12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “İranın Ermənistanla birgə layihəsi reallaşmayacaq”
Tarix: 03-11-2022 16:06 | Bölmə: Slayd
Professor: “İranın Ermənistanla birgə layihəsi reallaşmayacaq”

“Azərbaycan və Rusiyanın təşəbbüsü ilə Şimal-Cənub nəqliyyat dəhlizinin 2019-cu ildən reallaşdırılması qərara alınmışdı. Həmin layihəyə görə, Rusiya dəmiryolları Azərbaycan dəmiryolları vasitəsilə İran dəmiryolları ilə əlaqələndirilməli, beləliklə, Baltik dənizindən Fars körfəzinə - İranın Bəndərabad limanına çıxış təmin edilməli idi. Rusiyanın yolu 2019-cu ildən hazırdır, Azərbaycan tərəfi 2019-cu ilin sonuna qədər Astara dəmiryolunu uzadaraq, üstəlik, Astara çayı üzərində 40 milyonluq körpünü tikərək İran ərazisinə qədər keçirdi. Bu yolun Rəşt dəmiryollarına birləşdirilməsi ilə Şimal-Cənub nəqliyyat dəhlizi baş tutacaqdı. Amma sonradan İran tərəfi müxtəlif bəhanələr gətirməyə başladı”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı İran tərəfinin guya Ermənistanda 15 kilometrlik tunelin tikintisini öz üzərinə götürməsi haqda razılaşmanı şərh edərkən deyib.

Q. Hüseynli bildirib ki, 2019-cu ildə İran tərəfi Cənub-Şimal nəqliyyat dəhlizinin özünə aid hissəsində olan dəmiryolunu inşa edə bilməyib: “Gah dedilər maliyyəmiz yoxdur, bizə kredit lazımdır və dünya banklarından kredit ala bilmirik. Gah da digər bəhanələr gətirdilər. Azərbaycan İran üzərindən dəmiryolunu çəkməyi üzərinə götürsə də, Tehran buna da razı olmadı. Dedilər ki, ən yaxşısı bizə kredit verin. Dilənçi kimi Azərbaycandan faizsiz kredit aldılar. Azərbaycan tərəfi də bildirdi ki, kredit veririk, siz də tikintini sürətləndirin və buna söz verdilər. Amma 2022-ci ildir, bunlar həmin yolun yarısını hələ çəkib qurtarmayıblar”.

Professor xatırladıb ki, bir ay əvvəl Bakıda Moskvanın təşəbbüsü ilə Rusiya baş nazirinin müavini Overçuk, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İranın nəqliyyat nazirinin iştirakı ilə görüş keçirilib: “Bu görüşdə Azərbaycan və Rusiya İrandan tələb edib ki, vəsait verilib, ya yolun tikintisini sürətləndirin, ya da nəqliyyat dəhlizi pozula bilər. Yəni 3-4 ilə kiçik dəmiryolunu çəkə bilməyən İran Ermənistan ərazisində dağların altından 15 kilometrlik tuneli necə tikəcək? Bu razılaşma daha çox təbliğat məqsədi daşımırmı? Cənubi Qafqazda bütün böyük nəqliyyat-logistika layihələrinin müəllifi, təşəbbüskarı və bir çox hallarda maliyyəçisi Azərbaycandır. İndi siz kimə nağıl danışırsınız, ay dünya inkişafından geridə qalan mollalar? Siz kiminlə bəhs edirsiniz?

Birincisi, o tuneli 2 ilə çəkməyi planlaşdırırlar, amma real deyil. Əgər bunu bacarırlarsa, qeyd etdiyim həmin dəmiyolunun İran ərazisindəki hissəsini tikib başa çatdırsınlar də”.

Q. Hüseynli düşünür ki, İranın Ermənistanla həyata keçirmək istədiyi Fars körfəzi-Qara dəniz layihəsi xam xəyaldır: “Gürcüstan hələ ki, bu haqda danışmır. Dənizə çıxmaq üçün Ermənistanın sərt relyefi olan mürəkkəb qaylıqlardan bu yolu çəkmək müşgül məsələdir. Üstəlik, çəkilsə də, bu, uzun zaman və böyük vəsait tələb edəcək. Bu vəsait isə İranda və Ermənistanda yoxdur. İran əhalisi hazırda ayağa qalxıb akimiyyəti devirmək istəyir. Odur ki, bu məsələlər sırf təbliğat xarakteri daşıyır. Bunu həyata keçirmək üçün nə İranın, nə də Ermənistanın potensialı yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər