143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
Tarix: 13-06-2025 10:40 | Bölmə: Slayd
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.

Reyting.az
bildirir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrlik etdiyi prosesdə təqsirləndirilən Cəlal Kazımovun həyat yoldaşı Nüşabə Kazımova, oğlu Emin Kazımzadə, qızı Aytən Niftəlizadənin vəkili Əli Adıgözəlov çıxış ediblər.

Vəkil Əli Adıgözəlov deyib ki, həmin şəxslərə məxsus əmlakların üzərinə Bakı Hərbi Məhkəməsinin hökmü ilə həbs qoyulmasından apellyasiya şikayəti veriblər. Vəkil şikayətlərin təmin olunmasını istəyib: "Həmin əmlakların hansı yolla əldə olunması və alınması ilə bağlı sübutlar toplayıb birinci instansiya məhkəməsinə təqdim etmişdik. Lakin məhkəmə bu sübutlara əhəmiyyət vermədən əmlakların müsadirə olunması üçün onların üzərinə həbs qoydu. Aytən Niftəlizadənin bir evi var. Həmin ev Aytənə qayınanası tərəfindən alınıb. Aytən Niftəlizadə 2016-cı ildə ailə həyatı qurub. 2020-ci ildə qayınanası ona ev alıb. O, evi oğlunun yox, gəlinin adına alıb, ona hədiyyə edib".

Vəkil daha sonra bildirib ki, Emin Kazımzadəyə məxsus evin üzərinə qoyulmuş həbs də qanunsuzdur. Onun sözlərinə görə, həmin ev Emin Kazımzadəyə əmisi tərəfindən bağışlanıb.

Vəkil çıxışının sonunda şikayətinin təmin olunmasını istəyib.

Proses iyunun 30-da davam edəcək.

Xatırladaq ki, general Nizami Məmmədovun vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Vəkillər onun cəzasının yüngülləşdirilməsini istəyiblər.

Vəkillər Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsinin nəzərə alınmasını qeyd ediblər. Bundan başqa, digər təqsirləndirilən şəxslərin də vəkilləri apellyasiya şikayəti veriblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Dövlət büdcəsinə vurulmuş ziyanı tam ödəmədikləri üçün təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dövlətə dəymiş ziyanın tam ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır.

Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.(Teleqraf)




Bölməyə aid digər xəbərlər