12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Vahid Əhmədov: “Ərzaq bazarında qiymətlər dözülməzdir”
Tarix: 16-03-2021 12:59 | Bölmə: Slayd
Vahid Əhmədov: “Ərzaq bazarında qiymətlər dözülməzdir”

“Baş nazir 2020-ci ilin yekunlarına dair ətraflı hesabat verib. 2020-ci ildə iki məsələ əhəmiyyətlidir. 44 günlük müharibə dövründə işğalda olan ərazilərin azad edilməsidir. Bu, tarixi hadisədir. Həmçinin 2020-ci ildə TANAP layihəsinin işə salınması, Azərbaycan qazının Avropaya çatdırılması mühüm hadisədir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı Vahid Əhmədov deyib.

Deputat xatırladıb ki, Azərbaycan 2020-ci ildə həm də pandemiya şəraitində yaşamalı olub: “İnsanların tez bir zamanda xəstəlikdən xilas olması üçün işlər görülüb. Xüsusilə, modul tipli xəstəxanaların açılması müsbət hadisədir”.

V. Əhmədov qeyd edib ki, 2020-ci ildə ümumdaxili məhsul 4,3 faiz azalıb: “Ən çox azalma turizm sahəsindədir. Amma kənd təsərrüfatı sahəsində 2 faizə qədər artım olub. Manatın sabitliyinin təmin olunması inflyasiyanın 2,8 faiz həddə saxlanılmasına səbəb olub.

Dizel yanacağı və benzinin qiymətində artım oldu. Amma ərzaq bazarında qiymət artımı dözülməzdir. İqtisadiyyat Nazirliyinin Anti-İnhisar İdarəsi ciddi monitorinqlər həyata keçirib. Amma bu qiymətlər obyektiv deyil, subyektivdir. Məncə, bu davam edərsə, insanlara ayrılan məvaciblərə problem yaradar.

İkincisi bazarda azad rəqabət məsələsidir. Biz uzun müddətdir məsələni qaldırırıq. Rəqabət Məcəlləsinin qəbul edilməsi ölkənin qiymət siyasətinə və bazarda azad rəqabətin bərpasına zəmin yaradacaq. Mən xahiş edirəm ki, Rəqabət Məcəlləsinin qəbulunu tezləşdirsinlər”.

V. Əhmədovun sözlərinə görə, ixracatda neft-qaz məhsullarının payı 90 faizə yaxındır: “Elə məhsullar var ki, onu ölkədə istehsal etmək mümkündür. Ərzaq məhsullarının istehsalına diqqət edilməlidir.

İdarəetmənin təkmilləşdirilməsi ilə bağlı son illər işlər görülüb. Müşahidə şuralarının yaradılması, nəzarət mexanizminin gücləndirilməsi müsbət nəticələrini verməkdədir”.

Deputat xatırladıb ki, bir zamanlar sahibkarlar vergi sistemindən şikayət edirdilər, amma indi belə şikayətlər yoxdur:

“Bizi çox maraqlandıran məsələlərdən biri də hüquq-mühafizə orqanlarında islahat aparılması, məhkəmə sahəsində işlərin görülməsidir. Məhkəmə-hüquq sistemində islahatlar aparmaq lazımdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər