12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kiyevdə acınacaqlı vəziyyət: donmaq təhlükəsi ilə üzləşən 3 milyon insan köçürülə bilər
Tarix: 07-11-2022 12:11 | Bölmə: Slayd
Kiyevdə acınacaqlı vəziyyət: donmaq təhlükəsi ilə üzləşən 3 milyon insan köçürülə bilər

Rusiya ordusunun hədəfə aldığı Kiyev şəhərində yaşayış şəraiti İkinci Dünya Müharibəsi zamanı nasistlərin mühasirədə saxladığı Leninqrad (Stalinqrad) şəhərinin aqibəti ilə üzləşə bilər. Artıq bu barədə Ukrayna hakimiyyəti xəbərdarlıqlar edir.

Reyting.az
xatırladır ki, Rusiya Ukraynanı diz çökdürmək və yenidən nəzarətə götürmək üçün 255 gündür müharibə aparır. Belə bir vaxtda Ukraynanın paytaxtı Kiyevdə vəziyyət getdikcə daha da çətinləşir. Artıq Kiyev İkinci Dünya Müharibəsi illərində nasist Almaniyasının 872 günlük mühasirədə saxladığı Leninqradı xatırlatmağa başlayır.

Rusiya ordusu oktyabrın 10-dan etibarən Kiyevdə həyati vacib infrastrukturu raket və dronlarla məhv etdiyi üçün Ukrayna administrasiyası şəhərdən 3 milyon insanın köçürüləcəyi barədə danışır.

Məlumata görə, 4 milyon insanın yaşadığı Kiyev üçün kritik günlər noyabrın 15-dən sonra başlayacaq. Bu tarixdən etibarən Kiyevdə havanın temperaturu gündüz və gecə mənfi dərəcəyə enəcək.

Kiyev administrasiyasının təhlükəsizlik idarəsinin rəhbəri Roman Tkaçuk bildirib ki, şəhər tezliklə mülki əhalinin yaşaması üçün yararsız yerə çevriləcək.

Şəhərdə insanlıq faciəsinin artmağa başladığını vurğulayan Tkaçuk əlavə edib ki, artıq vəziyyət çox ağırdır:

“Düşmən bir ayda paytaxt Kiyevin infrastrukturunun 40 faiz dağıdıb. Xüsusilə transformatorpaylayıcı stansiyalara hücumlar şəhəri işıqsız, susuz, rabitəsiz qoyub. Təcavüzkar Rusiya isə infrastrukturu məhv etmək üçün hücumlarını davam etdirir. Qalan infrastruktur daha da zədələnərsə, kritik həddə çatana qədər 12 saat əvvəl Kiyev əhalisini “şəhəri tərk etməyə” çağırmalı olacağıq”.

Kiyevin meri Vitali Kliçko da şəhərdə vəziyyətin kritik olduğunu deyib:

“Rusiyanın infrastrukturumuza hücumları davam edərsə, şəhər tezliklə tamamilə işıqsız, susuz və istiliksiz qalacaq. Biz ehtiyat tədbirləri görürük. Minlərlə generator və onlar üçün lazımi yanacaq ehtiyatı saxlayırıq. Bir neçə ay üçün kifayət qədər ərzaq ehtiyatımız da var. Bununla belə, qarşıda bizi qaranlıq qış ayları gözləyir. Biz şəhərin bütün rayonlarında minə yaxın istiləşmə məntəqəsi yaradırıq ki, Kiyev sakinləri donub ölməsin. Evində isinə bilməyən insanlar bu yerlərə gələrək isinmək və isti bir şey içmək imkanı əldə edəcəklər. Gördüyümüz bütün tədbirlərə baxmayaraq, Kiyevdə vəziyyət dözülməz olarsa, hesab edirik ki, 3 milyon dinc sakin kənddəki qohumlarının yanına köçmək məcburiyyətində qala bilər”.

Onu da qeyd edək ki, İkinci Dünya Müharibəsi zamanı Leninqrad şəhəri mühasirəyə düşüb. Sovet İttifaqına müharibə elan edən nasist Almaniyası bu gün Sankt-Peterburq kimi tanınan Leninqrad şəhərini 8 sentyabr 1941-ci ildən 27 yanvar 1944-cü ilə qədər 872 günlük mühasirədə saxlayıb. Şaxtalı havalarda ac və susuz qalan Leninqradın minlərlə dinc sakini həyatını itirib.




Bölməyə aid digər xəbərlər