12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ Gürcüstanda dövlət çevrilişi etmək istəyir?
Tarix: 13-03-2023 14:01 | Bölmə: Slayd
ABŞ Gürcüstanda dövlət çevrilişi etmək istəyir?

“Gürcüstanda baş verən son iğtişaşların “drijoru” ABŞ-dır. ABŞ marağında olduğu ölkədə çevriliş təşkil etməyə ciddi cəhd göstərir. ABŞ postsovet məkanında böyük oyunlar oynayır. Bu, onlar üçün vacib ərazidir, çünki Vaşinqtonun ən mühüm məqsədi keçmiş sovet respublikalarının vahid iqtisadi və siyasi qurumda yeni birləşməsinin qarşısını almaqdır”.

Belə bir iddianı Reyting.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının rəhbəri Ədalət Abdinov irəli sürüb.

Ə. Abdinovun sözlərinə görə, təsadüfi deyil ki, ABŞ-ın postsovet ölkələrində diplomatik nümayəndəlikləri çox böyükdür, burada minlərlə amerikalı diplomat çalışır, onların arasında, xüsusi xidmət orqanlarının çoxlu nümayəndələri də var:

“Digər mühüm alət Qərbdən maliyyə alan QHT-lərdir. Birləşmiş Ştatlar onlardan fəal şəkildə istifadə edərək, məsələn, Rusiyadakı vəziyyəti sabitsizləşdirməyə çalışırdı. 2020-ci ildə Belarusda dövlət çevrilişinə cəhddə QHT-lərin də böyük rolu olub”.

Partiya rəhbərinin iddiasına görə, Gürcüstan kimi kiçik dövlətlərdə əhalinin əhəmiyyətli hissəsi xarici QHT-lər tərəfindən dəstəklənə bilər ki, bu da xarici oyunçuların ölkədəki vəziyyətə təsiri üçün güclü rıçaqlar yaradır. Bu səbəbdən də o, xaricdən maliyyələşən QHT-lərə nəzarəti vacib sayır.

Abdinov xatırladıb ki, Gürcüstanda etirazlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentə daxil edilməsinə cavab olaraq başlayıb:

“Qanun yalnız xaricdən vəsaitin 20 faizdən çoxunu alan QHT-ləri bu faktı açıqlamağa məcbur etməli idi. Tamamilə rasional təşəbbüs: ölkə vətəndaşlarının bu və ya digər təşkilatın xarici təsir altında olduğunu bilmək hüququ var. Lakin Qərb dərhal bu qanun layihəsini “azadlığa hücum” kimi qiymətləndirdi. Açığı, söhbət Vaşinqtonun istənilən ölkədəki vəziyyəti manipulyasiya etmək azadlığından gedir, çünki bunun üçün ona xaricdən maliyyələşən QHT-lər lazımdır. Lakin ABŞ-ın özündə oxşar “Xarici agentlər haqqında” Qanun 1930-cu illərdən qüvvədədir. Amma Amerika nöqteyi-nəzərindən onların ölkəsi belə qanunlar qəbul edə bilər, digər ölkələr isə bunu edə bilməz”.

Abdinov diqqətə çatdırıb ki, Gürcüstanda qanun layihəsinə baxılması ləğv olunsa da, Tbilisidə iğtişaşlar bundan sonra da davam edib: “Etirazçıların yeni tələbləri parlamentin buraxılması və hökumətin istefasından başqa bir şey deyildi. Əgər bu tələblər qəbul edilsəydi, amerikapərəst prezident Salome Zurabişvili ölkədə faktiki olaraq yeganə güc olaraq qalacaqdı. Yeri gəlmişkən onu da qeyd edim ki, Zurabişvili hadisələri ABŞ-dan izləyirdi”.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər