çatanda, onlarda tarixi abidənin yerində nəsə tikmək arzusu baş qaldırmasın, çünki bu, onların uşaqlıq xatirələrinin bir hissəsi olacaq.

- Söhbəti bitirərək... Məktəb xatirələrinizi bölüşmək istəməzdiz ki? Həyat yolunuzda adı iri hərflərlə yazılan Müəllim olubmu?

- Belə müəllimlərim bir neçə nəfər olub. İlk yeddi ili mən Bakı şəhəri, Tolstoy küçəsində yerləşən 1 saylı məktəbdə, sonra isə əsası akademik Mirzəcanzadə tərəfindən qoyulmuş Texniki-humanitar liseydə oxumuşam. Və hər yerdə, harda oxumuşamsa, şübhəsiz ki, orada yaxşı müəllimlər olub, onlar bizə - öz şagirdlərinə böyük əmək sərf ediblər. Kimlərləsə əlaqə saxlayırıq, onlardan kimlərsə bu vaxtadək təhsil sistemində çalışır...

- Bax bu adamların kateqoriyasını heç bir şübhəsiz qaldırmaq olar, axı onların şagirdi nazir olub!

- (Gülür) Bizlərdən hər birimiz təmasda olduğumuz müəllimimizi cüzi də olsa təkrar edirik. Əminəm ki, mənim yaxşı müəllimlərim olub və ümid edirəm ki, onların mənə öyrətdiklərini gələcək nəslə ötürməyi bacaracağam.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər