13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
Akademikin armudu stəkanındakı limon
Tarix: 21-10-2025 16:05 | Bölmə: Xəbərlər
Akademikin armudu stəkanındakı limon

Etibar CƏBRAYILOĞLU

Yatmışıq fil qulağında heç nədən xəbərimiz olmayıb. İndi yavaş-yavaş məlum olur ki, bəziləri canlarını xörək qaşığına qoyub Ramiz Mehdiyevlə mübarizə aparıbmış.

Hansı qəzeti vərəqləyirsən, hansı telekanala göz atırsan o dəqiqə həmin cəngavərlər görünür. Biri deyir akademikin mətbəə iyi üstündən getməyən kitabı barədə tənqidi məqalə yazıb çap elətdirdim. Digəri də deyir ki, mən rəsmi toplantıda yerdən söz alaraq tribunaya qalxıb Ramiz Mehdiyevin idarəçilikdəki səhvlərini üzünə deyəndə bəs siz harda idiniz?

Ramiz Mehdiyevin Administrasiyaya rəhbərlik etdiyi uzun illər ərzində həftə səkkiz, mən doqquz kabinetinə girib tənqidi fikirləri üzünə deyən, əlini masaya möhkəm çırpıb “Özünüzü yığışdırın, Ramiz Ənvəroviç, məni başqaları ilə səhv salmayın”,- deyənlər də var imiş...

Mən yazıq, sakitcə oturub baş verənləri izləyirəm. Səsimi də çıxarmıram, halbuki... 2009-cu il idi, söz vaxtına çəkər, dəniz mövsümü yenicə bitmişdi, payız yavaş-yavaş yol gəlirdi. Evdə uzanıb internetdən qayğanaq bişirməyin yeni üsullarını öyrənirdim. Birdən vəziyyət dəyişdi, zəng zəng dalınca, bəzilərinə imkan tapıb heç cavab verə bilmədim. Bir birinin dalınca zəng vuranlar dedilər ki, bəs hardasan, Mehdiyev səni axtarır, tez özünü yetir.

Qəbul otağındakı qələbəlikdə xeyli həyəcan keçirib növbəmi gözlədim. Kabinetə daxil olanda akademik televizorun səsini azaltdı. Gördüm ki, OTR-də “Gözlə məni” tok-şousuna baxır. Qarşısındakı armudu stəkanda çay buxarlanırdı, çayına limon da salmışdılar. İşinin-gücünün belə gərgin vaxtında akademik limonla əlləşəsi deyildi ki...

Akademik söhbəti çox uzatmadı, qarşısındakı kağızlara təkrar-təkrar nəzər yetirib dedi ki, sənin sənədlərin qaydasındadır. Ona görə də istəyirəm sənə Hacıqabulun və ya Siyəzənin icra hakimiyyətinin başçısı vəzifəsini etibar edim. Amma bir şərtim var. Bu sözü deyib qısa pauza verdi, sonra məni diqqətlə süzdü:

- Gərək mənim komandamda...

Yerimdən dik durub akademikin sözünü yarımçıq kəsdim. Əsəbi tonda:

- Mənim bir komandam var, o da “Xəzər Lənkəran”!

Geriyə də baxmadan akademikin kabinetini tərk elədim. Bilirəm, bəlkə də bəziləri mənim akademiklə hələ o vaxtlardan kəskin münasibətlərdə olduğuma, aramızdakı dialoqun baş verməsinə inanmayacaqlar. Amma bu məni heç narahat eləmir. İnanan inansın, inanmayan gedib akademikin armudu stəkanındakı limondan soruşsun...




Bölməyə aid digər xəbərlər