Aİ Şurasının Prezidenti və Həsən Ruhani arasında telefon danışığı olub
Tarix: 09-01-2020 15:04 | Bölmə: Dünya
Aİ Şurasının Prezidenti və Həsən Ruhani arasında telefon danışığı olub

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

APA-nın Aİ Şurasının saytına istinadən verdiyi xəbərə görə, öncə Şarl Mişel Tehran yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı Həsən Ruhaniyə başsağlığı verib.

Regiondakı gərginliyə toxunan Aİ Şurasının Prezidenti gərginliyin aradan qaldırılması üçün Aİ-nin bütün tərəflərlə işləməyə hazır olduğunu bəyan edib. O, Yaxın Şərqdə de-eskalasiya prosesinə maneə yaradacaq və gərginliyi artıracaq növbəti addımların atılmayacağına ümid etdiyini ifadə edib.

Aİ-nin regionda həmişə stabilləşdirici və məsuliyyətli rol oynadığını deyən İran Prezidenti Həsən Ruhani bildirib ki, onun ölkəsi Aİ ilə yaxın əməkdaşlığı davam etdirməyə hazırdır.

İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının 10 il davam edən intensiv beynəlxalq müzakirələrdən sonra əldə edilən vacib nailiyyət olduğunu bildirən Aİ Şurasının Prezidenti bu sazişin regional stabillik üçün də vacib olduğunu diqqətə çatdırıb. Şarl Mişel İran Prezidentini geriyə dönüşü mümkün olmayan addımlar atmamağa çağırıb.

AB-nin öz maraqları və baxışı olduğunu qeyd edən Şarl Mişel üzv dövlətlərlə sıx əməkdaşlıq şəraitində İttifaqın öz rolunu beynəlxalq səviyyədə icra edəcəyini vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər