12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Türkiyə Ukraynada, Rusiya Suriyada güclənir - Deputat
Tarix: 29-03-2021 17:11 | Bölmə: Slayd
Türkiyə Ukraynada, Rusiya Suriyada güclənir

“Vaxtaşırı Suriyada gərginlik artır və ya azalır. Xüsusilə İdlib istiqamətində. İstisna etmirəm ki, Türkiyə də öz növbəsində Ukraynaya dəstəyini genişləndirir. Dolaysı ilə ruslara deyir ki, siz gəlib bizim arxa həyətdə hərbi işlər görürsünüzsə, cavabını Ukraynadan gözləyin. Yəni hər ikisi böyük dövlətdir və onların öz siyasəti, hesabları var”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiya Hərbi Dəniz Donanmasının 636 “Varşavyanka” layihəsindən olan 6 elektrik mühərrikli sualtı qayığını Qara dənizə çıxarması, həmçinin donanmanın 3 döyüş-desant gəmisini Aralıq dənizinə göndərərək Suriya sahillərində mövqe tutması və Hmeymim hərbi hava bazasına 4 ədəd “Su-35” qırıcısı göndərməsini şərh edərkən deyib.


R. Musabəyov

Qeyd edək ki, rus hərbi analitikləri də daxil olmaqla bir sıra şəxslərin ehtimalına görə, rəsmi Moskvanın bu addımının arxasında İdlib bölgəsinə zərbələr endirmək, bu ərazini Bəşər Əsədin nəzarətinə qaytarmaq niyyəti gizlənir.

Deputat əlavə edib ki, Suriyanın İdlib regionunda dəfələrlə rus-türk qarşıdurması olub: “Əlbəttə, bunu ruslar birbaşa etmir, daha çox Bəşər Əsədin əli ilə edirlər. Ancaq Türkiyə Əsədi hərəkətlərinə görə bir-iki dəfə sərt şəkildə cəzalandırıb. Düşünürəm ki, bu dəfə də Əsəd İdlibə soxulacağı təqdirdə Türkiyədən sərt cavab alacaq”.

Politoloq bildirib ki, əslində qərb ölkələri böyük məmnuniyyətlə Rusiyanı Türkiyə ilə vuruşdurardılar: “Ancaq fərz edirəm ki, Türkiyə və Rusiya rəhbərliyi vəziyyəti adekvat qiymətləndirmək iqtidarındadırlar. Bu o demək deyil ki, qərbin təzyiqləri altında Türkiyə Rusiya ilə qucaqlaşacaq. Ancaq situativ əməkdaşlıq mövcuddur. ABŞ və Avropanın xoşuna gəlməsə də, Türkiyə “S-400” raket kompleksinin bir partiyasını alıb, indi də ikinci partiyanı alacağını deyir. Eləcə də “Türk Axını” layihəsi həyata keçirildi. Hazırda Akkuyuda nüvə elektrik stansiyalarını tikdirir. Baxmayaraq ki, bu, qərb ölkələrinin xoşuna gəlmir.

Əlbəttə, Türkiyə və Rusiya böyük dövlətdir və narazı qalanlara deyirlər ki, xoşunuza gəlmirsə, sərin su için. Türkiyə öz siyasətini addım-addım daha sərbəst və müstəqil formada həyata keçirir. Düzdür, bu, ABŞ və Avropanın bəzi ölkələri üçün xoş deyil. Çünki onlar Türkiyəyə yuxarıdan aşağı baxmağa öyrəşmişdilər, ancaq indi onunla hesablaşmalı olurlar. Onlar anlamırlar ki, zamanında Türkiyənin 15 milyon əhalisi, zəif iqtisadiyyatı olsa da, indi 85 milyon əhalisi var. Eyni zamanda Türkiyə dünya iqtisadiyyatında 15-ci, NATO ittifaqında ikinci güclü orduya malik ölkədir. Bunları nəzərə alıb Türkiyənin hərəkətləri ilə barışmalı olacaqlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər