Monteneqroda antitürk və anti-Azərbaycan əhval-ruhiyyəsinin səbəbi nədir?
Tarix: 30-10-2025 12:18 | Bölmə: Slayd
Monteneqroda antitürk və anti-Azərbaycan əhval-ruhiyyəsinin səbəbi nədir?

Çərşənbə axşamı axşam saatlarında Podqoritsada, Monteneqro hökumət binası yaxınlığında çoxu qara geyinmiş, qara papaq və maska taxmış yüzlərlə insan “Türklər, rədd olun!” şüarı ilə nümayiş keçirib. Aksiya iştirakçıları əcnəbi vətəndaşların iştirakı ilə baş verən bıçaqlanma hadisəsindən sonra etnik gərginliyin artdığını vurğulamaq məqsədilə məşəl yürüşü təşkil ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Balkan Insight” məlumat yayıb.

Təhlildə qeyd olunur ki, polis aksiyaya qoşulmaq istəyən 11 nəfəri, onlardan 9-nun azyaşlı olduğunu bildirərək saxlayıb. Polis idarəsinin məlumatına görə, saxlanılanların üzərindən məşəl, maska və marixuana aşkarlanıb.

Nümayiş, hökumətin ictimai təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək Türkiyə vətəndaşları üçün vizasız rejimi müvəqqəti dayandırmasından sonra baş verib.

Hadisə Podqoritsanın Zabyelo məhəlləsində baş verən zorakılıqla əlaqələndirilir. Polis açıqlamasına görə, bir Azərbaycan və bir Türkiyə vətəndaşı 25 yaşlı yerli sakinin bıçaqlanmasında iştirak edib. Bundan sonra 40-a yaxın Türkiyə və Azərbaycan vətəndaşı sorğu-sual üçün saxlanılıb.

Bıçaqlanma hadisəsi Monteneqroda iğtişaşlara səbəb olub. Podqoritsa, Bar və Herceq Novi şəhərlərində son günlər Türkiyə vətəndaşlarına məxsus bir neçə obyekt talan edilib və ya yandırılıb.



Serb yönümlü partiyaların təsirinin güclü olduğu Monteneqro hökuməti vizasız rejimin dayandırılmasının “ictimai asayişi və bütün vətəndaşların təhlükəsizliyini qorumaq” məqsədi daşıdığını bəyan edib.

Hökumət, Monteneqroda yaşayan Türkiyə vətəndaşlarını sakitləşdirməyə çalışaraq bildirib:

“Hökumət hazırda ölkədə yaşayan təxminən 14 min Türkiyə vətəndaşının maraqlarını və statusunu tam nəzərə alır və onların qalmasının qanuni və maneəsiz davam etməsi üçün bütün zəruri addımları atacaq”.

Türkiyənin Podqoritsadakı səfirliyi oktyabrın 28-də yaydığı açıqlamada, Ankara hökumətinin “ölkədəki türk vətəndaşlarının hüquq və təhlükəsizliyinin təmin olunması üçün Monteneqro hakimiyyəti ilə əlaqə saxladığını” bildirib.

“Monteneqro tərəfi bizi əmin edib ki, lazımi tədbirlər görüləcək”,- səfirlik bəyan edib.

Baş nazir Miloyko Spayiç rəhbərlik etdiyi hökumətin Ankara ilə “yaxşı ikitərəfli münasibətləri” davam etdirmək niyyətində olduğunu qeyd edərək, “Ortaqlıq və qarşılıqlı maraq ruhunda ən səmərəli əməkdaşlıq modelini tapmaq üçün Türkiyə ilə intensiv danışıqlara başlayacağıq”,- deyib.

Mövcud qaydalara əsasən, Türkiyə vətəndaşlarına 180 günlük müddətdə 90 gün ərzində Monteneqroya vizasız səyahət etmək hüququ verilir.

Monteneqronun daxili işlər naziri Danilo Saranoviç isə bildirib ki, “əcnəbiləri hədəf alan daha məhdudlaşdırıcı qaydalar” gələn həftə parlamentə təqdim olunacaq.

Türkiyə Xarici İşlər Nazirliyi hadisələri təəssüfləndirici adlandırıb. Nazirliyin açıqlamasında qeyd olunur ki, hadisələr başlayandan dərhal sonra Monteneqro rəsmiləri ilə əlaqə yaradılıb və Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülüb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Monteneqro baş naziri Miloyko Spayiç və digər rəsmilərlə danışaraq, Türkiyə vətəndaşlarının hüquq və təhlükəsizliyinin qorunması ilə bağlı Ankaranın gözləntilərini çatdırıb.

Lakin Monteneqro müxalifəti və insan haqları təşkilatları həm hökumətin reaksiyasını, həm də artan antitürk əhval-ruhiyyəsini kəskin şəkildə tənqid ediblər.

Müxalifət bloku olan “Avropa İttifaqı”nın bəyanatında deyilir:

“Günahsız həmvətənimizin bıçaqlanması ən sərt qınağa və səlahiyyətli orqanlar tərəfindən çevik, qətiyyətli reaksiyaya layiqdir. Lakin hökumət öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməməsini nifrət çağırışları və Monteneqroda müvəqqəti yaşayan türk vətəndaşlarını linç etməyə yönəlmiş ritorika ilə gizlətməyə çalışır”.

Polis idarəsi Monteneqroda bütün xarici vətəndaşlar üçün təhlükəsizlik tədbirlərini müzakirə etmək məqsədilə təcili iclas keçirib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər