Ayaz Mütəllibov dəfn olunub - Yenilənib
Tarix: 28-03-2022 14:50 | Bölmə: Xəbərlər
Ayaz Mütəllibov dəfn olunub

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə "ASAN Radio" məlumat yayıb.

Ayaz Niyaz oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Respublikasının birinci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi olub. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1959-cu ildə Soyuducular Zavodunda işə düzəlib və 26 yaşında zavodunun müdiri təyin olunub.

1974-cü ildə isə «Bakelektromaş» İstehsalat Birliyinin müdiri vəzifəsində çalışıb. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi, 1979-cu ildə respublikanın yerli sənaye naziri, 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri və Nazirlər Şurasının sədr müavini vəzifələrini tutub.

1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin mayında Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycanın prezidenti seçilib. 1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib, 1992-ci il martın 6-da istefa verib.

Azərbaycan Sosial Demokrat Partiyasının 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.

Allah rəhmət eləsin!

***

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə APA-ya Ayaz Mütəllibovun sabiq köməkçisi Anar Ağayev məlumat verib.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla vida mərasimi keçirilir.

Reyting.az
xəbər verir ki, vida mərasimində ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak edir.

Vida mərasimi bitdikdən sonra cənazə dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

***

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn olunub.

Reyting.az
xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, A.Mütəllibov uzun sürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
20-05-2025, 08:19 Avropa Trampa heyrətlənib