Balet artistimiz beynəlxalq yarışmada Qran-Pri qazanıb
Tarix: 15-01-2020 14:37 | Bölmə: Mədəniyyət
Balet artistimiz beynəlxalq yarışmada Qran-Pri qazanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti Mələk Səfərova Türkiyədə dünyanın müxtəlif ölkələrinin qatıldığı “Caspi art 9” Beynəlxalq Sanat Yarışmasının Qran-Pri diplomuna layiq görülüb.

Reyting.az
-a verilən məlumata görə, aktrisa bu müsabiqəyə qatılmaq üçün hazırladığı “Vəsf” balet-kompozisiyasından çəkilmiş foto və video materialları bir neçə ay öncə həmin təşkilatın ünvanına göndərib və bu yaxınlarda aldığı nəticələr onu çox sevindirib.

“Mükafata layiq görüldüyüm üçün özümü çox xoşbəxt sayıram. Bu, təkcə mənim uğurum deyil. Məşq prosesinə yaradılan şəraitə görə teatrın rəhbərliyinə, baş dirijorumuz, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevə, quruluşçu baletmeysterimiz, Əməkdar artist Yelena Ağayevaya, çəkilişdə göstərdiyi köməyə görə rejissor Samir Qulamova, teatrın geyim sexinin əməkdaşlarından tutmuş səhnə maşinistlərinə qədər, əziyyəti olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm”, – deyə Mələk Səfərova sevincini bölüşüb.

Qeyd edək ki, Mələk Səfərova Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. İndiyə qədər bir çox müsabiqələrdə iştirak edib.

Teatrda işlədiyi qısa müddət ərzində “Baladadaşın toy hamamı” (“Qəribə gülüş”), “Qızıl toy” (“Ukrayna rəqsi”), “Fərzəlikefcom” (“Yuxu” səhnəsi), “Fransızsayağı qarnir” (duet) “Paris Notr-Dama ithaf”(duet), “Mənim günahım” (solo) və demək olar ki, teatrın repertuarında olan bir çox tamaşalarda fəal iştirak edib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Mələk Səfərova ötən il Akademik Musiqili Teatrın 109-cu mövsümünün “Ən yaxşı balet artisti” mükafatına da layiq görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}