14:43 / 25-11-2024
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
14:29 / 25-11-2024
Qarabağ zonasında daha 1457,4 hektar ərazi minalardan təmizlənib
14:21 / 25-11-2024
İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edib
14:16 / 25-11-2024
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə təsdiqlənib
14:10 / 25-11-2024
Azərbaycanda yeni bələdiyyələr yaradılıb - Siyahı
14:00 / 25-11-2024
Nazirlik Boradigah sakinlərinə müsbət cavab verib
13:49 / 25-11-2024
Kəşfiyyat araşdırır: “Xabad” elçisinin qətlində “Özbəkistan izi” var
13:32 / 25-11-2024
Piramidanın tikintisinə 5 milyard dollar tələb olunur - Foto
13:09 / 25-11-2024
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
13:01 / 25-11-2024
Sabahın hava proqnozu açıqlanıb
12:51 / 25-11-2024
Azərbaycan və İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə təlimi keçirilir - Fotolar
12:49 / 25-11-2024
Rusiya-Ukrayna müharibəsi rusları bezdirib - Foto
12:38 / 25-11-2024
Bir qrup vəzifəli şəxs hakim qarşısına çıxarılır
12:33 / 25-11-2024
Süni intellektin yaratdığı nənə fırıldaqçılarla mübarizə aparacaq
12:27 / 25-11-2024
İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
12:21 / 25-11-2024
MEDİA KİV-lərə dəstək üçün müsabiqə elan edib - Yenilənib
11:37 / 25-11-2024
"Kartdan karta" üsulu ilə işləyən daha 258 sahibkar cərimələnib
11:24 / 25-11-2024
Ali Məhkəmə "təhqir və böhtan"la bağlı mübahisəli vəziyyətə izahat verib
11:17 / 25-11-2024
Kəlbəcər Şəhər Gününə həsr olunmuş kütləvi qaçış keçirilib
11:01 / 25-11-2024
Bu ölkələrdən ölkəmizə ət məhsullarının idxalına məhdudiyyət qoyulub
10:53 / 25-11-2024
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var
10:48 / 25-11-2024
İsrail İraqa təhdid məktubu göndərib
10:39 / 25-11-2024
Gürcüstan prezident seçkilərinə gedir
10:27 / 25-11-2024
Millimizin heyətində dəyişiklik edilib
10:10 / 25-11-2024
Deputat Əminə Ağazadə MDB PA-da komissiya sədrinin müavini seçilib
10:06 / 25-11-2024
Meşə təsərrüfatına dəyən zərər və itkilərin ödənilməsi qaydası dəyişib
09:58 / 25-11-2024
Ukraynaya kütləvi PUA hücumu olub
09:53 / 25-11-2024
Hayfanın meri şəhərin çökdüyünü deyir
09:48 / 25-11-2024
NATO-nun baş katibi Türkiyə prezidenti ilə görüşə gəlib
09:39 / 25-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
11:03 / 23-11-2024
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır? - (Yenilənib)
15:30 / 22-11-2024
Nüvə müharibəsi ssenarisi - Təhlükədən qorunmaq üçün bunker sifariş edənlərin sayı artır
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
13:04 / 21-11-2024
Kino şirkəti Batmobil avtomobili istehsal edir
Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir - Fotolar
Tarix: 10-05-2020 12:50 | Bölmə: Gündəm
May ayının 10-da Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Bu günlərdə qədirbilən xalqımız öz müdrik liderini xüsusi sevgi və məhəbbətlə yad edir, ruhuna dualar oxuyur. Ümummilli Liderin müstəqil dövlətçilik tariximizdəki yeri və rolu haqqında mühüm və vacib hesab etdiyim müəyyən fikirlərimi hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə Heydər Əliyev nəinki müstəqil dövlət quruculuğu prosesini həyata keçirdi, bütün sahələr üzrə gələcək inkişafın sağlam təməlini qoydu, eyni zamanda ölkə vətəndaşlarını dövlətçilik ətrafında səfərbər edən, daxildə və beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd, məram uğrunda birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaratdı. Ümummilli lider bu ideya ilə bağlı əvvəlki iki yüz ilə yaxın bir dövr ərzində aydın düşüncə sahiblərimizin ortaya qoyduğu çoxsaylı fikirləri yaradıcı şəkildə inkişaf etdirərək, azərbaycançılıq ideyasına yeni bir hüquqi-siyasi və ideoloji məzmun verdi, onu tamamilə ölkənin milli-etnik xüsusiyyətlərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz onun dövründə həqiqi siyasi-ideoloji məzmun qazanaraq, mükəmməl bir dövlətçilik təliminə çevrildi və müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası səviyyəsinə yüksəldi.
Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən, respublikanın malik olduğu siyasi, iqtisadi, mədəni və intellektual potensialdan istifadə edərək XX əsrin sonunda özünün istiqlal arzusunu yenidən gerçəkləşdirdi. Lakin müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi və əbədi edilməsi bundan da çətindir".
Müstəqillik illərində Azərbaycanın yaşadığı real həyatın təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya yalnız Heydər Əliyev kimi möhkəm iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın böyük dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs başçılıq edə bilərdi. XX yüzilin 90-cı illərinin sonunda Azərbaycanda Ümummilli Lider mövqeyinə yüksələ bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə şəxsiyyət məhz Heydər Əliyev idi.
Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik etmək istəyən bütün liderlər üçün örnək olmağa layiqdir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq saçacaqdır.
Heydər Əliyevin dərin ideya və fikirləri, həyata keçirdiyi siyasət Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri və konseptual əsaslarını yaratmışdır. SSRİ-nin dağılması nəticəsində socialist sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, qloballaşan dünyada öz yerini axtaran, milli mənafelərini qorumağa çalışan gənc Azərbaycan üçün Heydər Əliyevin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası və proqramı idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyətinin və ideya-siyasi baxışlarının çox böyük rolu olub.
Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanın rəhbərliyinə qayıdarkən bitkin dövlət konsepsiyasına malik idi. Bu konsepsiyanın bəzi tezisləri onun 1992-ci ildə Azərbaycan ziyalılarına ünvanlanmış müraciətində və elə həmin il qəbul edilmiş Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapmışdır. Bu proqram xarakterli müraciətdə dövrün real ictimai-siyasi vəziyyəti, müstəqil dövlət quruculuğunun şərtləri, regionumuzda və beynəlxalq aləmdə cərəyan edən hadisələrin və yaşanan proseslərin xarakteri, Azərbaycanın daxili durumu, hökm sürən iqtisadi, siyasi böhran, ondan çıxış yolları və digər taleyüklü məsələlər tezislər şəklində özünün əsl siyasi qiymətini almışdır.
Ulu öndər Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı ölkə həyatının ən vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi, beynəlxalq təhlükəsizliyi və s. vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı güclü olsun və qarşıya qoyulmuş məqsədlərə cavab versin.
Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində insan amilinə, milli və dövlətçilik təfəkkürü güclü olan kadrlara ciddi önəm verir, hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və milli iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar və fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, Vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi.
Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasına on illik rəhbərliyi dövründə nəinki müstəqil dövlət quruculuğunu həyata keçirdi, həmçinin bu dövlətin gələcək inkişafının sağlam təməlini qoydu, eyni zamanda ölkə vətəndaşlarını dövlətçilik ətrafında səfərbər edən, daxildə və beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd, məram ətrafında birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaratdı.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycanda artIq kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı müstəqil dövlətçilik ətrafında birləşdirə bilən, azərbaycanlıların kimliyini, yaratdığı dövlətin xarakterini izah edən, milli-mənəvi dəyərlərini qoruyub saxlayan və inkişaf etdirən, ölkə vətəndaşlarını öz ətrafında səfərbər edərək gələcəyə aparan nə vahid ideoloji-siyasi təlim, nə də funksional idarəçilik sistemi yaradılmışdı. Keçmişin bütün zəngin irsindən, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total şəkildə imtina meyli Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Cəmiyyətin ideyasızlaşdırılması cəhdi bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edən rəsmilərin aydın məqsəd və məramının yoxluğundan, rəhbərlik etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamalarından irəli gəlirdi.
Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasətinin prioritetinə çevrildi. Bir faktı xüsusi vurğulamalıyıq ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qorudu və vaxtilə onun qurucularının birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Həm də nəinki sadəcə olaraq bu ideoloji təlimə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti, dövlət ideologiyası səviyyəsinə qaldırdı.
Ümummilli Lider qeyd edirdi ki, “Milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır”. Məlum olduğu kimi, azərbaycançılıq ideyasının tarixi son iki yüz ili əhatə edir. XIX əsrin milli maarifçilik hərəkatı nümayəndələrinə qədər “azərbaycançılıq” ifadəsi əsasən “vətənçilik”, “vətənsevərlik” mənasında işlədilirdi, onun milli səfərbəredici və içtimai praktiki təsiri isə çox aşağı idi. Sonrakı dövrdə, XIX əsrin maarifçilik hərəkatı nümayəndələri, xüsusən də M.F.Axundzadə, A.A.Bakıxanov, H.B.Zərdabi, N.B.Vəzirov, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, N.Nərimanov və başqaları öz əsərlərində “azərbaycançılıq” ideyasını məzmunca bir qədər də dolğunlaşdıraraq, onu xalqımıza qarşı həyata keçirilən işğalçılığa, milli məhrumiyyətlərə müqavimət reaksiyası, tarixi yaddaşın qorunması, ana dilinin, milli adət-ənənələrin, mənəviyyatın yaşadılması, inkişafı, milli şüurun oyanışı və digər biçimlərdə təqdim etməyə başladılar.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları 1918-1920-ci illərdə ilk dəfə rəsmi olaraq “azərbaycançılıq” ideyasını daha sistemli bir məzmunla dövlət siyasəti səviyyəsinə qaldırmağa, dövlətçilik ideologiyasına çevirməyə cəhd göstərərək, Cümhuriyyətin fəaliyyətini bu ideya istiqamətində qurmağa çalışmışdılar. Lakin Xalq Cümhuriyyətinin tezliklə süqut etməsi azərbaycançılıq ideyasını da yeni yaranan sovet respublikasının rəsmi gündəmindən çıxaramış və kommunist ideologiyasının kölgəsinə salmışdı.
Sovet dövründə azərbaycançılıq ideyası əsasən xalqın yaddaşında, o cümlədən milli adət-ənənələrdə, müəyyən qədər də bədii əsərlərdə yaşamış və təbii ki, dövlət ideologiyasına çevrilə bilməmişdi. Lakin bir faktı xüsusi vurğulamalıyıq ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, xüsusən 1970-80-ci illərdə azərbaycançılığın milli ideya olaraq inkişafına müəyyən qədər ictimai-siyasi, elmi, mədəni və mənəvi şərait yaradılmışdır. Bu şəraitdən o dövrdə bəzi tarixçilər, ədəbiyyatçılar, dilçilər, filosoflar və başqa intellektual fəaliyyət sahələrinin nümayəndələri müəyyən qədər bəhrələnərək bir çox əsərlər də yaratmışlar. Həmin əsərlərdə azərbaycançılığın mühüm sahələri olan “ümumazərbaycançılıq” hisslərinin, ana dilinin, milli şüurun, mədəniyyətin, mənəvi dəyərlərin, zamanın sınaqlarından keçmiş milli adət-ənənələrin inkişafı və dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə edilməsi və s. məsələlər təlqin olunmuşdur.
Azərbaycançılıq ideyasının formalaşmasında ötən əsrin 90-cı illərində – dövlət müstəqilliyinin bərpası ərəfəsində başlanmış əvvəlcə xalq, sonra isə milli-azadlıq hərəkatının əhəmiyyətli rolu olmuşdur. Bu dövrdə azərbaycançılıq ideyası ilə bağlı əvvəlki illərdə yazılmış müxtəlif əsərlərin yenidən çap olunması və yayılması, yeni kitab və məqalələrin yazılması, milli şüurun, milli ruhun yüksəlişinə xidmət edən xalq hərəkatının vüsət alması insanların kütləvi düşüncə tərzinə öz müsbət təsirini göstərdi. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, o illərdə qısa zaman kəsiyində Azərbaycanı yönəldən qüvvələr, xüsusən AXC-Müsavat dairələri respublikanın milli-etnik xüsusiyyətlərini nəzərə almadan, meydan əhval-ruhiyyəsi altında azərbaycançılığın təbliğində kobud səhvlərə yol verdilər. Onlar “azərbaycançılığı” milli müstəsnalıq kimi təqdim edərək, onu “ümumtürklük” ideyası ilə eyniləşdirdilər və bununla da ölkədaxili etnik və milli-vətəndaş etimadsızlığı mühiti yaratdılar. Bu da müvafiq olaraq, həmin dövrdə azərbaycançılıq ideyasının həyatiliyinə, ölkədaxili ümumi vətəndaş cəlbediciliyinə, vətəndaş birliyinə ciddi zərbə vuraraq, əsassız separatizm ideyalarına rəvac verdi.
Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə 1993-cü ildən bütün Azərbaycan xalqının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən bütün vətəndaşların vahid dövlətçilik ətrafında birləşdirilməsi istiqamətində ciddi iş başladıldı. Azərbaycan cəmiyyətinə hakim olan istiqlal arzusu, “azərbaycançılığın” müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və elmi-mədəni dairələrin gündəliyinə çıxarıldı. Bunun ardınca, Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, milli-mənəvi dəyərlərin qorunması, inkişafı və azərbaycançılıq ideyaları ilə birgə bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, 31 dekabrın hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil olunan çoxsaylı toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin həmvətənlərimizlə keçirdiyi görüşlər və s. 1993-cü ildən başlayaraq azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırılmasının bariz nümunələri idi.
Müstəqilliyinin ilk illərində, xüsusən 1991-1994-cü illərin təhlükəli milli-vətəndaş qarşıdurması və ictimai-siyasi böhran dövründə Heydər Əliyev “azərbaycançılıq ideyasını” daha çox ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların birləşdirici amili kimi təlqin edir və bu istiqamətdə onu daha da inkişaf etdirməyə çalışırdı. O, ölkədaxili mövcud təhlükəli vəziyyəti dəyərləndirərək qeyd edirdi ki, “Hər hansı hakimiyyətə, iqtidarlara və onların fəaliyyətinə müxalifətdə durmaq olar. Lakin dövlətə, dövlətçiliyə, milli birliyə, Vətənin, xalqın ümumi marağını ehtiva edən azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə, milli məsləkə, milli dilə, milli varlığa heç zaman müxaliflik etmək olmaz”.
Heydər Əliyev “milli ideologiya” anlayışının əsaslarını şərh edərkən bildirirdi: “Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”.
Ümumdünya tarixindən də məlumdur ki, milli mənsubiyyət duyğularına, milli səfərbəredici və birləşdirici ideyaya, milli-vətəndaş birliyi hisslərinə malik olmayan xalqlar zaman-zaman öz milli dövlətlərini itirərək, başqa dövlətlərin və xalqların tərkibində assimilyasiyaya məruz qalmışlar. Bu baxımdan, ümummilli liderin milli ideologiya ilə bağlı nəzəri yanaşmasında, ilk növbədə “ölkə vətəndaşlarının vahid amal uğrunda birləşməsi, özünü azərbaycanlı sayan bütün soydaşlarımızın Azərbaycan dövlətinə bağlılığının təmin edilməsi, milli maraqlar naminə lazım gələndə hər kəsin qətiyyətlə və böyük əzmkarlıqla fəaliyyət göstərməsi” iradəsi nəzərdə tutulur.
Heydər Əliyev müstəqillik dövründə Azərbaycanda tətbiq edilən milli ideologiyanın əhəmiyyətindən bəhs edərək, vurğulayırdı ki, “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün əsas birləşdirici ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaqla yanaşı, milliliyin ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Göründüyü kimi, ümummilli liderin düşüncəsində azərbaycançılıq ideologiyası bütün ölkə vətəndaşlarından ilk növbədə ölkəmizin dövlətçilik maraqlarına, xalqımızın milli-mənəvi dəyərlərinə və dövlətin dilinə həqiqi sevgi və qayğı tələb edirdi. Sonrakı illərdə, xüsusən də 1995-ci ildə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması və qəbulu ərəfəsində Heydər Əliyev azərbaycançılıqla bağlı əvvəlki illərdə səsləndirdiyi fikirlərini bir qədər də inkişaf etdirərək, bu birləşdirici ideyaya həm də yeni bir hüquqi-siyasi və ideoloji məzmun verdi, onu tam olaraq ölkənin milli-etnik xüsusiyyətlərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun kəsb edərək mükəmməl bir dövlətçilik təliminə çevrildi və müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası səviyyəsinə qaldırıldı.
Azərbaycançılıq ideologiyası Ümummilli Liderin dövründə və ondan sonrakı illərdə tədricən mükəmməl bir konsepsiyaya çevrilərək bütün Azərbaycan vətəndaşlarının, dünyada yaşayan əksər həmvətənlərimizin, Azərbaycanla bağlılığı olan hər bir soydaşımızın milli birlik platforması rolunu oynamağa başladı. Əgər Heydər Əliyevə qədər azərbaycançılıq ideyası əsasən etnolinqvistik, ədəbi-bədii, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun zamanında ciddi hüquqi-siyasi məzmun alaraq bitkin ideyalar sisteminə – dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi.
Bunun ardınca, 2001-ci ildə bütün soydaşlarımızın Azərbaycana dəvət edilməsi, Bakıda tarixdə ilk dəfə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, minlərlə soydaşımızın iştirakı ilə azərbaycançılığın əsaslarının geniş içtimai müzakirəsinin təşkil olunması, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək vəzifələrin müəyyənləşdirilməsi, milli ideologiyamızın formalaşması və inkişafında yeni bir mərhələ kimi dəyərləndirilə bilər.
Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası, onun məzmununa daxil edilmiş əsas prinsiplər və hüquqi normalar 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Ümummilli lider dövlətçilik maraqlarının qorunması deyəndə, ilk növbədə, hamılıqla qəbul etdiyimiz ölkə Ali Qanununun - Konstitusiyamızın müddəalarına əməl olunmasını nəzərdə tuturdu. Bu normalar: “hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi kimi ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirakını, vətəndaş cəmiyyətinin bərqərar olmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət qurulmasını, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, ümumbəşəri dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı” və digər məsələləri ehtiva edir.
Göründüyü kimi, Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasının təməlində ilk növbədə güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi (vətəndaş birliyi və tolerantlıq ideyası), ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini özünün güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri normalar əsasında ünsiyyət qurması və digər ali dəyərlər dayanır.
Heydər Əliyevin azərbaycançılıq ideologiyasında mərkəzi yerdə dayanan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə və milli iradəsinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir idarəçilik institutudur. Bu dövlətin təkmil mərkəzi və yerli idarəetmə mexanizmləri, sabit ictimai-siyasi həyatı, işlək qanunları olmalı, hər bir vətəndaşın imkan və bacarıqları lazımi səviyyədə dəyərləndirilməli və qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə şəffaf, tolerant və multikultural mühit hökm sürməli, dövlətçiliyin təməlində ümumvətəndaş birliyi dayanmalıdır.
Beləliklə, yuxarıda aparılmış təhlildən də göründüyü kimi, azərbaycançılıq ideologiyası xalqın istəyi, arzusu və iradəsi ilə qurulmuş dövlətin, bu dövlətin müəyyən olunmuş daxili və xarici siyasət strategiyasının, daimi yaşam və fəaliyyətinin əsasını, başlıca prinsiplərini təşkil edir. Odur ki, azərbaycançılıq ideologiyası artıq hansısa bir siyasi liderin, partiyanın, yaxud siyasi təşkilatın deyil, bütün Azərbaycan xalqının ümumi maraqlarının ifadəçisinə çevrilir. Deməli, onun həyata keçirilməsi və qorunması Azərbaycanda yaşayan, fəaliyyət göstərən, bu dövlətin idarəçiliyinə iddia edən hər bir vətəndaş və təşkilat üçün əsas olmalıdır. Əgər hər hansı şəxs və yaxud təşkilat yaşadığı cəmiyyəti, təmsil etdiyi dövləti, Konstitusiya ilə müəyyənləşdirilmiş ölkədaxili münasibətlər və dəyərlər sistemini qəbul edirsə, deməli, dövlətin də bu sistemin təminatçısı olmasını mütləq qəbul etməlidir. Belə olan halda, azərbaycançılıq ideologiyasına müxalifətdə durmaq ümumxalq maraqlarına, ümumxalq fikrinə və mövqeyinə müxaliflik etmək kimi dəyərləndirilməlidir.
Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyənləşdirərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətini, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərini nəzərə alırdı. Əlbəttə, qloballaşan dünyada ölkələrin milli maraqlarını, milli-mənəvi və əxlaqi dəyərlərini qorumaq o qədər də asan olmur. Transmilli şirkətlər və onların arxasında dayanan fövqəldövlətlər ölkələrin milli inkişafı, milli mənafeləri, milli-mənəvi dəyərlərinin qorunması və sair prosesləri çox qısqanclıqla qarşılayırlar. Heydər Əliyev bütün bu reallığı nəzərə alaraq, bir tərəfdən azərbaycançılıq ideologiyasını ümumbəşəri dəyərlər fonunda formalaşdırır, digər tərəfdən dövlət quruculuğu proseslərində xarici təsirləri milli ideologiyamızın süzgəcindən keçirirdi.
Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən milli-mənəvi dəyərləri, tarixi keçmişimizdən bizə miras qalmış milli varlığımızı və onu fərqləndirən bütün atributları qorumaqla yanaşı, Azərbaycanı müasir, inkişaf etmiş, xalqın maddi-mənəvi tələbatını təmin edə bilən, daxili həyatı sabit, multikultural dəyərlərə, milli və sosial birliyə qovuşmuş bir dövlət kimi görürdü.
Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə dünyada yaşayan 40 milyondan çox azərbaycanlının maraqlarını təmin edə biləcək, bütün ölkə vətəndaşlarının sabit, firavan və dinamik inkişafına cavab verən milli dövləti – müstəqil Azərbaycan dövlətini qoyurdu. Ulu öndər Heydər Əliyev çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur. Milli ideologiyadan danışarkən biz ilk növbədə bütün xalqımızı, xüsusən gəncləri Azərbaycanın müstəqil dövlətçiliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etməliyik”.
Heydər Əliyev Azərbaycan dövlətini həm də azad, ədalətli, demokratik, siyasi plüralizmin, tolerant mühitin, multikultural dəyərlərin hökm sürdüyü, vətəndaş cəmiyyətinə malik bir ölkə kimi görmək istəyirdi və daim buna çalışırdı. 1995-ci ildə çoxpartiyalı sistem əsasında ilk parlament seçkilərinin keçirilməsi, ölkənin ilk Konstitusiyasının qəbul edilməsi, Avropanın demokratik institutları ilə Azərbaycanın əlaqələrinin gücləndirilməsi Ümummilli Liderin öz ölkəsinin gələcəyi ilə bağlı mövqeyinin inkaredilməz göstəricisi idi. Azərbaycanda əsl çoxpartiyalı sistemin, azad, plüralist cəmiyyətin, qeyri-hökumət təşkilatlarının, müstəqil mətbuatın yaradılması və inkişafı da məhz Heydər Əliyevin zamanında, bilavasitə onun səyi ilə həyata keçirilib.
Heydər Əliyevin dövlət təlimi və milli ideyasında ikinci əsas yeri insan amili – millətini və xalqını sevən, dövlətinin yolunda hər bir şücaətə hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı tuturdu. Ulu Öndər öyrədirdi: “Hər hansı dövlətin gücü heç də onun böyüklüyü, yaxud kiçikliyi ilə ölçülmür. Əgər ölkə vətəndaşı gördüyü işin onun özünə, ailəsinə və xalqına gətirəcəyi faydanı əvvəlcədən anlayır və öz zəhmətinin bəhrəsini ədalət prinsipi ilə əldə edirsə, həmin ölkə vətəndaşları daha ideyalı, əzmli və iradəli, belə ölkələr isə bir qayda olaraq güclü, qüdrətli və əzəmətli olurlar”.
Ümummilli Liderin azərbaycançılıq təliminə görə dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşları qanun və ədalət qarşısında bərabərdir. Təsadüfi deyil ki, 1993-cü ildə Heydər Əliyevin idarəçilik fəaliyyətinin mühüm bir sahəsini Azərbaycanda harmonik cəmiyyətin yaradılması, insan potensialının quruculuq işlərinə cəlb edilməsi, sosial ədalət prinsiplərinin bərqərar olması və insanların öz dövlətinə inamının artırılmasına xidmət təşkil etmişdir. Heydər Əliyevin milli həmrəylik və vətəndaş birliyi ideyası, insan resurslarından səmərəli istifadə, hər bir vətəndaşın öz dövlətinə bağlılığı, dövlətin hər bir insana, hər bir insanın isə dövlətçiliyinə xidmət etməsi amalı 1995-ci ildə qəbul olunmuş Konstitusiyada da əksini tapmışdır.
Heydər Əliyev üçün azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri də milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanması və inkişaf etdirilməsi idi. Ulu Öndər bununla bağlı qeyd edirdi: “Milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət etməlidir”. O, xüsusi vurğulayırdı: “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Bu ifadələr Ümummilli Liderimizin milli-mənəvi dünyasını, vətəndaş mövqeyini və varlığını göstərən, öz milli köklərinə bağlılığını sübut edən tarixi bir bəyanat idi.
Heydər Əliyev azərbaycançılıq ideologiyasından danışarkən layiqli vətəndaş, xüsusilə də hərtərəfli inkişaf etmiş gənc nəslin yetişdirilməsi məsələsini xüsusi vurğulayırdı. O, Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, intellektli insanlar kimi görürdü. Ümummilli Lider qeyd edirdi ki, “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir”.
Ölkəmizin tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin dövlətçilik təlimi və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Ulu Öndərin siyasi xəttini ardıcıl davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev onun müstəqil dövlət quruculuğu yolundakı nəzəri və praktiki irsinə qiymət verərək qeyd etmişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki dövlətçiliyin əsasları məhz o illərdə qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.
Ötən 17 ildə Prezident İlham Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, ana dilinin inkişafı və saflığının qorunmasını, gənclərin vətənpərvərlik tərbiyəsini, xalqımızın tarixi irsinin yaşadılmasını, ölkə daxilində tolerantlıq mühitinin və multikultural dəyərlərin möhkəmləndirilməsini və s. məsələləri dövlət siyasətinin tərkib hissəsinə çevirməsi onun Heydər Əliyevin dövlətçilik təliminə verdiyi ciddi əhəmiyyətin və bu təlimi yaradıcı şəkildə inkişaf etdirməsinin əyani təzahürüdür. Dövlət başçısı ölkəmizin və xalqımızın firavan gələcəyinin təmin edilməsində azərbaycançılıq ideyasının alternativsiz yol olduğunu dəfələrlə bəyan etmişdir. O, azərbaycançılıq məfkurəsini müstəqil dövlətçiliyin ideoloji əsası kimi xarakterizə edir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz dövlətçiliyimizin təməlini təşkil edir. Dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
Bu il ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən 27 il ötür. Onun Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti və bu siyasətin əsasında dayanan azərbaycançılıq ideyası bu gün də uğurla davam etdirilir. Gündən-günə inkişaf edən və modernləşən Azərbaycan Respublikası Ulu Öndərin əziz xatirəsinə ən böyük töhfədir. Milli dövlətimiz durduqca Heydər Əliyev Azərbaycan xalqının qəlbində yaşayacaq, onun nurlu ideyaları yolumuza daim işıq saçacaqdır.
Əli Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri,
tarix elmləri doktoru, professor, YAP İdarə Heyətinin üzvü
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:51
Azərbaycan və İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə təlimi keçirilir - Fotolar
Bu gün, 00:01
Bu gün Kəlbəcər Şəhəri Günüdür
23-11-2024, 17:57
Prezident Su Təchizatı Xidmətinin fəaliyyət sahəsini genişləndirib
23-11-2024, 16:11
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
23-11-2024, 16:02
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar imzalanıb
23-11-2024, 15:45
Nazirlər Kabineti daha bir qərar verib
23-11-2024, 14:31
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
22-11-2024, 16:50
İlham Əliyev: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
22-11-2024, 15:25
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
22-11-2024, 11:54
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
21-11-2024, 19:12
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
21-11-2024, 16:32
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
21-11-2024, 16:23
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
21-11-2024, 12:13
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
20-11-2024, 23:09
Prezident Ağdam şəhəri ilə bağlı paylaşım edib
20-11-2024, 18:07
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
20-11-2024, 17:44
Əli Əsədov iranlı nazirlə müzakirə aparıb
20-11-2024, 09:46
Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyektini ziyarət edib - Fotolar
20-11-2024, 09:26
COP29: çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılış olub
19-11-2024, 16:13
Azərbaycan və İran arasında hərbi əməkdaşlığa dair protokol imzalanıb
19-11-2024, 15:41
Azərbaycanın Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir - Fotolar
18-11-2024, 15:29
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
18-11-2024, 15:16
Prezident qanunu təsdiqləyib - Dəyişiklik
18-11-2024, 15:13
İlham Əliyev baş konsul təyin edib
18-11-2024, 14:43
COP29-da Həmsədrlər Koalisiyası yaradıla bilər
18-11-2024, 13:16
İlham Əliyev Surangel Uipps ilə görüşüb - Fotolar
18-11-2024, 12:30
İlham Əliyev Millətlər Birliyi Təşkilatının Baş katibi ilə görüşüb
18-11-2024, 11:00
İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
18-11-2024, 10:05
COP29: Xəzər dənizinin ekoloji vəziyyəti müzakirə olunub
17-11-2024, 18:04
İlham Əliyev federasiya prezidentlərini qəbul edib
17-11-2024, 09:24
"Barselona" klubunun prezidenti Zəfər parkını ziyarət edib
17-11-2024, 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
16-11-2024, 22:38
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib - Fotolar
16-11-2024, 14:25
Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib
16-11-2024, 10:44
Bakıda COP29 çərçivəsində "Parlament Görüşü" başlayıb
15-11-2024, 17:26
Hərbçilərimiz "Mavi Balina - 2024" təliminə qatılıb
15-11-2024, 17:05
Albaniya Parlamentinin sədri Azərbaycana gəlib
15-11-2024, 14:17
Vladimir Putin İlham Əliyevə zəng edib
15-11-2024, 11:06
İlham Əliyev Mahmud Abbasa məktub göndərib
15-11-2024, 10:17
Rusiyanın baş prokuroru Bakıya gəlib
14-11-2024, 17:14
İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb