Oqtay Əsədov: “Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq”
Tarix: 13-06-2017 14:42 | Bölmə: Cəmiyyət

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Təhsil haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub.

Reyting.az saytı Modern.az-a istinadla xəbər verir ki, qanuna nəzərdə tutulan dəyişiklik barədə məlumat verən parlamentin Elm və təhsil komitəsinin sədri müavini Bəxtiyar Əliyev bildirib ki, qanuna üç dəyişiklik nəzərdə tutulur.

"Birinci dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, ali və orta xistisas məktəblərində hazırlıq kursları müvafiq icra hakimiyyəti tərəfindən təşkil olunacaq.

Bildiyiniz kimi ildə 70-80 min abituryent imtahan verir, ancaq onların heç də hamısı ali və orta ixtisas məktəblərinə qəbul ola bilmirlər.

Onlar müəyyən bal toplasa da, bakalavr pilləsinə qəbul ola bilmirlər. Qanuna nəzərdə tutulan dəyişikliyin də məqsədi imtahan zamanı müəyyən bal toplayan abituryentlərin təhsildən kənarda qalmamasını təmin etməkdir. Bu şəxslər hazırlıq kurslarına cəb olunacaq. Sonra müvafiq icra hakimiyyəti tərəfindən buraxılış imtahanları müəyyən ediləcək. Hazırlıq kurslarının müvəfəqiyyətlə bitirənlərin ali və orta ixtisas məktəblərinə qəbulu məsələsi müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək”.

Deputat onu da əlavə edib ki, hazırlıq kurslarının ödənişli olması nəzərdə tutulur.

Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa dəyişikliyi təqdir edərək bildirib ki, ali məktəblərə qəbul qaydalarını asanlaşdırıb, universiteti bitirməyi çətinləşdirmək lazımdır.

"Qoy bir ali məktəbə on minlərlə adam qəbul olunsun, ancaq 10-20 nəfəri diplom ala bilsin. Bununla da pul ölkədə qalır. Bəzən elə olur ki, Azərbaycanda ali məktəbə qəbul zamanı yüksək bal toplayan gənclər xaricdəki ali məktəblərdə təhsilə üstünlük verirlər. Amma onlar da xaricdə təhsili nəzərdə tutulan müddətdə başa vurmurlar.

Ona görə də bizdə də diplom almağı çətinləşdirmək lazımdır. Tələbə bilməlidir ki, oxumaq lazımdır”.

Deputat Vahid Əhmədovun hazırlıq kurslarını bitirən abituryentlərin ali məktəbə test və ya testsiz qəbul edilməyəcəyi ilə bağlı qaldırdığı məsələ isə Milli Məclis sədri Oqtay Əsədov tərəfindən etirazla qarşılanıb.

Spiker bildirib ki, bəzən bütün məsələlərdə hansısa xoşagəlməz məqamlar axtarırlar.

"İldə Azərbaycanda 70-80 min abituyent imtahan verir və onun haradasa 40 mini tələbə adını qazanır. Qalanları isə kənarda qalır. Məsələn, ötən il 40 min abituriyent tələbə adını ala bilməyib. Onların 20 mini xarici ölkəyə üz tututb. Hazırlıq kurslarının da təşkil olunması məhz xaricə axının qarşısını almağa xidmət edir.

Burada digər məqam ondan ibarətdir ki, hazırlıq kursunu bitirən abituriyentin ali məktəbə imtahansız qəbulu nəzərdə tutulmur. Hazırlıq kursunu bitirənlərin də yekunda imtahan verməsi nəzərdə tutulur”.

Deputat Qüdrət Həsənquliyev də qanuna nəzərdə tutulan dəyişikliyi təqdir edərək bildirib ki, bununla da külli miqdarda valyuta ölkədə qalcaq.

"Bu gün Azərbaycanda ali məktəbə qəbul olmayanlar xarici ölkələrə üz tutur. Hansı ki, həmin ölkələrdəki ali məktəblər elə də reytinqli ali məktəblər deyil. Ora üz tutanların valideynləri də sonradan onlara maddi dəstək vermək üçün ciddi problemlərlə üzləşirlər. Ona görə də qanuna dəyişikliyi təqdir edirəm”.

Deputat sonda onu da bildirib ki, Azərbaycanda region ölkələri arasında tələbə sayına görə sonuncu yerdədir və bu say artırılmalıdır.

Qanun layihəsi sonda səsə qoyularaq qəbul edilib.

 






Bölməyə aid digər xəbərlər
Dünən, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər