12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Zərdüşt Əlizadə: “İndiki erməni hökumətini yalnız ruslar devirə bilər ki, bunun da yolu...”
Tarix: 06-11-2022 20:59 | Bölmə: Slayd
Zərdüşt Əlizadə: “İndiki erməni hökumətini yalnız ruslar devirə bilər ki, bunun da yolu...”

“Ermənistan müxalifəti fəallaşır, mitinq keçirir, baş nazir Nikol Paşinyanı devirməyə çalışır. Amma bu cəhdlər nəticəsiz qalacaq, çünki onların belə bir potensialı yoxdur”.

Bunu Reyting.az-a politoloq Zərdüşt Əlizadə deyib.

Z. Əlizadənin sözlərinə görə, Ermənistanda iki dəfə demokratik, şəffaf seçkilər keçirilib və həmin müxalif qüvvələr hər iki seçkidə məğlub olub. Yəni erməni cəmiyyəti artıq bu nimdaş qüvvələrə etimad göstərmir, gələcəkdə də göstərməyəcək.

Politoloq diqqətə çatdırıb ki, keçmiş prezidentlər - Serj Sarksiyan, Robert Köçəryan, Levon Ter-Petrosyan və digər köhnə siyasətçilər erməni siyasətindən çıxdaş olub və tarixin səhifələrinə atılıblar.

Əlizadənin fikrincə, Rusiyaya bağlı olan erməni müxalifəti bu ölkədə heç bir uğur əldə edə bilməz, çünki bunu erməni xalqı istəmir: “Həmin qüvvələr uzun illər Ermənistanda hakimiyyətdə olub və ölkəni talayıblar. Mən bəzən saatlarla erməni sosial şəbəkələrini izləyir, internetdə verilişlərinə baxıram. Türkiyə ilə sərhəd kəndlərdə nimdaş paltarda olan, kasıb ermənilər deyirlər ki, Türkiyə ilə sərhədlər açılsın, biz türklərdən qorxmuruq, gəlib-getsinlər, pul xərcləsinlər, turizm olsun və s. İrəvanda oturan həmin nimdaş siyasətçilər isə bunun əksini deyir. Amma onlar artıq keçmişdir, gələcək ola bilməzlər”.

Z. Əlizadənin iddiasına görə, indiki erməni hökumətini yalnız ruslar devirə bilər ki, bunun üçün də N. Paşinyana terror etməlidirlər: “Paşinyanı devirmək yalnız hərbi çevriliş və ya terrorla mümkündür. Onu devirməyin başqa yolu və üsulu yoxdur. Terror edə, çevriliş törədə bilərlər. Amma qanuni yolla heç nə edə bilməzlər. Çünki Paşinyanın erməni cəmiyyəti arasında etimadı böyükdür”.

Politoloq sonda əlavə edib ki, əslində indi Rusiya Paşinyanı dəyişməkdə maraqlı olsa da, amma buna imkanı yoxdur: “Necə dəyişə bilər? Bunu ancaq daxili qüvvələrin əli ilə etmək mümkündür. Ermənistanda isə rusmeylli qüvvələrin indiki hökuməti qanuni və dinc yolla devirmək imkanı yoxdur. Qarabağ kartından istifadə etməklə buna çalışırlar. Amma bu işin də potensialı yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər