“Balaca şahzadə” səhnəyə çıxacaq - Premyera
Tarix: 19-02-2019 22:24 | Bölmə: Mədəniyyət
“Balaca şahzadə” səhnəyə çıxacaq

28 fevral, 1 mart tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında eyniadlı tamaşanın premyerası olacaq. Beynəlxalq layihə kimi təqdim olunan iki hissəli bu şou-tamaşa ana dilimizdə səslənən ilk müzikldır. Quruluşçu rejissoru xalq artisti, "Şöhrət" və "Şərəf” ordenli Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

Reyting.az-ın məlumatına görə, Musiqili Teatın direktoru Əliqismət Lalayev deyib ki, bu tamaşa Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsərinə Musiqili Teatrın fərqli baxışıdır: “Əsərin süjet xəttində balaca şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti, tamaşaçıya dərin, fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır”.

Ə. Lalayevin sözlərinə görə, tamaşanın qeyri-adi səhnə tərtibatı var: “Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdığı gözəl ifaları, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi həm də Musiqili Teatrın səhnəsində daha bir yenilikdir. Əminəm ki, tamaşa teatrsevərlərin böyük marağına səbəb olacaq”.

Direktor qeyd edib ki, tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmalar isə “Bakı Media Mərkəzi”nə məxsusdur. Balaca bahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları əməkdar artistlər Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər