İqlim dəyişikliyi münaqişələri artıracaq
Tarix: 05-06-2025 17:33 | Bölmə: Slayd
İqlim dəyişikliyi münaqişələri  artıracaq

İqlim böhranı məhdud resurslar üzərində silahlı münaqişə ehtimalını dörd dəfə artıra bilər.

Reyting.az
xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində İqlim məsələləri üzrə Avropa komissarı Vopke Hukstra deyib.

Hukstra bu barədə İqtisadi Təhlükəsizlik üzrə Avropa Siyasət Mərkəzinin forumunda çıxışı ərəfəsində danışıb.

Avropa komissarı vurğulayıb ki, iqlim dəyişikliyinin geosiyasətə, təhlükəsizliyə və sabitliyə aydın, birbaşa və dolayı təsirləri var.

Onun sözlərinə görə, son bir ildə yüksək səviyyəli hərbi rəhbərlər onunla dəfələrlə əlaqə saxlayaraq, dəniz səviyyəsinin qalxması, quraqlıq, daşqın və meşə yanğınlarının silahlı qüvvələrə təsiri, həmçinin münaqişə mənbələri kimi miqrasiya riskləri və resurs çatışmazlığı ilə bağlı müzakirələr aparıblar.

"Resurslar uğrunda mübarizə həmişə müharibələrin tərkib hissəsi olub. Lakin iqlim dəyişikliyinin dramatik nəticələrinə görə bu amil dörd dəfə artacaq",- o vurğulayıb.

Bu bəyanat Donald Tramp administrasiyasının iqlim məsələlərini NATO strategiyasında prioritetlərdən çıxarmaq cəhdləri fonunda verilib. Bu arada, Hukstra Avropa İttifaqı ölkələrini 2050-ci ilə qədər Avropanı ilk iqlim neytral qitə etmək kimi iddialı məqsəd də daxil olmaqla, iqlim məqsədlərinə nail olmaq ətrafında birləşdirmək üçün təzyiqlə üzləşir.

Hukstra bildirib ki, qlobal istiləşmə hərbi fəaliyyətə birbaşa təsir göstərdiyi üçün təhlükəsizlik və iqlim siyasəti paralel getməlidir.

Qeyd edək ki, artıq bir sıra Avropa İttifaqı ölkələrində ordular meşə yanğınları ilə mübarizəyə cəlb olunur və ABŞ Müdafiə Nazirliyi iqlim fövqəladə halları ilə bağlı əməliyyatların sayının artdığını bildirir.

Onu da əlavə edək ki, Hukstra bundan əvvəl Avropada ifrat sağçı qüvvələrin güclənməsi və ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışı fonunda dünyanın “geosiyasi qış” dövrünə qədəm qoyduğunu bildirmişdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər