Prezident Pakistan Senatının sədri ilə görüşüb
Tarix: 19-02-2025 21:45 | Bölmə: Gündəm
Prezident Pakistan Senatının sədri ilə görüşüb

Prezident İlham Əliyev fevralın 19-da Pakistan İslam Respublikasının Senatının sədri Seyid Yusuf Rza Gilanini qəbul edib.

Reyting.az
xəbər verir ki, Seyid Yusuf Rza Gilani Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari və Baş naziri Məhəmməd Şahbaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistanın prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Qonaq Bakıda COP29-un uğurla keçirilməsi münasibətilə bir daha təbriklərini çatdırıb.

Dövlətimizin başçısı Pakistanın baş nazirinin COP29-da iştirakını məmnunluqla xatırlayaraq bunu yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan ilə Pakistan arasında iqtisadi-ticari, energetika və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, uğurlu hərbi əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsindən məmnunluq ifadə olundu, parlamentlərimiz arasındakı əlaqələrin və hökumətlərarası komissiyanın işinin əhəmiyyəti qeyd edib.

Azərbaycan ilə Pakistan arasında əlaqələrin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatında inkişafı və bu formatda üçtərəfli görüşlərin əhəmiyyətinə toxunulub.

Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.




Bölməyə aid digər xəbərlər