Məktəb direktorlarının işə qəbulu üçün qeydiyyat başlayıb
Tarix: 30-10-2025 11:23 | Bölmə: Slayd
Məktəb direktorlarının işə qəbulu üçün qeydiyyat başlayıb

Bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib.

Reyting.az
-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyindən bildiriblər.

Namizədlər 11 noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor My Webpage linkinə daxil olaraq elektron qeydiyyatdan keçməlidirlər.

Prosesi Elm və Təhsil Nazirliyi mərkəzləşdirilmiş qaydada proqram təminatı və müsabiqə yolu ilə reallaşdırır. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 15.10.2025-ci ilə olan məlumatlara istinad edir. Namizədlər müsahibə mərhələsinə təhsil müəssisələrində şagirdlərin sayından (501-dən çox və ya 500-dək) və müəssisələrin növündən (lisey, gimnaziya, internat tipli lisey/gimnaziya və s.) asılı olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.

Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.

Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər:

"Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək".




Bölməyə aid digər xəbərlər