12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qərb nüvə müharibəsinə hazırlaşır
Tarix: 11-03-2023 20:21 | Bölmə: Slayd
Qərb nüvə müharibəsinə hazırlaşır

“Keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton ABŞ-ın nüvə başlıqlarının sayını kəskin şəkildə artırmalı olduğunu bəyan edib. Bolton Rusiya prezidenti Vladimir Putinin START-3 müqaviləsində iştirakını dayandırmaq qərarını “xeyir-bərəkət” adlandırıb. Çünki bu, nüvə silahlarının yaradılması ilə bağlı Vaşinqtonun hüquqi məhdudiyyətlərini aradan qaldırır”.

Bu sözləri Reyting.az-a Azərbaycan Kommunist Partiyasının rəhbəri Ədalət Abdinov deyib.

Onun sözlərinə görə, Amerika isteblişmentinin ən aqressiv planlarını səsləndirmək üçün son vaxtlar Boltondan istifadə olunur. Bu planlar arasında yeni nüvə silahı yarışının başlanması da var. “Bolton hərbi sənaye kompleksinin açıq lobbiçisi kimi çıxış edir. Bolton tezislərini əsaslandırmaq üçün deyir ki, Rusiya və Çin artıq praktik olaraq müttəfiqdirlər, ona görə də ABŞ-ın nüvə arsenalı onların ümumi arsenalından daha çox olmalıdır”, - Ə. Abdinov əlavə edib.

Partiya rəhbərinin fikrincə, Rusiya və Çinin döyüş başlıqlarını ümumiləşdirən Bolton Böyük Britaniya, Fransa və İsrailin nüvə arsenallarını nədənsə “unudur”. Amma bu üç nüvə dövlətinin hamısı ABŞ-ın müttəfiqidir. İngiltərə və Fransa NATO üzvləridir və İsrail NATO üzvü olmasa da, bu ölkələri hərbi müttəfiq edən müqavilələrlə də Vaşinqtonla bağlıdır.


Ə. Abdinov

Abdinov diqqətə çatdırıb ki, nüvə silahlarının sayı ilə bağlı məlumatlar açıq deyil: “Buna baxmayaraq, bir qayda olaraq, bir-birindən çox da fərqlənməyən ekspert qiymətləndirmələri var. Rəqəmlərin sırası məlumdur. Bu hesablamalara görə, hazırda Çinin 350-yə yaxın nüvə silahı var. Fransa təxminən 300, Böyük Britaniya 200-dən çox, İsrail təxminən 100 - birlikdə Çinin 350 nüvə silahına qarşı təxminən 600 - demək olar ki, bu da 2 dəfə çoxdur.

Beləliklə, Qərb nüvə arsenallarına görə Rusiya və Çindən üstündür. Amma bu üstünlük Qərb imperializmi üçün kifayət deyil, daha çox nüvə başlıqları istəyirlər. Qərb nüvə müharibəsini mümkün hesab edir və buna hazırlaşır. Ona görə də Rusiyanın xüsusi əməliyyatının ən mühüm vəzifələrindən biri Qərbin nüvə silahlarının Ukraynada - Moskvadan 500 kilometrdən az məsafədə görünməsinin qarşısını almaqdır”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər