12:56 / 26-12-2024
Sabah yağış yağacaq
Xanım Qafarovanın anası: "Qızım keçinməyə uzanırdı, amma… "
Tarix: 18-06-2017 13:14 | Bölmə: Mədəniyyət

Musiqili Teatrın mərhum aktrisası, əməkdar artist Xanım Qafarovanın ölümündən 3 ilə yaxın vaxt ötür. Sağlığında onun xəstəliyi ilə bağlı müxtəlif məlumatlar yayılırdı. Sən demə, X.Qafarovanın xəstəliyi indi tənha qoyub getdiyi övladını dünyaya gətirdiyi zaman başlayıb.

Mərhum aktrisanın anası Gövhər Xəlilova "Reytinq"in əməkdaşı ilə söhbətində qəlbindəki övlad acısından və üzləşdikləri digər problemlərdən söz açıb.

Bir müddət əvvələ kimi kirayədə qaldıqlarını deyən G.Xəlilovanın sözlərinə görə, sonradan buna maddi imkanları çatmayıb. Bu səbəbdən də məcbur qalıb hazırda yaşadıqları qaraja qayıdıblar: "Xanım arada toylara da gedib, müğənnilik edirdi. Aldığı pulları da dərmana verirdi".

Anası deyir ki, mərhum qızının xəstəliyi övladı Gövhərdən sonra başlayıb:

"Uşaq doğulan kimi Xanım xəstələndi. Xəstəliyini hamıdan gizlədirdi. Deyirdi ki, xəstə olduğumu bir kəs bilməsin.

Xəstə olduğundan teatra az-az gedirdi. Teatrın direktoru Əliqismət Lalayev zəng edib xəbər tuturdu. Axırda bir gün Əliqismət müəllim onun ardınca evə gəldi. İçəri girəndə sanki dəli oldu. Təcili adam gətirdi, yaşadığımız qarajı təmir elətdirdi".

G.Xəlilova bildirib ki, bəlkə də Xanım ölməzdi, bir övladın oduna düşüb:

"Gövhər doğulandan sonra Xanımın ana südü olmadı, döşləri şişdi. Dedik, yəqin ana olduğu üçündür, sonra çəkiləcək. Gündən-günə şiş böyüyürdü. Biz də narahat olurduq, getdik həkimə, həkim dedi ki, Xanımın döşündə vəz əmələ gəlib. Vəz getdicə bərkiyirdi.

Xanım həm də ara həkimlərinə getdi. Onların da dedikləri kömək eləmirdi. Xanım da dərdini gizlədirdi. Evə dərd verməzdi. İstəməzdi ki, anası, bacısı qəm eləsin. Axırda ana-bacı qaldı yana-yana. Əvvəldən kiməsə dərdini desəydi, bəlkə də ömrünü uzadardı".

Anası deyir ki, xəstəliyini iş yoldaşlarından gizlətməyə çalışan Xanımın bu sirrini Afaq Bəşirqızı açıb:

"Afaq Bəşirqızı qəfildən Xanımın iş otağına girib və görüb ki, xanımın saçları tökülüb, keçəldir. Afaq xanımın ürəyi gedib. Ayılanda deyib ki, sən niyə dərdini deməmisən? Axı göz görə-görə ölürsən.

Pariklə işə gedib tamaşalar oynayırdı. Çox əziyyət çəkdi. Neçə dəfə Türkiyəyə getdi. Hamıya əlac edən Türkiyə həkimləri Xanıma kömək edə bilmədilər.

Orada şüa olunurdu, evə gələn kimi xeyri olmurdu. Boş-boşuna gedirmiş. Evə gələn kimi ağrıdan qıvrılırdı. Sən demə, xəstəlik bütün bədənini...

Xərçəng gendən gələn xəstəlik deyil. Sadəcə, Xanımınkı bura kimiymiş.

Bu biri qızım da onun ümidində idi. Qəfildən insult keçirdi, gözünün biri tutuldu, görmə qabiliyyətini itirdi. 4 il də bacısının arxasınca düşdü. O, xəstə halı ilə onu Türkiyəyə həkimə aparırdı. Hamısı üst-üstə düşdü. Xanımın xəstəliyi bütün evi bir-birinə vurdu. Yatmırdı, səhərə kimi ağrıyırdı. Qışqırmırdı, səsini udurdu. Həm də istəmirdi ki, uşaq bilsin. Səhərə kimi onu ovuşdururduq. Dözümlü idi. Belə xəstələrə ağrıkəsici vururdular. Xanım isə dedi ki, ölsəm də, onu mənə vurmayın.

Xanım ziyarətlərə gedirdi. Şəfasını müqəddəs ocaqlarda axtarırdı.

Axırıncı günü təcili yardım çağırdıq. Ağrıdan ölürdü. Dedi ki, mənə iynə vurmayın, istəmirəm o dünyaya pis gedəm".

Övladının 6 il 8 ay zülm çəkdiyini deyən dərdli ananın sözlərinə görə, Xanım fiziki baxımdan əzab çəksə də, uşağını qoyub o dünyaya getmək istəmirmiş:

"Keçinməyə uzanırdı, amma uşağına görə narahat idi. Deyirdi, öləcəm, uşaq qalacaq.

Dövlət xanıma çox yaxşlıq elədi. Müalicə, yas mərasimlərinin xərcini çəkdilər. Mən onların yaxşılığını unuda bilmərəm.

Deyirdi ki, ana, özümə gün ağlaya bilmədim. Qazandığım hörmət oldu, onu da mən öləndə biləcəksiniz. Doğrudan da elə oldu...".

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər