20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanda Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılır - Sərəncam
Tarix: 04-09-2023 13:27 | Bölmə: Gündəm
Azərbaycanda Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılır

Prezident İlham Əliyev “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

Reyting.az
-ın xəbərinə görə, Sərəncamda deyilir ki, Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatlarının istifadə etdiyi əhəmiyyətli yol olmuşdur. Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu yolun Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri var.

Sənəd Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada turizmin inkişaf etdirilməsi məqsədilə imzalanıb.

Sərəncamla Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu elan edilib.

Nazirlər Kabineti beş ay müddətində qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Dövlət Turizm Agentliyinə isə qoruğun idarə olunmasını təmin etmək və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər