Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
Tarix: 20-10-2025 15:51 | Bölmə: Slayd
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb

“Bir neçə analiz Ramiz Mehdiyevin dövlətimizə vurduğu zərər və ziyanı göstərir. Qalan hər kəs nə gəldi, yazır. Əsas məqam Mehdiyevin dövlətə vurduğu ziyandır - bunu yazmaq, araşdırmaq və təqdim etmək lazımdır”.

Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Prezident Administrasiyasının sabiq rəhbəri və hazırda bir neçə maddə ilə ittiham olunan Ramiz Mehdiyevin əməllərindən danışarkən deyib.

Cümşüd Nuriyev bildirib ki, Ramiz Mehdiyev son 20-30 ildə dövlətə və hakimiyyətə inamın aradan qalxması üçün şüurlu fəaliyyət göstərib:

“Mehdiyev bununla Milli Təhlükəsizlik Konsepsiyasının müvafiq maddələrini pozub. İlk növbədə ölkəmizə siyasi təhdid yaradıb. O, hazırda hakimiyyəti ələ keçirmə maddəsi ilə ittiham olunur. Yəni dövlət təhlükəsizliyini təhlükə altına atıb, buna cəhd edib”.

Professorun sözlərinə görə, bir neçə media kanalı hələ də Ramiz Mehdiyev haqqında ya məlumat vermir, ya da bu məlumatları çox xəsisliklə təqdim edir. C. Nuriyevin fikrincə, jurnalistlər bu məsələni də araşdırmalıdırlar.

Müsahibimizin iddiasına görə, Mehdiyev Azərbaycan dövləti üçün iqtisadi təhlükə də yaradıb:

“Məsələn, məmur olduğu halda qeyri-qanuni yolla kommersiya və bizneslə məşğul olub. Bununla da Milli Təhlükəsizlik Konsepsiyasının 17-ci maddəsini pozub”.

C. Nuriyev qeyd edib ki, Mehdiyevə, ailəsinə və yaxınlarına məxsus olan mülklər artıq yüz milyonlarla deyil, milyardlarla qiymətləndirilir: “Bunlar cinayət yolu ilə əldə edilib.

Mehdiyev bu müddət ərzində Azərbaycanın təhlükəsizliyinə zərbə vurub. Vaxtilə Qarabağı işğaldan azad edə bilməməyimizin bir səbəbi də Mehdiyev olub. Dövlətimiz nəyəsə hazırlaşanda bu plan baş tutmayıb. Məsələn, 2016-cı ildə keçirilən hərbi əməliyyatlar zamanı məcburi geri çəkilməyimiz. Çox güman ki, bunun da səbəbi Mehdiyev və onun kimilər olub. Böyük ehtimalla planlarımız barədə ruslara və ermənilərə məlumat ötürüblər. Ancaq Mehdiyev işdən çıxarıldıqdan 10 ay sonra Azərbaycan Qarabağda suverenliyini bərpa etdi”.

Nuriyev deyir ki, Mehdiyev Azərbaycan elminə və təhsilinə də zərbə vurub:

“AMEA və Ali Attestasiya Komissiyası da onun nəzarətində idi. Təsəvvür edin, elə şəxslər var ki, elmi iş müdafiə edir və 30 gündən sonra bunun təsdiqini alır. Məndə bu proses 16 ay, qızımda isə 7 il çəkib”.

C. Nuriyev 2008-ci ildə Heydər Əliyev Fondunun erməni saxtakarlıqlarını ifşa etməyə başladığını da xatırladıb:

“Alimlərimiz Amerika, Rusiya, Türkiyə və Avropaya göndərildi. Xaricdən materiallar gətirildi və qısa müddət ərzində bir neçə qiymətli kitab nəşr olundu. Amma Mehdiyevin bu işdən xoşu gəlmədi. Çünki Heydər Əliyev Fondunun və alimlərimizin hədəfi terrorçu ermənilər və erməni saxtakarlıqları olsa da, Mehdiyev erməniləri müdafiə edirdi. Sonradan bu alimlərin çoxuna təzyiqlər göstərildi. Rövşən Mustafayevin (AMEA-nın institut direktoru nəzərdə tutulur – red.) ölümü də bu baxımdan müəmmalıdır”.

Professor sonda əlavə edib ki, Mehdiyev həm xaricdə Azərbaycan dövlətini və onun rəhbərini təhqir edən “söyüşçü” blogerləri, həm də “ana müxalifət” adına iddia edən partiyaları maliyyələşdirib:

“Bu maliyyələşdirmə Mehdiyevin nəzarətindəki universitetlər vasitəsilə həyata keçirilirdi. Beləliklə, Mehdiyev “ana müxalifətin atası” roluna yüksəlirdi”.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto