Muzey və qoruqlara giriş pulsuz olacaq - 18 apreldə
Tarix: 16-04-2019 11:41 | Bölmə: Mədəniyyət
Muzey və qoruqlara giriş pulsuz olacaq

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Mədəniyyət Nazirliyinin məlumatına görə, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

Aprelin 18-i saat 18:00-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində ölkəmizin mədəni irsinin təbliği, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fərqlənmiş şəxslərin və təşkilatların mükafatlandırılması, “İrs” layihəsi çərçivəsində nəşr edilmiş “Daş keşikçiləri” adlı kitabın təqdimatı olacaq.

Həmçinin Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” günü elan ediləcək. Tarix-mədəniyyət qoruqlarına və muzeylərə giriş 18 aprel tarixində ödənişsiz olacaq.

Qeyd edək ki, bu il UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək. Bu münasibətlə Azərbaycana 3 min nəfərdən artıq xarici qonağın gələcəyi gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər