Əbülfəz Qarayev öz işçiləri ilə yanaşı jurnalistləri də mükafatlandırdı
Tarix: 29-01-2016 17:08 | Bölmə: Mədəniyyət

 

Yanvarın 29-da "JW Marriott Absheron Baku" mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Reyting.az xəbər verir ki, mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, hökumət rəsmləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Yubiley tədbirində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkənin mədəniyyət və turizm ictimaiyyəti adından dövlət başçısına minnətdarlığını bildirib.

Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və möhkəmlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərini xüsusi vurğulayan nazir onun ölkəmizin mədəni irsinin qorunması, respublikamızda və dünya miqyasında təbliği sahəsində gördüyü əvəzsiz işlərin yüksək qiymətə layiq olduğunu deyib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Ötən dövr ərzində nazirlik tərəfindən mədəniyyətin və turizmin inkişafı istiqamətində mühüm işlər görülüb.

Ölkə rəhbərliyinin mədəniyyətimizin təbliği və inkişafına böyük diqqət və qayğısından geniş söz açan nazir bildirib ki, son 10 ildə bu istiqamətdə 500 fərman və sərəncam imzalanıb, dövlət proqramları qəbul edilib.

Daha sonra Ə.Qarayev nazirlik əməkdaşlarının təltif olunması haqqında dövlət başçısının 28 yanvar 2016-cı il tarixli sərəncamlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanın mədəniyyət və turizm sahələrində fəaliyyəti ilə seçilən ümumilikdə 836 nəfər fəxri ad və mükafatlara layiq görülüb. Bunlarla yanaşı, ötən illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarı ilə mədəniyyət və turizm sahəsində səmərəli xidmətlərinə görə 183 əməkdaş "Fəxri mədəniyyət işçisi” və 26 əməkdaş "Fəxri turizm işçisi” döş nişanları ilə təltif edilib.

Tədbirdə ötən on il ərzində mədəniyyət və turizm sahələri üzrə qazanılan uğurlar, həyata keçirilən layihələr haqqında məlumat da verilib.

Sonda 10 il müddətində nazirliyin tədbirlərini işıqlandıran və mütəmadi əməkdaşlıq edən televiziya kanallarının əməkdaşları nazirlik tərəfindən fəxri fərman və mükafatlarla təltif olunublar.

 

 

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər