12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağda öz məqsədlərinə nail ola bilmədi”
Tarix: 02-11-2022 18:25 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağda öz məqsədlərinə nail ola bilmədi”

“Soçidəki üçtərəfli görüşü Cənubi Qafqazda təsir dairəsi uğrunda Rusiyanın Avropa və Amerika ilə rəqabətinin nəticəsi kimi qiymətləndirirəm. Təsadüfi deyil ki, üçtərəfli müzakirələrdən əvvəl prezident Putin də Azərbaycan-Ermənistan münaqişəsində Qərbin fəallığını önə çəkdi, bunun Ermənistan üçün xeyirli olmayacağını, Qarabağın birdəfəlik Azərbaycana veriləcəyini qeyd etdi və beləcə, erməniləri şirnikləndirdi”.

Bunu Reyting.az-a Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünü şərh edərkən deyib.

S. Cəlaloğlunun xatırlatmasına görə, görüşdən əvvəl ABŞ Dövlət Departamenti bildirib ki, Rusiya bu görüşü sağlam niyyətlə etmir. Üstəlik, görüşdən sonra da Dövlət Departamenti Ermənistan və Azərbaycan rəhbərlərinin ABŞ-a dəvət edilməsi və sülh bağlanmasının gündəmdə olduğunu diqqətə çatdırıb.

Partiya sədrinin fikrincə, Rusiyanın Soçi görüşünü tələsik təşkil etməsi və Vaşinqtonun Rusiyanın niyyətinin saf olmamasını elan etməsi göstərir ki, regionda rəqabət gedir: “Bizim üçün tərəflərin hansının iştirakı, hansının təqdim etdiyi “Yol Xəritəsi” ilə məsələnin həlli vacibdir? Məncə, Qərbin təqdim etdiyi təkliflər nisbətən həm bizim maraqlarımıza uyğundur, həm də beynəlxalq hüquqa uyğun ola bilər. Düşüncəmə görə, rusların bütün maraqları prosesi uzatmağa, münaqişənin indiki vəziyyətdə saxlanılmasına yönəlib”.

S. Cəlaloğlu iddia edir ki, Putinin təşəbbüsü ilə keçirilən görüş Brüssel və Vaşinqtonun təşəbbüsünün qarşısını ala bilməyib: “Əgər görüşdən dərhal sonra Vaşinqton tərəflər arasında görüş təşkil edə biləcəyini elan edirsə, deməli, Putin niyyətinə çata bilməyib. Təsəvvür edin ki, Soçidən dərhal sonra ABŞ deyir ki, yeni görüş keçirəcəyik.

Qısası, ruslar bu görüşü təşkil etsələr də, nə sülhməramlıların müddətinin artırılmasına dair məqsədlərinə çatdılar, nə də Xankəndinin statusu məsələsini gündəmə gətirə bildilər. Üstəlik, Qərbin bu mövzuya dair təşəbbüs göstərməsinin də qarşısını almağı bacarmadılar. Bu görüş Rusiyanın məqsədləri naminə keçirilsə də, Rusiya öz məqsədlərinə çatmadı. Son bəyanatda heç Qarabağın adı da çəkilmədi”.

Partiya sədri düşünür ki, ruslara Ermənistan və Azərbaycanın bir-birini qırması deyil, Qarabağ münaqişəsinin davam etməsi maraqlıdır. “Rusiya Qarabağda öz məqsədlərinə nail olmaq istəsə də, bu istəyi alınmadı. Prezident Əliyev bu mövqeyini davam etdirəcəyi təqdirdə ABŞ və Avropanın dəstəyini alacaqsa, demək olar ki, Qarabağ məsələsi həm beynəlxalq hüquqa uyğun, həm də Azərbaycan dövlətinin maraqları çərçivəsində həll ediləcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər