Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında
müalicə olunan xalq artisti İlhamə Quliyevanın səhhətində irəliləyiş hiss
olunmur. Bu barədə Anspress-ə xalq artistinin oğlu Orxan Nadirov verib. O
bildirib ki, anasının bu hala düşməsinin əsl səbəbkarı keçmiş köməkçisi
Mehriban Hüseynovadır: "Anam artıq neçə gündür ki, xəstəxanadadır.
Mehribanın yedizdirdiyi psixotrop dərmanlar anama çox pis təsir edib. Onun
fəsadlarıdır ki, bu gün anam hələ də xəstəxanadadır. Şəkəri hələ də
yüksəkdir. Allahın köməyi ilə tez sağalıb, ayağa qalxacağı günü gözləyirik.
Amma hələ ki, həkimlərin ciddi nəzarəti altındadır. Həkimlər hələ ki, anamı
evə buraxmağa icazə vermirlər. Müalicə həkimi söylədi ki, hələ xəstəxanada
qalmalıdır. Onu da deyim ki, sonuncu dəfə Mehriban anama moruq mürəbbəsi
bişirmişdi. Onu yeyəndən bəri səhhəti belə pisləşib”.
Xalq artistinin oğlu anasının keçmiş
köməkçisi Mehriban Hüseynova ilə olan məhkəmə prosesindən də söz açıb:
"Hazırda bu işə Bakı şəhər Prokurorluğunda baxılır. Bu məsələ müstəntiq
Cavid Abbasovun icraatındadır. Ümidvarıq ki, bu işə hüquqi qiymət veriləcək.
Hələ ki, iki aylıq istintaq dövrü gedir. Ola bilər ki, istintaq müddəti
artırılsın”.
Qeyd
edək ki, bir neçə gün öncə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən
xalq artisti belə açıqlama vermişdi: "Başımda güclü ağrılar hiss
etdim. Axşam saat 12-dən saat 3-ə qədər burnumdan qan gəlməyə başladı.
Dərhal məni Neftçilər Xəstəxanasına yerləşdirdilər. Həkimlər qanaxmanı
saxlaya bilmirdilər. Güclə qarşısını aldılar. Şəkərim 570-ə qalxmışdı. İndi
xəstəxanada məndən analizlər götürürlər ki, bilsinlər, mənə daha hansı
həblər verilib. Qulluqçum Mehriban Hüseynovanın başıma açdığı oyunlardan
sonra əsəb sistemim çox pozulub. Stress keçirmişəm. Çox pis vəziyyətdəyəm.
Orqanizmimə yedizdirdiyi dərmanların fəsadlarını yaşayıram. Səhhətim elə
ona görə də pisləşib. Neftçilər Xəstəxanasında mənə xüsusi diqqət
göstərirlər. Elə buna görə də oranın baş həkimi Leyla Seyidbəyovaya və
oranın bütün işçi heyətinə minnətdaram. Ümidim Allahadır. İnanıram ki,
yaxşı olacam”.
|