Müğənni Vasif Məhərrəmli məhkəmədə ifadə verib - Yenilənib
Tarix: 09-03-2022 16:14 | Bölmə: Şou-biznes
Müğənni Vasif Məhərrəmli məhkəmədə ifadə verib

Müğənni, Əməkdar artist Vasif Məhərrəmli dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəməyə çağırılıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Vasif Məhərrəmli bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində dindirilib.

O bildirib ki, təqsirləndirilən şəxs ona pul vermədiyi üçün şantaj edib: "Həyat yoldaşım Maqsud adlı şəxsin sosial şəbəkələrdə mənim haqqımda xoşagəlməz ifadələrin işlətdiyini dedi. Guya mən Tbilisi prospektində 3 otaqlı ev almışam və anam yaşda qadınla şəxsi münasibətim var. Onun nömrəsini tapıb zəng etdim. Lakin Maqsud telefonu açmadı. Daha sonra özü mənə zəng etdi. Soruşdum ki, bu böhtan dolu informasiyaları sənə kim deyib? Maqsud bildirdi ki, "sərbli ol, tam dəqiq öyrənib deyəcəm". Daha sonra onunla münasibətimiz yarandı. O, Manaf haqqında da bəzi söhbətlər danışdı. Maqsuda belə etmə dedim. Manaf və Afətdən pul istədiyini eşitdim. Amma onlar məndən ağıllı çıxıb vermədilər. Mən isə Maqsuda 1000 manat pul verdim", - müğənni bildirib.

Hazırda məhkəmə davam edir.

Qeyd edək ki, M. Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.

Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər