Azərbaycandan Londona 600-dən çox kitab aparıblar
Tarix: 13-04-2016 19:29 | Bölmə: Mədəniyyət


Londonda növbəti beynəlxalq kitab sərgisinə start verilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə sərgidə Azərbaycan da təmsil olunur.

Sərgidə iştirak zəngin milli mədəniyyətimizin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinin dünyaya çatdırılması üçün mühüm imkandır.

Milli ekspozisiyamız Qız qalasının təsviri olan 55 kvadratmetrlik sahədə qurulmuş stenddə təşkil edilib. Burada Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə yerli nəşriyyatlar tərəfindən çap olunmuş 350 adda 600-dən çox kitab sərgilənir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, ədiblərinin, incəsənət xadimlərinin - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Elçin, Anar, Kamal Abdulla və digərlərinin ingilis dilində nəşr olunmuş kitabları ziyarətçilərə təqdim edilir.

Stenddə Qarabağa və Azərbaycan həqiqətlərinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə də yer alır. Guşədə Azərbaycan və Türkiyə tarixçilərinin birgə hazırladıqları, əsassız erməni iddialarını tarixi sənədlər və elmi əsaslarla ifşa edən ingilis dilində kitablar da nümayiş olunur.

Maraqlananlara ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi, tolerantlıq ənənələri, turizm imkanları, Azərbaycanın ev sahibliyi edəcəyi mötəbər beynəlxalq idman yarışları, o cümlədən Bakıda keçiriləcək "Formula-1” Avropa Qran-pri yarışları haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə edilir.

Stendə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilir.

Bundan başqa, stenddə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği, milli mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işləri əks etdirən materiallar da yer alıb.

1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan, 40 ildən çox müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrindən, eləcə də ABŞ, Kanada, Yaponiya, Çin, Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Hindistan və Türkiyədən 500-ə yaxın dövlət və özəl nəşriyyat iştirak edir.

Sərginin ilk günündə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin stendi ilə tanış olub.

Xatırladaq ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti London beynəlxalq kitab sərgisinə ilk dəfə 2009-cu ildə qatılıb.

Bu il sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlar ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Aslan Cəfərov, həmin şöbənin məsləhətçisi Xəyal Məmmədov, "Azərnəşr” dövlət nəşriyyatının direktoru Azər Mustafazadə təmsil edirlər.

Sərgi aprelin 14-dək davam edəcək.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər