12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ərdoğan Kiyevdə Ukrayna-Rusiya münasibətlərini müzakirə edəcək - Politoloq
Tarix: 02-02-2022 13:47 | Bölmə: Slayd
Ərdoğan Kiyevdə Ukrayna-Rusiya münasibətlərini müzakirə edəcək

“Türkiyə prezidenti Ərdoğanın Ukraynaya gözlənilən səfəri böyük əhəmiyyət daşıyır. Ukrayna və Türkiyə Qara dənizdə həmsərhəd ölkələrdir. Bu iki ölkə arasında iqtisadi əlaqələr var, ticarət dövriyyəsi 5 milyard dollara yaxındır, hədəfləri 20 milyard dollara çatdırmaqdır. Həmçinin əlaqələr inkişaf edir”.

Bunu Reyting.az-a politoloq Oqtay Qasımov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Ukraynaya gözlənilən səfərini şərh edərkən deyib.

O. Qasımov xatırladıb ki, Türkiyə və Ukrayna arasında hərbi sahədə də əməkdaşlıq mövcuddur: “Türkiyənin “Bayraktar TB2” dronlarını Ukrayna öz hərbi arsenalına daxil edib. Eyni zamanda Türkiyə tankları və dronlarının mühərriklərinin gələcəkdə Ukraynada birgə istehsalına dair layihələr var. Həm də 2020-ci ildə Ukraynaya ən çox layihə yatıran ölkə Türkiyədir. Bu baxımdan Türkiyə ilə Ukrayna arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”.


O. Qasımov

Politoloq əlavə edib ki, Türkiyənin Ukraynada maraqları var: “Bu, həm də Ukrayna ərazisində yaşayan Krım türkləri ilə bağlıdır. Bu baxımdan Ərdoğanın Ukrayna səfərinə çox məna verməyin tərəfdarı deyiləm. Baxmayaraq ki, bu səfər Ukrayna-Rusiya münasibətlərinin gərgin dövründə baş verir”.

Müsahibimiz diqqətə çatdırıb ki, Ərdoğanın Kiyevdə Zelenski ilə müzakirə edəcəyi əsas məsələlərdən biri Ukrayna-Rusiya münasibətləri olacaq: “Amma dünən Zelenski Ali Radada çıxışı zamanı deyib ki, Ukrayna və Türkiyə arasında azad iqtisadi zonaların yaradılmasına dair sənəd də imzalana bilər. Sözsüz ki, Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik etməsi təşəbbüsünə dair məsələlər də müzakirə ediləcək. Bu təşəbbüs Ukrayna və Rusiya tərəfindən müasbət qarşılanıb. Bu səbəbdən də Rusiya prezidenti Ankaraya səfərə dəvət edilib. Bu baxımdan Ərdoğanın Kiyev səfəri xüsusi əhəmiyyətə malikdir”.

O. Qasımov sonda bildirib ki, Ankaranın Rusiya və Ukrayna məsələsində vasitəçilik təşəbbüsü anlaşılandır. Çünki Türkiyənin hər iki ölkə ilə yaxın münasibətləri var.

Reyting.az




Bölməyə aid digər xəbərlər