12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Türkiyə-İsrail münasibətləri Azərbaycanın mövqeyini gücləndirir
Tarix: 29-10-2022 15:22 | Bölmə: Slayd
Türkiyə-İsrail münasibətləri Azərbaycanın mövqeyini gücləndirir

İsrailin müdafiə naziri Benni Qantz Türkiyə səfərindən sonra Ankara Esenboğa hava limanında mətbuata açıqlama verib.

Reyting.az
-ın xəbərinə görə, İsrailin müdafiə naziri Türkiyə ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Türkiyə və İsrailin təhlükəsizliklə bağlı bir çox çətinliklərdən keçdiyini qeyd edən B. Qantz, müdafiə sahəsində yenidən qurulan əlaqələrin İbrahim razılaşmasının müsbət təsiri ilə Yaxın Şərqin sabitlik və təhlükəsizliyinə töhfə verəcəyini bildirib.

Qantz Türkiyə və İsrailin regionda sabitliyi, təhlükəsizliyi və rifahı qorumağı hədəflədiklərini vurğulayaraq, əməkdaşlıqlarına görə təşəkkür edib.

Qantz komandasına Türkiyə ilə sabit əlaqələri davam etdirməyi tapşırdığını xatırladaraq deyib ki, İsrail Türkiyəni iqtisadi sahədə, müdafiə sahəsində və bütün regionun sabitliyinin təmin edilməsində qlobal bir aktor olaraq görür.

İsrail-Türkiyə əlaqələrinin son 10 ildə pis də olsa, aktiv olduğunu izah edən Qantz fikir ayrılıqlarının daha çox Fələstinlə bağlı olduğunu bildirib.

Türkiyə ilə İsrail arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın olub-olmayacağı sualına gəldikdə, Qantz deyib ki, iki ölkə arasında müdafiə sahəsində bu səviyyədəki ilk görüş qapıları açıb və yol göstərib: “Potensial gələcək əməkdaşlıqdır. Biz heç bir layihə haqqında danışmamışıq, lakin gələcək əməkdaşlıq çərçivəsində bu məsələ müzakirə olunacaq”.

Bu arada İsrail mətbuatı illər sonra Türkiyəyə səfər edən ilk İsrail müdafiə naziri B. Qantzın prezident Ərdoğanla görüşünün təfərrüatlarını yayıb.

“Yedioth Ahronot” nəşri bildirir ki, Qantz görüşdə Ərdoğandan Fələstinin Həmas təşkilatının Türkiyədəki fəaliyyətini qadağan etməsini istəyib. Türkiyədəki Həmas liderlərinin İsrailə qarşı hücumları koordinasiya etdiyini bildirən Qantz, həmçinin Ərdoğandan Suriyaya silah göndərilməsi ilə bağlı İranı xəbərdar etməsinin vacibliyinə diqqət çəkib.

Adının açıqlamasını istəməyən İsrail mənbələri Türkiyənin İsrail və ABŞ-la münasibətləri yaxşılaşdırmaq istədiyini bildirib.

Bu arada məlum olub ki, İsrailin müdafiə naziri və eyni zamanda bu ölkədə “Ağ İttifaq”ın aparıcı fiqurlarından olan Qantzın Yunanıstana səfəri təxirə salınıb. Qantz Yunanıstana səfərinin təxirə salınmasının sırf texniki və təhlükəsizlik səbəblərindən olduğunu deyib. Amma reallıqlar daha başqa məqamları ortaya çıxarır.

Məlumdur ki, Yunanıstan Türkiyə ilə düşmən münasibətdədir, üstəlik, Azərbaycana qarşı Ermənistana dəstək verir. Görünən budur ki, İsrail-Türkiyə münasibətlərinin hamar yola çıxması həm Ankara, həm də Təl-Əvivlə yüksək əlaqələr quran və müttəfiq münasibətlər saxlayan Azərbaycanın mövqelərini bir qədər də gücləndirəcək. Çünki İsrail-Türkiyə münasibətlərinin yarımçıq olması Azərbaycanın maraqlarına uyğun gəlməyən münasibətlər sistemi hesab olunurdu.

Reyting.az




Bölməyə aid digər xəbərlər