Rusiya daha 3 ölkəyə hücuma hazırlaşır?
Tarix: 06-12-2023 15:36 | Bölmə: Xəbərlər
Rusiya daha 3 ölkəyə hücuma hazırlaşır?

Son vaxtlar tez-tez Rusiya prezidenti Vladimir Putinin SSRİ-ni bərpa etmək istəməsi ilə bağlı fikirlər səsləndirilir. Bundan başqa, “Taym” qəzeti yazır ki, NATO-nun Şərq cinahında yerləşən ölkələr Rusiyanın mümkün hücumuna hazırlıqlı olmalıdırlar. Bunun üçün onların 3 ay vaxtının olduğu qeyd edilir. Bildirilir ki, əsas hədəf Polşadır.

Prinsip etibarilə səslənən iddialar əsassız deyil. Nəşrin qeyd etdiyi kimi, NATO-nun Şərq cinahında yerləşən ölkələr, yəni Polşa, Litva, Estoniya, Latviya və Finlandiya son zamanlar Kremlin təhdid xarakterli ritorikalarına məruz qalır. Hətta Finlandiya tərəfi Rusiya ilə sərhəddə beton divar belə tikmək istəyir. Baltikyanı ölkələr isə ənənəvi olaraq bu təhdidlərlə üzləşir.

Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra adıçəkilən ölkələr Moskvanın real təhdidi altında idi. Hətta diqqət yetirsək, bu gün Ukraynaya ən çox yardım edən NATO-nun Şərq cinahında yerləşən ölkələrdir. Lakin Rusiyanın hədələri təhdid olmaqdan kənara çıxmayacaq.

Birincisi, Estoniya, Litva, Latviya, habelə Polşa və Finlandiya həm NATO, həm də Avropa İttifaqının üzvü olan ölkələrdir. Yəni bu ölkələrdən birinə hərbi müdaxilə Rusiya üçün ciddi fəlakətə səbəb olar. Bu, de-fakto Rusiya-NATO müharibəsinin başlanması deməkdir.

İkincisi, Rusiya Ukraynada kifayət qədər vaxt itirdi. Düzdür, Ukraynanın 20 faizi işğal edilsə də, Rusiyanın itkiləri də kifayət qədər çoxdur. Moskva Qərbin dəstəklədiyi Ukraynada qələbə qazana bilmədiyi halda NATO-nu qarşısına ala bilməz.

Nəticə etibarilə Rusiya Polşa, Latviya, Estoniyanı təhdid etsə də, onlara müharibə elan etməsi inandırıcı deyil.

Turan RZAYEV
Politoloq





Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb