12:56 / 26-12-2024
Sabah yağış yağacaq
Teatr direktoru: “Dava edən aktyorlar yenidən bu teatra qayıtmaq istəyirlər” - Müsahibə
Tarix: 29-05-2017 16:33 | Bölmə: Mədəniyyət


Mingəçevir Dövlət Dram Teatrında baş verən qarşıdurma böyüməkdədir.

Xatırladaq ki, teatrın aktyorları Asim Məmmədovla İlqar Rəhimovun iş yerində mübahisə zəminində bir-birinə atdıqları külqabı teatrın qocaman aktrisası, Əməkdar artist Ella Yaqubovanın başına dəyib. Aktrisa aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib.

Teatrın direktoru Səxavət Məmmədov isə "Reytinq” qəzetinə müsahibəsində dava-dalaşın səbəblərinə aydınlıq gətirməklə yanaşı, problemin həll olunduğunu da deyib:

- Onların davası yaradıcılıq üstündə baş verməyib. Tərəflər arasında teatra aidiyyatı olmayan məsələ üstündə mübahisə yaranıb.

Onların maddi baxımdan bir-birindən asılılığı var. Bunun üstündə dava düşüb. Biz də onlara başa saldıq ki, şəxsi problemlərinizi teatrda deyil, kənarda aydınlaşdırın.

Onlar iş prosesində teatrın nizam-intizam qaydalarını pozduqlarına görə tənbeh olunublar. Məsələ də tamamilə bağlanıb. Hər iki aktyor eyni tamaşada rol alıb, məşqə gəlirlər. Teatr normal vəziyyətdə yaradıcılığa davam edir.

- Son illər Mingəçevir Dram Teatrının adı qalmaqallarda daha çox hallanır. Səbəb nədir?

- Başımızı aşağı salıb işləyirik ki, "qara buludları” həm teatrın, həm də öz üzərimizdən kənara çəkək. Düzdür, buna az da olsa nail olmuşuq. Mingəçevir teatrının adı seçilən mədəniyyət ocaqlarının siyahısına düşüb. Bizim missiyamız, məqsədimiz teatrda yeniliklər eləmək, aktyorların peşəkarlıq səviyyəsini qaldırmaq, gənc nəslin aktyor heyətini teatra cəlb eləməkdir. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyinin bizə böyük dəstəyi var.

Teatrın nəzdində studiya fəaliyyət göstərir. Biz o studiyaya hər gün gəncləri dəvət edirik. Teatrın aktyorları onlarla məşğul olur. Teatrın ətrafında və içərisində olan "qara buludlar” artıq başımızın üzərindən dağılıb. "Qara piar”ın isə yaradıcılığımıza maneçiliyi yoxdur. Aktyoralara problem yaratmır.

- Teatrda baş verən qalmaqalların arxasında elə öz aktyorlarınız dayanır. Yəni, davanın və "Qara piar”ın da "müəllifi” elə özünüzsünüz...

- Deyə bilmərəm ki, bu dedi-qodunu kim yayır. Bizim teatrda vaxtiylə dedi-qodu, dava-dalaş edən aktyorlar indi yenidən bura qayıtmağa can atırlar. Biz də çalışırıq ki, olanları unudaq, həmin istedadlı aktyorları teatra qaytaraq. Bizim heç kəsə qarşı kinimiz yoxdur. Düzü, inanmıram ki, burdan ayrılan aktyorlar teatr haqqında nəsə danışsınlar. Onlar da görür ki, teatr inkişaf edir.

- Deyirsiniz ki, vaxti ilə teatrdan uzaqlaşdırdığınız aktyorlar indi geri qayıtmağa cəhd edirlər...

- Zaman hər şeyi yoluna qoyur. Onlar da öz üzərlərində çalışıb, güc-qüvvə tapsınlar ki, yenidən bizimlə əməkdaşlıq edə bilsinlər. Belə fikirləşirəm ki, müəyyən zamandan sonra həmin aktyorlar bizim aramıza qayıdıb eyni səhnəni bölüşəcəklər. Həqiqətən də onlarda teatra qarşı maraq var. Bunu gördüyümüz halda biz həmin aktyorları niyə kənarda qoyaq?

- Teatrda yaradıcılıq abı-havası nə yerdədir?

- 2-3 gün bundan əvvəl Türkiyədən qastrol səfərindən gəlmişik. Bəyzutoğlu adına 23-cü Beynəlxalq Teatr Festivalında çıxış etdik. Orada İlqar Fəhminin Bəhram Osmanovun quruluşunda "Son reportaj” tamaşasını nümayiş etdirdik. Festival çərçivəsində teatr heyəti Türkiyənin iki şəhərində çıxış elədi. Tamaşalarımız türk tamaşaçıları tərəfindən rəğbətlə qarşılandı. Hətta Bələdiyyə Teatrının rejissoru, Türkiyənin tanınmış aktyoru Doğan Turan bu əsəri türk dilində istədi. Dedilər ki, bu tamaşanı onlar da qurmaq istəyir.

Festival bir həftə davam elədi. Orada İran, Gürcüstan və Rusiya teatrları da iştirak edirdi. Çox maraqlı bir səfər oldu. Səfər aktyorlarımızın peşəkarlığının artmasında böyük rol oynadı.

- Bu, teatrınızın bu mövsümdə ilk səfəri idi?

- Bəli. Amma qarşıda teatrın daha bir səfəri var. İranda keçiriləcək festivala da dəvət almışıq. Dəvət bizə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gəlib. Hazırda həmin festivala sənədlərimiz hazırlanır. Yəqin ki, bu səfər noyabr ayında baş tutacaq.

- Başa çatmaqda olan mövsümdə teatr kollektivi neçə tamaşa təqdim edib?

- Yanvar ayından bu günə kimi iki tamaşa hazırlanıb. Hazırda teatrın baş rejissoru Xəzər Gəncəlinin quruluşunda "Lənkəran xanının vəziri” tamaşasının məşqləri gedir. Nəzərdə tutmuşuq ki, bu mövsümü həmin tamaşa ilə yekunlaşdıraq. İyun ayının 10-da tamaşanın primeriyası keçiriləcək.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər