17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Nuriyev: Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər
Tarix: 29-10-2025 19:15 | Bölmə: Slayd
Nuriyev: Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər

“Hesab edirəm ki, Ramiz Mehdiyev çox ciddi adamdır. Ona və onun etmək istədiklərinə qeyri-ciddi yanaşmaq olmaz. Mehdiyev “qoca qurd” kimidir. Şükürlər olsun ki, hesablamalarında yanılıb və ifşa olunub. Çox güman ki, Dövlət Təhlükəsizliyi Xidməti onun dəstəsinə öz adamını yerləşdirib və təhlükəli plandan əvvəlcədən məlumat əldə edib. Nəticədə xain əməlin qarşısı alınıb”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycana qarşı planlarından danışarkən deyib.

C. Nuriyev qeyd edib ki, R. Mehdiyevin planına əsasən, Azərbaycanda idarəetmə forması və bütövlükdə Konstitusiya dəyişdirilməli imiş:

“Onun Moskvaya yazdığı məktubu təhlil edəndə görürük ki, Mehdiyev avtokratik dövlət qurmaq niyyətində olub. Bəli, birmənalı şəkildə demək olar ki, Mehdiyev ölkəmizi Şimali Koreyaya çevirmək istəyirmiş”.

Professor bildirib ki, Prezident Administrasiyasının sabiq rəhbəri köhnə düşüncəli insandır və onun idarəçilik forması SSRİ dövrünün prinsipləri ilə məhdudlaşır:

“Onun düşüncəsində müasir idarəetmə ilə bağlı heç nə yoxdur. Bu, onun məktubunda təklif etdiyi dövlət çevrilişi planından da aydın görünür”.

C. Nuriyevin fikrincə, R. Mehdiyevin ən böyük səhvi Azərbaycan prezidenti İlham Əliyevi zəif görməsi olub.

Nuriyev əlavə edib ki, Mehdiyev 24 il hakimiyyətdə təmsil olunub və bu müddət ərzində milli düşüncəli, vətənini və dövlətini sevən insanları müxtəlif üsullarla, əsassız şəkildə vəzifələrdən uzaqlaşdırıb.

R. Mehdiyevin Rusiyaya yazdığı məktubda bəhs edilən 50 nəfərlik “Dövlət Şurası”nın mümkün üzvlərinə gəlincə, C. Nuriyev hesab edir ki, həmin siyahıda əsasən Mehdiyevlə əvvəllər işləyən şəxslər yer ala bilər:

“Siyahı varsa, açıqlanacaq. Böyük ehtimalla orada keçmiş nazirlər, icra başçıları və parlament üzvləri olacaq. İnanmıram ki, hazırda vəzifədə olan nazirlərdən kimsə o siyahıya daxil edilib. Ola bilsin, bəzi nazir müavinləri olsun. Ən əsası isə odur ki, Mehdiyevin siyahısında yer alan 50 nəfərin arasında təmiz türk tapmaq çətin olacaq. Çox güman ki, həmin siyahıda erməni qarışığı olan şəxslər üstünlük təşkil edir”.

C. Nuriyev sonda qeyd edib ki, Ramiz Mehdiyev dövlətə xəyanət edib, Azərbaycanı məhv etmək niyyətində olub və dövlətə inamı sarsıtmağa çalışıb.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər