Prezident Ağdamda “N” saylı hərbi hissədə olub
Tarix: 03-06-2020 16:37 | Bölmə: Gündəm
Prezident Ağdamda “N” saylı hərbi hissədə olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdamın Xındırıstan kəndi ərazisində yerləşən “N” saylı hərbi hissədə olub.

Reyting.az
xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirdi.

Diqqətə çatdırıldı ki, dörd hektar ərazidə salınan hərbi hissənin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. Qərargah binasında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları yerləşir. Burada 4 yataqxana binası da var. Yataqxana binalarının hamısında hərbçilər üçün hamam otaqları yaradılıb. Hamam-camaşırxana binası da bütün tələblərə tam cavab verir. Bundan əlavə, ərazidə stomatoloq, fizioterapiya, funksional diaqnostika, prosedur otaqlarının yerləşdiyi tibb məntəqəsi qurulub. Yeməkxana binasında hərbçilərin qidalanması üçün hər cür şərait yaradılıb. Fasiləsiz elektrik enerjisi ilə təmin olunan hərbi hissədə su təminatı üçün 180 metr dərinlikdə subartezian quyusu qazılıb. Ərazidə daimi təhlükəsizliyi təmin etmək məqsədilə 24 saat xidmət göstərən qarovul evi, döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədi ilə daxilində döyüş hazırlığı üçün təlim meydançaları olan qarovul şəhərciyi da istifadəyə tam hazırdır. Bundan əlavə, hərbi qulluqçuların ailələri üçün 48 xidməti mənzildən ibarət ikimərtəbəli 3 yaşayış binasının tikintisinə başlanıb. Hərbi hissənin ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.

X X X

Qeyd edək ki, Azərbaycanda ordu quruculuğu sahəsində bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır. Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən amillər sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Bu, həm də geosiyasi amil kimi ölkəmizin beynəlxalq aləmdə qlobal və regional yerini müəyyənləşdirir. Təsadüfi deyil ki, Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Silahlı Qüvvələrin modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl davam etdirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər