12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İrandakı etiraz aksiyaları inqilaba çevriləcək?
Tarix: 07-11-2022 15:19 | Bölmə: Slayd
İrandakı etiraz aksiyaları inqilaba çevriləcək?

“İran adlanan məmləkətdə baş verən etiraz aksiyaları iki aydır səngimir. Amma bu, etiraz aksiyalarıdır, inqilab deyil. İnsanlar İran rejiminə, molla hökumətinə etirazını ifadə edir. Ölkənin bütün əyalətləri bu etirazlara qoşulub. Etiraz aksiyalarının inqilaba çevrilməsi üçün isə əsnaf və tacirlər də prosesə qoşulmalıdır. Çünki dinamik hərakat bu təbəqədədir, onların təşkilatlanmış qurumları var. Tehran, Təbriz, İsfahan, Ərdəbildə bazar əhli bu prosesə qoşulsa, hərakat inqilaba doğru yön ala bilər”.

Bunu Reyting.az-a Azərbaycanın keçmiş təhsil naziri, türkoloq-alim Firudin Cəlilov İrandakı etiraz aksiyalarından danışarkən deyib.

Professor F. Cəlilov əlavə edib ki, İrandakı etiraz aksiyalarının inqilaba çevrilməsi proseslərin gedişatından asılıdır: “Molla rejimi indi kütləvi olaraq etirazçıları gülləbaran edə bilmir. Çünki etirazçılar insan haqlarına aid olan şüarlarla çıxış edirlər. Yəni çarşabın olmamasını, digər hüquqların təmin edilməsini istəyirlər. Bu, silahlı üsyan deyil ki, molla rejiminin əlinə bəhanə keçsin və insanları güllələsin. Əlbəttə, qarşıdurmalarda insanlar öldürülür. Qeyri-rəsmi məlumatlara görə, ölənlərin sayı 300-dən çoxdur. Amma molla rejimi hələ gözləyir. Elə ki, bu aksiyalar inqilaba çevrildi və qarşıdurmalar daha da sərtləşdi, bu zaman hadisələrin gedişatına baxmaq lazımdır. Məsələn, hökumət qurumlarında parçalanma olacaq, ya olmayacaq... Eləcə də İran ordusunda, mollalardan inqilab tərəfinə keçənlərin olub-olmaması da önəmlidir. Məncə, bu, hadisələrin gedişatında ortaya çıxa bilər”.

F. Cəlilov bildirib ki, İran dövlətçiliyi belə məqamlardan maksimum yararlanır, etiraz aksiyasına fərqli don geyindirmək və əhalinin müəyyən hissəsinin prosesdə iştirakını əngəlləməyə çalışır: “Məsələn, daxildə etirazlar gedir, amma mollalar xarici düşmən tapmaq və narazılıqları xaricə yönəltməyə cəhdlər edirlər”.

F. Cəlilov diqqətə çatdırıb ki, ABŞ prezidenti C. Baydenin seçki kampaniyası çərçivəsində “Biz İranı azad edəcəyik”,- deməsi böyük əks-sədaya səbəb olub. Professorun sözlərinə görə, əslində Baydenin çıxışında İran mövzusu olmayıb: “Mən Baydeni canlı yayımda izlədim. Adam seçkilərdən bəhs edir, sonra İran mövzusundan danışırdı. Görünür, yerdən replika atdılar, o da cavab verdi. Yəni onun replikasını ABŞ-ın dövlət siyasəti kimi təqdim etmək bir qədər şişirdilmiş formadır”.

F. Cəlilov sonda əlavə edib ki, indiki halda İranda etirazların davam etməsi və təşkilatlanmaya xüsusi diqqətin yetirilməsi vacibdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər