12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Türkiyə istəklərinə nail olub, qarşıda “B planı” var
Tarix: 24-01-2024 14:33 | Bölmə: Slayd
Türkiyə istəklərinə nail olub, qarşıda “B planı” var

İsveçin NATO-ya üzvlüyü Türkiyə Böyük Millət Məclisində AKP, MHP və CHP-nin dəstəyi ilə ratifikasiya edilib. Bununla İsveçin NATO-ya üzvlüyü ilə bağlı ən böyük maneə aradan qalxıb.

Prinsip etibarilə Türkiyənin belə bir qərar verəcəyi gözlənilən idi. Ankara üçün İsveç və ya başqa ölkənin NATO-ya üzv olması problem deyil, əksinə, Alyansın güclənməsi Türkiyənin də güclü olması deməkdir.

Türkiyə PKK başda olmaqla, mübarizə apardığı terror təşkilatlarının üzvlərinin İsveç tərəfindən himayə edilməsi, vətəndaşlıq verilməsi, Quranın yandırılması kimi məsələlərə etiraz edirdi. Bundan başqa, Ankara həm də “F-16”, habelə “F-35” proqramından çıxarılmasına etiraz olaraq İsveçin NATO-ya üzvlüyünə maneə yaradırdı. Görünən odur ki, Türkiyə istəklərinə nail olub. İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi də bunu göstərir.

Türkiyə faktiki olaraq bununla üç məsələni sübuta yetirdi:

Birincisi, NATO-ya hansı ölkənin girəcəyi barədə qərarları təkcə ABŞ vermir. Alyasın bütün üzvləri bərabərhüquqludur və heç bir ölkə dominant deyil;

İkincisi, Bayden Administrasiyası Türkiyə “F-16”-larının modernizasiyasına Konqresdə dəstək verilməsini vəd edir. Bu, Türkiyəni narahat edən ən önəmli məqamlardan idi;

Üçüncüsü, İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses çərçivəsində Kanadanın Türkiyəyə hərbi məhsulların satışına qoyulan embarqonu aradan qaldıracağı bildirilib. Bu, həm də Türkiyənin gələcəkdə “F-35” proqramına qayıtması mənasına gəlir.

Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi Stokholmun Alyansa üzvlüyü demək deyil. Macarıstan hələ də bənzər qərarı verməyib. Əslində, Macarıstan və Türkiyə bu məsələdə ortaq hərəkət edirlər və mümkündür ki, Ankara Budapeşti “B planı” olaraq görür. Çünki Bayden Türkiyənin “F-16”-ların modernizasiyası ilə bağlı istəyinə Konqresdə dəstək verilməsi üçün iş aparılacağını vəd etsə də, bunun yerinə yetirilməməsi riski də var.

Bənzər risk Kanadanın Türkiyəyə hərbi məhsulların satışına qoyulan embarqonu aradan qaldırması ilə bağlı da mövcuddur. Lakin Macarıstanın yaxın zamanda Ankara kimi anoloji qərarı verəcəyi istisna deyil.

Turan RZAYEV




Bölməyə aid digər xəbərlər